Yusif Hüseynov – İRƏLİYƏ GETMƏK

      Share

      Cəmiyyətimizin fərdlərinə, xüsusən də gənclərimizə dayanmadan təbliğ olunan bir çox şeylərdən biri də irəliyə getmək fikridir. Bu sözləri ətrafımızda tez-tez  eşidirik: “filankəs yüksək məcavibli işə girdi, irəli getdi”,

       “filankəs bu yaxınlarda yüksək bir vəzifəyə təyin olundu, qabağa getdi”, “filankəs özünə yeni şirkət qurdu, qabağa düşdü” və s. Görəsən, həqiqətən irəli getməyin meyarı nədir? Nə edək ki, irəli gedək, uğurlu olaq? Haradan və nədən başlayaq?

      Bir gün ali məktəbin coğrafiya fakültəsinin müəllimi tələbələrini Qazax rayonuna ekskursiyaya aparmaq qərarına gəlir. Məqsəd həm gəzinti, həm də bölgənin ərazi quruluşunu əyani şəkildə görməklə dərs keçmək idi. Tələbələr üçün avtobus da təşkil edilmişdi. Lakin Əhməd adlı tələbə ayrıca olaraq öz şəxsi avtomobili ilə getmək istədi. Müəllim onun ayrı getməsini istəmirdi, amma çox israr etdiyi üçün icazə verdi. Sübh tezdən avtobus yola düşdü. Avtomobilinin avtobusdan daha sürətli olduğunu düşündüyü üçün Əhməd avtobusla birlikdə yola düşməyə ehtiyac görmədi və “necə olsa, onlara çatacağam” deyərək bir neçə saat sonra təkbaşına yola çıxdı. O, Qazaxa heç vaxt getməmişdi və yolu da tanımırdı. Ona görə yolda səhvən Bakı-Qazax yolundan Zaqatala-Balakən istiqamətinə dönərək irəlilədi. Çox sürətlə irəliləyirdi ki, tələbə yoldaşlarına tez çatsın.

      Yolda müəllimi Əhmədə zəng edib vəziyyəti soruşdu. Əhməd hər şeyin qaydasında olduğunu və tezliklə onlara yetişəcəyini bildirdi. O, çox məmnun idi. Çünki çox sürətlə irəliləyirdi. Yol da rahat idi; maşın az idi. Tezliklə təyinat yerinə çatıb ekskursiyaya qatılmağı xəyal edirdi. Bir xeyli irəlilədikdən sonra müəllimi bir daha zəng edib: “Əhməd, necəsən? Biz artıq çatmışıq və rayon mərkəzindəyik. Səni gözləyirik”, - deyə məlumat verdi. Əhməd: “Oldu, müəllim, görüşərik”, - desə də, təəccübləndi. Axı o çox sürətlə gəlmişdi və rayon mərkəzinə  çatmadan öncə qrupa yetişməli idi. Artıq Zaqatalaya çatmışdı. Yolu tanımadığı üçün hələ nə qədər getməli olduğunu bilmirdi. Buna görə maşını saxlayıb yolu tanıyanlardan Qazaxa nə qədər məsafə qaldığını soruşdu. Elə onda səhv yoldan gəldiyini öyrəndi. Həyəcan, təəccüb və peşmançılıq hissləri bir-birini əvəz etməyə başladı içində. İndi necə olacaq? Qrupa necə yetişəcək? Qazaxa necə gedəcək? Yolu bilənlər izah etdilər ki, buradan Qazaxa kəsə yol yoxdur. Mütləq geriyə, yəni Bakı-Qazax şossesinə qayıdıb oradan yenidən Qazax istiqamətində irəliləməlidir. Bu son məlumat isə onun kefini lap korladı. Bir də bu qədər yolu geriyə qayıtmalı idi. İndi anladı ki, çox sürətlə yolda irəliləyərkən, əslində, geriyə gedirmiş, yəni qrupa yaxınlaşmaq əvəzinə getdikcə qrupdan uzaqlaşırmış. Bunları düşündükcə peşmançılıq hissi daha da artdı. Axı niyə müəlliminə qulaq asmadı? Qrupdan ayrı gəldi, buna görə də yolunu azdı. Amma çarə yox idi, kor-peşman o qədər yolu geriyə qayıtdı, Bakı-Qazax yoluna çatdıqdan sonra həmin yolla yenidən Qazaxa doğru irəlilədi.

      Əhmədin vəziyyətinə düşməmək üçün nə etməli? Həyatda getdiyimiz yolun, tutduğumuz istiqamətin  doğru olub-olmadığını necə müəyyən etməli? Ölçümüz, meyarımız nə olmalı?

      Hər şeydən öncə insan olaraq kimliyimizi təfəkkür edək. Axı biz hər şeydən öncə xəlq edilmiş bir insanıq. Müəllim olmadan əvvəl, həkim olmadan əvvəl, hakim olmadan əvvəl, işçi olmadan əvvəl, müdir olmadan əvvəl, valideyn olmadan əvvəl, övlad olmadan əvvəl insanıq axı biz. Özümüzə dönək, yaradılış qayəmizə baxaq. İlk və son mənzilimizi düşünək...

      Getdiyimiz yolda yaradılış məqsədimizə aid izlər axtaraq. Bunlar həyatda doğru istiqamət götürməyimiz üçün ölçülər olsun. Müqəddəs kitabımızda tərif edilən və: “Biz Allaha aidik və sonda Ona döndürüləcəyik” (əl-Bəqərə, 2/156), - deyərək hədəfini doğru müəyyən etmiş insanlar kimi.

      Hədəf doğru seçildikdən sonra ikinci işimiz hədəfə doğru gedən yolu doğru seçməkdir. Bu yolu da Rəbbimiz Ali İmran surəsinin 31-ci ayəsində bizə tərif edir, bu yolun mütləq Rəsulullahdan (s.ə.s) keçdiyini bildirir.

      Nəhayət, doğru yolda irəliləmək üçün vacib olan son şey yolu bilənlərlə yola çıxmaqdır. Bu şəxlsəri də Rəbbimiz bizə: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun” (əl-Ənbiya surəsi, 21/7), - deyərək göstərir.

      Bu üç şeydə: hədəfdə, yolda və yoldaşda seçimimizə diqqət edək. Bunlarda yanlışlıq yoxdursa, artıq yola düşmək olar. Əks halda hədəfə yaxınlaşmaq əvəzinə ondan uzaqlaşarıq, irəliyə getdiyimizi sandığımız halda geriyə getmiş olarıq. Yüksəldiyimizi düşünərkən əslində fərqinə varmadan sonu görünməyən çuxura yuvarlanarıq. Uğur hekayələri, karyera yüksəlişləri, vəzifə təyinatları, biznes uğurları bizi aldatmasın. Ayıq olaq. Bunların bizi hədəfimizə aparıb-aparmayacağını araşdıraq. İnsan olaraq həqiqi mənada irəliyə getmək Haqqa nə qədər yaxınlaşmağımızla ölçülür. Özümüzü, mahiyyətimizi, insan olduğumuzu unutmayaq. İnsan olaraq irəliləyə bilmədikdən sonra, yüksələ bilmədikdən sonra dünyəvi nailiyyətlərin nə əhəmiyyəti var?

       

      • Hits: 56 clicks

      Tecox component by www.teglo.info