155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV – BİR HƏDİS

      Share

      عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ، قَالَ: كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَنَظَرَ إِلَى القَمَرِ لَيْلَةً - يَعْنِي البَدْرَ - فَقَالَ: إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ، كَمَا تَرَوْنَ هَذَا القَمَرَ، لاَ تُضَامُّونَ فِي رُؤْيَتِهِ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا ، ثُمَّ قَرَأَ: {وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الغُرُوبِ}

                  Cərir ibn Abdullah belə nəql etmişdir: Biz bir gecə Rəsulullah (s.ə.s) ilə bərabər oturmuşduq. Rəsulullah (s.ə.s) bədirlənmiş (on dörd gecəlik) aya baxdı və: "Siz bu ayı heç bir çətinlik çəkmədən gördüyünüz kimi, Rəbbinizi də elə görəcəksiniz. Günəş doğmadan və batmadan öncəki namazların vaxtını qaçırmamaq öz əlinizdədirsə, qətiyyətlə vaxtını keçirmədən qılın!" - buyurdu və sonra bu ayəni oxudu: "Günəş doğmadan və batmadan öncə Rəbbini təsbih et". (Qaf, 50/39) (Buxari, Məvaqit, 16; Müslim, Məsacid, 37)

                  Tarix boyu müsəlmanlar arasında ən çox müzakirə edilən mövzulardan biri "röyətullah" mövzusu olmuşdur. "Röyətullah" - axirət günü arada hər hansı bir maneə olmadan qulun Rəbbini görməsi mənasına gəlir. Qurani-Kərimdə buna işarə edən bir ayə belədir: "O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır". (əl-Qiyamət, 75/22-23) Hədisdə Həzrət Peyğəmbər Allahın görünməsinin bədirlənmiş ayın açıq havada görünməsi qədər təmiz və aydın olacağına işarə etmişdir. Çünki bu halda ayı və günəşi görmək üçün insanların hər hansı bir yerə toplanmalarına və ya hansısa yüksək bir yerə çaxmalarına ehtiyac yoxdur.

      Bu mövzu üzərində aparılan əsas mübahisə təşbeh və təcsim anlayışı ilə bağlıdır. Çünki Allahın axirətdə görüləcəyini qəbul etməyən qruplar görülənin görülməsi üçün müəyyən bir məkana və müəyyən bir cismə sahib olması lazım gəldiyini irəli sürmüşlər. Lakin röyətullahı qəbul edənlər öncəliklə bu mövzu ilə əlaqəli ən az iyirmi səhabənin hədis rəvayət etdiyinə işarə edərək bu mövzudakı hədislərin mütəvatir dərəcəsinə çatdığına diqqət çəkmiş, digər tərəfdən də görmə məfhumunun axirətdə fərqli bir mənaya bürünəcəyini bildirərək görmənin keyfiyyəti haqqında hər hansı bir açıqlama verməmişlər. Yəni Allah insanın olduğu hər yerdən mahiyyəti naməlum bir şəkildə görüləcəkdir. (İbn Həcər, Fəthül-bari, XIII, 423)

                  Hədisdə üzərində durulan digər bir mövzu da günəşin çıxması və batmasından öncə qılınan sübh və əsr namazlarıdır. Hər iki namaz insanlara çətin gələn vaxtlarda qılınan namazlardır. Sübh namazı yaz-qış demədən insanın yuxudan qalxıb qılmasını tələb etdiyi halda, əsr namazı da insanın ən çox məşğul olduğu vaxtda qılınan bir namazdır. Bu iki namaz insanların ən çox ehmal etdikləri namazlar olduğuna görə Həzrət Peyğəmbər bu iki namaza xüsusilə diqqət çəkmişdir.

       

       

      • Hits: 90 clicks

      Tecox component by www.teglo.info