Mübariz ƏLİOĞLU - Can Hz. İbrahimə, bədən Hz. İsmayıla bənzər

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

       “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə (gözəl bir) borc versin, Rəbbi də onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu çox qiymətli bir mükafat (cənnət) gözləyir!” (əl-Hədid, 11)

       Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       Rəbbinə qulluq naminə yaradılmış insan övladının iman mücadiləsindəki uğuru ona canlı nümunə olan  səhabə toplumunun  təslimiyyət və itaət ənənəsindən yararlanma bacarığından çox asılıdır. Həqiqətən də, bu şanlı toplumun qulluq mücadiləsində Rəblərinə borc olaraq təqdim etdikləri karlı ticarətləri ümmətin qiyamətə kimi uzanan imtahan çırpıntılarını qurtuluş cığırına ilahi iznlə yönəltmiş və yönəltməyə davam etməkdədir. Pakistanlı gənc ananın hekayəsi bu məqamları daha qabarıq hiss etməyə və yaşamağa təşviq edən bir səadət nümunəsidir:

       XIX əsrin əvvəllərində islam aləmini bürümüş olan tənəzzül kabusu yer üzərində həqiqi ədaləti təmin edə biləcək bir inanc sisteminin aradan qalxması təhlükəsini zirvəyə çıxartmışdı. Trablusqarp (bugünkü Liviyanın paytaxtı) işğal edilmış, Fələstin Osmanlıdan qoparılmışdı. Balkan yarımadası əldən getmişdi. Çanaqqala keçilmiş, hətta düşmən qüvvələri İstanbula daxil olmuşdu. Ümmətin qan ağladığı bu tale yüklü anlarda körpəsini əmizdirən ananın qəlbi titrəyişləri bir amala xidmət üzərində cəmlənmişdi:

      “Ya Rəbbi, bu çarəsiz halımla haqq dininin ayaqda qalmasına necə yardım edə bilərəm? Ümmətə yardım üçün verəcəyim qiymətli bir şeyim yoxdur. Ya Rəbbi, ümmətin zülmlə parçalanmış bütövlüyünə məlhəm olacaq, maldan və candan qoparılacaq sədaqət borcunu verməyi bu ümidsiz quluna müyəssər eylə!”

      Bu fikirlərlə körpəsini bağrına basan ana çarəsizliyin ona yaşatdığı acı ilə baş-başa qaldı. Bu içdən gələn səmimi duyğular göyləri titrətmişdi ki, yuxusunda imdadına göndərilən piri-fani bir ağsaqqal, ananın könül aləmini müstəsna bir fədakarlıq ticarətinə dəvət üçün mərifət nuru ilə suvarmağa başladı:

      “Qızım! Ümmətin parça-parça edildiyi bu ağır zamanda əhli-beyt və səhabə nəslinin qətiyyət timsalı olan, maldan və candan veriləcək bir qurtuluş qurbanına hazırsanmı?”

      “Əfəndim, sahib olduğum qiymətli bir şeyim yoxdur. Bir də ki, onların bu fədakarlığının ölçüsü və qaynağı nədir axı?”- deyə təəccübünü gizlətməyən anaya haqq və ədalət dinini yenidən diriltmə və Haqqa qulluq naminə sahib olduqları hər şeyini, hətta canını belə fəda edən haqq ərlərinin  mənəvi kimliyini açıqlayan  piri-fani bunları söylədi:

      “Övladım! Rəblərinə can-könüldən bağlanmış bu igidlər ümmətin inlədiyi dərd məkanlarını özlərinə  yurd etmişlər. Mənliklərindən sıyrılan və Haqq naminə fədakarlığa qatlanan, birlik əhli olan kişilər məhz onlardır. Övladım, bu kainat Yaradanın qüdrət əli ilə qurulmuş, min bir naxışla bəzədilmiş fani bir iqamətgahdır. Bizim üçün əsil davamlı olan nemətlər əbədi olan iqamətgaha, yəni sonsuz həyata götürə biləcəyimiz gözəlliklərdir. Ona görə də səmimi-qəlbdən “Allahu Əkbər” de və səni əbədi gözəlliklərdən pərdələyən o uğursuz nəfsin başını kəs. Kəs ki, canın məhv olmaqdan qurtulsun. Unutma, övladım, can Hz. İbrahimə, bədən də Hz. İsmayıla bənzər...”

       Ana hövlənk yuxudan oyandı. Həyəcanından titrəyən dodaqları yuxusunda eşitdiyi son cümləni qeyri-ixtiyari təkrarlamaqda idi: “Can Hz. İbrahimə, bədən də Hz. İsmayıla bənzər....”  

       Səhər tezdən Lahor şəhər meydanında böyük bir insan kütləsi toplaşmışdı. Lahor sakinləri ümmətin qəlbi olan Osmanlının və onun dirəyi olan Məhmədciyin imdadına yetişək şüarı ilə əllərində, üstlərində, evlərində nə varsa çıxarıb verirdilər. Danışmaq üçün kürsü də hazırlanmışdı. O anda baxışların yoğun müşayiəti ilə Pakistanın və Şərqin ən böyük şairi Məhəmməd İqbal kürsüyə yaxınlaşdı. Gənc ana da qəlbinin meyvəsi olan övladı ilə orada idi. Məhəmməd İqbal bunları söylədi:

      "Ey insanlar! Bu dəqiqə mən Hz. Peyğəmbəri (s.ə.s) qarşımda görürəm. İstərsəniz siz də elə qəbul edin. Mənə deyir ki: “İqbal həkim, mənə nə gətirdin?” Mən də deyirəm ki:“Sultanım! Sultanlar gədələrdən nə hədiyyə gözləyər ki?! Əsrlər var ki, Sənə verəcək hədiyyəmiz olmadı. Sultanım, Sizə elə bir şey gətirdim ki, bu, Cənnətdə belə tayı-bərabəri olmayan bir şüşə qandır. Bu Sənin ümmətinin namusudur, şərəfidir, vicdanıdır. Bu Trablusqarpda, Çanaqqalada şəhid olan Məhmədciyin qanıdır!..”

      Məhəmməd İqbal söylədiyi ifadələrin təsirindən kürsüyə sığınaraq hərəkətsiz qalır. Gənc ana isə gedişatın təsirindən inanılmaz bir sarsıntı və ilham arasında vurnuxarkən o gecə yuxusunda gördüyü piri-faninin son sözlərini xatırlayır və ilham qanadlarında ona təqdim edilən bu fürsəti anında dəyərləndirir, övladını havaya qaldıraraq camaata yönəlir:

      “Ey insanlar! İbrahim misalı bu canımla İsmayıl misalı bu körpə bədəni canımdan qopararaq  ümmət naminə qurban edirəm! Övladımı satın alacaq varmı? Ona görə alacağım pulları ümmətin vicdanı, qeyrəti, namusu naminə ölüm-dirim savaşı verən Məhmədciyə, Anadoluya göndərəcəyəm!” 

       Uca Allah (c.c) sırf Onun rizası üçün təqdim edilən bu müstəsna borclara, candan verilən  könüllü  infaq əsərlərinə və ümmətin əbədi qurtuluşu naminə çəkilən bütün zəhmətlərə bərəkət ehsan eyləsin. Amin!   

       

      • Hits: 69 clicks

      Tecox component by www.teglo.info