Əziz SULTANOV - QARA QAR

      Share

      Rayona gedirik; altımızda yumşaq oturacaqlı, isti maşın, qarşımızda şüşə kimi hamar, təzə salınmış asfalt. Bakıdan aralandıqca sanki şəhərin izdihamlı, hay-küylü, ağır, yorucu havası da arxada qalır.

       Təbiətin insan ruhuna gümrahlıq verən ab-havası maşın irəlilədikcə içinə çəkir, qoynunda səyahət edən yolçuları. Soyuq olmasına baxmayaraq, ara-sıra qapının şüşəsini aşağı salıb gözlərimizi yumur, sərin, amma təmiz olduğuna inandığımız havanı doyunca ciyərlərimizə çəkib dərin bir ah çəkirik, sanki, az da olsa, yüngülləşirik. Gözlərimizi yumaraq dağ havasını içimizə çəkməklə illər əvvələ qayıtmaq mümkün olsaydı, inanıram ki, bir çoxumuz yol boyu gözüyumulu səhayət edərdik. Amma mümkünmü?!.. Keçmişi qaytarmaq, olan-bitəni yenidən başlamaq, verdiyimiz nəfəsi ilk ankı təravəti ilə yenidən içimizə çəkmək mümkünmü?!.. Bu duyğular içində bizdən əvvəl neçələrini yola salmış, neçələrini də yola salacaq olan vüqarlı dağları seyr edə-edə aralarındakı dolanbaclı yollarla şütüməyə davam edirik.

      Yolun kənarındakı ağacların dibində yer-yer ağ ləkələr (!) görünməyə başlayanda üzümüzə doğma bir təbəssüm yayılır, gözlərimizin içi gülümsəyir. Sanki səhərin sərin havasından daha doğma, daha əziz xatirələr başımızın üstünü alıb duyğularımıza hücum çəkir. Maşını saxlayıb o ağacların arasında qorxusuz bir uşaq kimi dəlicəsinə qaçmaq, sürüşüb yıxılmaq, qalxıb özümüzü bir daha ağ qarın üstünə atmaq keçir cilovlana bilməyən könlümüzdən... Amma dur, bu o qar deyil ki!.. Xeyr, bu, mənim uşaqlıq xatirələrimi bəzəyən qar deyil!.. Bəlkə də, uşaqlıqda bunu görsəydim, “bu qar deyil ki! - deyərdim, - heç üstü qara da qar olar?” Niyə mənim xoş xatirələrimin arasına duz səpdin, ey qar? Ağappaq xatirələrim bir anda bulandı, toza-torpağa bulaşdı...

      İnsan həyatındakı dəyişikliklər, texniki və elmi inkişaf son əsrimizlə məhdud deyil. Biz özümüzdən əvvəlki əsrə nisbətən xeyli irəlilədik, bizdən əvvəlkilər onlardan əvvəlkilərdən, onlar da daha əvvəlkilərdən... İlk baltanın, ilk nizənin kəşfindən bu yana insan çox dəyişdi. Dəyişdi, nəhayət, özü ilə kifayətlənmədi, altına əskiksiz şəkildə hazırlanıb sərilən dünyanı da dəyişməyə başladı. Təkcə öz xeyrinə, təkcə insanlığın mənafeyi naminə dəyişsə, nə yaxşı! Amma o, öz zərərinə olduğunu bildiyi halda bir çox dəyişiklikləri etdi, etməyə də davam edir...

      Bəzən: “Niyə müsəlman aləmi elmi inkişafda geridə qaldı. Halbuki İslam dini elmə dəyər verir, inkişafa təşviq edir” deyərək xəcalət çəkirik. Amma dünyanın gedişatındakı təhlükəli manevrləri: kütləvi qırğın silahlarını, hava kirliliyini, su kirliliyini, torpağı məhv edən zəhərli tullantıları yaxından incələyib gələcəyimiz üçün törətdiyi təhlükəni nəzərə alanda: “Bir müsəlman Rəbbinin ona əmanət etdiyi bu gözəl dünyaya qarşı bunları edə bilərdimi?” – deyə düşünərək bu fəsadın müsəlmanların ayağına yazılmadığına sevinmək və Allaha sığınmaq keçir içimizdən.

      Artıq sürətli inkişaf o həddə çatdı ki, sanki qarşıdakı sıldırım qayaya doğru irəliləyən faytonun atlarını əlimizdən qəldiyi qədər qamçılayır, əcəlimizlə yarışırıq.

      Son günlərin gündəmimizi məşğul edən, bəzilərimizin təqdir etdiyi, bəzilərinin etirazla qarşıladığı məsələlərindən olan “sellofan torbaların qadağan olunması” haqqındakı təklif də bizim diqqətimizi təbiətin sürüklənməkdə olduğu çıxılmaz fəlakətə çəkməlidir, əslində. Kəşf etdik, işlətdik, çox faydasını gördük sellofanın – birdəfəlik polietilen torbanın. Bəs zərərləri necə, əlimizdən aldıqlarını geri qaytara biləcəyikmi? Təbiətdə ən yaxşı ehtimalla 500 il ərzində çürüyüb torpağa və ya dənizə qarışacağı təxmin edilən bir materialı dayanmadan işlədib ətrafa saçmağımız gələcəyimiz naminə nəyə xidmət edir? Növündən asılı olaraq bəzi plastik məhsulların isə təbiətdə həll olub torpağa qarışması üçün 1000 il tələb olunur.

      Bütün bu məlumatları bildiyimiz halda bu tullantıları təbiətə atıb, ona həvalə etməyimiz təkcə zəif quruluşa malik balıqları, qurbağaları, xırda həşəratları məhv etməklə kifayətlənir?

      Bu gülünc halımızla öz mindiyimiz gəmini – planetimizi məhv etməyə davam edirik.

      İlahi! Havanı kirlətmişik, torpağı kirlətmişik, suyu kirlətmişik, hər şey bir yana - qarı kirlətmişik!..

      Bir də utanmadan öz kirlərimizi də təmizləməsi üçün təbiətə həvalə edirik. Bu gün okeanların səthində üzən zibillər o həddə çatıb ki, onlar üzən yalançı adalar meydana gətiriblər. Halbuki ucsuz-bucaqsız dediyimiz okeanlar geniş kosmosun içində bir nöqtədən ibarət deyilmi?..

      Uşaq vaxtı məktəb kitablarında oturduğu ağac budağını mişarla kəsən adama baxıb gülərdik. Sən demə, o adam elə bizmişik!

      İnsan oğlu daxilində elə bir çılğın sel gücü daşıyır ki, onu cilovlamaq üçün nə dəmir zəncirlər, nə də beton sədlər tab gətirər. Öz rahatı, ehtiras dolu həvəsləri üçün dünyanın gələcəyini heç düşünmədən fəda edə bilər. Tək çarə şüurlanmaq, şüurlandırmaq, iman həssasiyyəti ilə ilahi əmanət məfhumunu qavramaqdır.

       

       

       

       

       

      • Hits: 71 clicks

      Tecox component by www.teglo.info