Rəşad MANAFOV - İNSAN TANIMA SƏNƏTİ

      Share

      Rəbbimiz bizi bir-birimizi tanımağımız üçün fərqli qəbilə və soylara bölmüşdür (əl-Hucurat, 13). İnsan ilk öncə özünü, sonra da başqalarını tanımaq məcburiyyətindədir, çünki başqa insanlarla birgə ictimaiyyət içərisində yaşayan bir varlığıq. 

      O halda həm özümüzü, həm də başqalarını tanımaq üçün əlimizdə olan metod və qaydaları bilməyimiz lazımdır. Elə bu səbəbə görə də tarix boyunca alimlər insan tanıma metodologiyaları haqqında kitablar yazıb sistemlər ortaya çıxartmışlar. Bu gün dünyada şəxsiyyət tanıma və xarakter analizində ən çox qəbul görən iki sistem var: ENNEAQRAM və MBTI. Bu məqaləmizdə MBTI xarakter analizi haqqında giriş mahiyyətində qısaca məlumat vermək istəyirəm.

      Psixiatr Karl G. Jung (1875-1961) insanda sosial və asosial olaraq iki əsas istiqamət müəyyənləşdirmişdir. İsabel Myers və Katherine Briggs, Jungun təyin etdiyi bu adıkeçən şəxsiyyət növləri üzərində işləyərək onu sistemləşdirmiş və 16 fərqli şəxsiyyət növü təsbit etmişlər. Bu sistemə görə aşağıda verilmiş olan 8 hərf və bu hərflərin açıqlaması olan insan xarakterlərinin dördünü bir araya gətirərək bir kombinasiya qurulur (məsələn: ESTP, ISTP, ENTJ) və bu hərf birləşmələrindən 16 fərqli şəxsiyyət növü (MBTI insan xüsusiyyətləri) meydana çıxır. Sistemdə yer alan  şəxsiyyət növlərinin bilinməsi  həm fərdi inkişaf, öyrənmə, peşə və karyera, münaqişələrin həlli, iş məhsuldarlığının yaxşılaşdırılması və həmçinin hər bir fərdin ümumi olaraq həyat motivasiyasının yüksəldilməsi kimi bir çox sahələrdə çox sayda fayda təmin edir.

      MBTI şəxsiyyət fərqliliklərini təsvir etmək üçün aşağıdakı hərflərdən istifadə edilir. Hərflərlə yanaşı, hərflərin daşıdığı mənalara toxunmaq da yerində olacaqdır:  

      I (asosial) –  onlar öz enerjilərini iç dünyalarından  alırlar. Bu cür insanlar ilk olaraq düşünür, daha sonra danışırlar. Daxili və iç dünyalarındakı zehni proseslərlə daha yaxşı öyrənirlər. Hər hansı bir şey haqqında dərin düşünürlər və ətraflıca fikirləşirlər. Onlar yalnız özlərini maraqlandıran və vacib olan məsələlər haqqında təşəbbüskardır.

      E (sosial) –  bu cür insanlar xarici dünyadan enerji alırlar. İlk olaraq danışır, sonra düşünürlər. Söhbət və müzakirə edərək daha yaxşı öyrənir, hərəkət mərkəzli olub fəaliyyətə üstünlük verirlər. Onlar öz işlərində və şəxsi həyatlarında yenilikçi ideyalara və təşəbbüskarlıq göstərməyə can atırlar.

      S (hiss mərkəzli) –  real və konkret olan məsələləri sevirlər, spesifik və cəlbedici şeyləri asanlıqla görür və yadlarında saxlayırlar. Praktik şeylərə və reallığa önəm verirlər, verdikləri qərarlarda diqqətli olmağa çalışırlar. Təcrübə edərək nəzəriyyələri anlamağa çalışırlar və hər işdə təcrübəyə əsaslanmağa üstünlük verirlər.

      N (intuitiv/intuisiyaya əsaslanan) –  nəzəri və mücərrəd mövzuları sevirlər. Yaradıcıdırlar, qlobal və bütöv bir baxışla baxaraq hər hansı bir şeyi əmələ gətirən hissələr arasında əlaqələr qurmağa əhəmiyyət verirlər. Onlar gələcək imkanlara diqqət yetirir, hadisələr haqqında tez qərar qəbul edirlər. İlk öncə nəzəriyyələri anlamaq daha sonra tətbiq etmək istəyirlər. Bu qrupdakılar intuisiyaya güvənirlər.

      T (intellektual) –  hər seçimin/alternativin  məntiqi nəticələrini nəzərə alaraq qərar verirlər. Onlar obyektiv davranır, vəziyyəti və şərtləri təhlil edirlər. Səbəb və nəticə arasında məntiqə əsaslanmaq istəyirlər. Onlara görə ədalətli olmaq hər kəsə eyni və bərabər şəkildə davranmaqdır.

      F (emosional) – bu cür insanlar özləri və ətrafdakılar üçün vacib olanı diqqətə alır və ümumi dəyərlərə əsaslanaraq qərar verirlər. Ətrafdakı insanlarla birgə hərəkət edir və hər kəsə xeyir verməyə çalışırlar. Onlara görə, ədalətli olmaq hər kəsə fərdi olaraq davranmaqdır.

      J (hökm kəsən) –  bu kateqoriyada yer alanlar planlama işlərinə üstünlük verir, qeyri-müəyyənlikləri sevmirlər. Həyatı planlara uyğun olaraq idarə etmək istəyirlər. Sistemli və metodikdirlər. Son dəqiqələrdə dəyişiklikləri xoşlamırlar və hədəflənən nəticəyə çatmaq istəyirlər.

      P (qavrayan) –  çevik və spontandır (ani davranandır). Həyatı nəzarət altında saxlamaq yox, həyatı yaşamaq və anlamaq istəyirlər. Ətraflı dərin planları və qərarları həyat üçün məhdudlaşdırıcı amil olaraq görürlər. Dərhal dəyişə bilir və hər cür şəraitə uyğunlaşma mövzusunda yaxşıdırlar, onların diqqətləri nəticədən daha çox üsul, vasitə və prosesə yönəlmişdir.

      Müəyyən bir təşkilatda bu xarakter gruplarından hər birisinə aid ən az bir işçinin olması yaxşı olar. Çünki bir-birinə qarşı və təzad kimi görünən xarakterə sahib insanlar əslində bir-birini tamamlayırlar; hər birinin təşkilatı inkişaf etdirmək yolunda xüsusi bir töhfəsi ola bilər.

      Kimin nə cür xarakterə sahib bir insan olduğunu bu sahədəki xüsusi (MBTI) testlər vasitəsilə öyrənmək mümkündür. Özümüzü, nəfsimizi öyrəndikdən sonra başqalarının da xarakterini, vəsflərini anlamağın dövrümüzdə yaşadığımız mərhəmətsizlik, zülm, nifrət və bənzər mənfiliklərin hörmət, qayğı, sevgi və məhəbbətə çevrilməsi üçün bir vəsilə olacağına inanıram.

      Məqaləmi Yunus Əmrənin sözüylə bitirmək istəyirəm:

      Gəlin tanış olalım,

      İşi kolay qılalım.

      Sevəlim, seviləlim,

      Dünya kimsəyə qalmaz...

       

      • Hits: 97 clicks

      Tecox component by www.teglo.info