Həzi ASLANOV - KLEPTOMANIYA NƏDİR?

      Share

      Xalq arasında “oğurluq xəstəliyi” olaraq bilinən kleptomaniya heç bir ehtiyacı olmadığı, istifadə etməyəcəyi halda və satma düşüncəsi də olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, oğurlamaq şəklində meydana çıxan bir impuls nəzarət pozğunluğudur...

      Kleptomaniya “zəngin xəstəliyi” olaraq da bilinir. Heç bir ehtiyacı olmadığı halda getdiyi yerlərdən nəsə oğurlayan insanlara, yəqin ki, siz də rast gəlmisiniz. Əksər halda oğurlanan şeylər maddi dəyəri olmayan kiçik şeylərdir. Şəxs maddi imkanı olduğu halda məhz oğurlama impulsu səbəbilə oğurluq edər. İmpuls nəzarətini itirmiş bu şəxs özünü bir şeyi oğurlamaq məcburiyyətində hiss edər. Çünki oğurlamasa, bu, onda narahatçılıq hissi yaradar. Oğurluq üçün heç bir plan hazırlamazlar və bu davranışlar ən çox alış-veriş zamanı baş verər.

      Bu kimi şəxslər xəstəliklərinin fərqindədirlər. Lakin özlərini saxlaya bilmədikləri bir vəsvəsənin əsiri olmuşlar. Oğurluğa hazırlanarkən gərginlik keçirsələr də, oğurluqdan sonra özlərini rahat və sakit hiss edərlər.

      Biz burada bu kimi halların, impuls pozuqluğunun yaranmasının ən başda gələn səbəblərindən birindən bəhs etməyə çalışacağıq. Kleptomaniya əksər hallarda uşaqlıq dövründən başlayır.

      Bir psixoloq tanışım kleptomaniyanın “sevgi yetərsizliyinin” nəticəsi olaraq ortaya çıxdığını deyir. Bu xəstəliyin psixodinamikasında stress, hüzursuz çevrə, ailədaxili münasibətlər və ən önəmlisi də ailəsindən kifayət qədər görmədiyi sevgi yatmaqdadır. Qeyri-iradi bu kimi davranışlara təşəbbüs edənlər, ümumiyyətlə, ailəsini insanlar arasında kiçik düşürərək onlardan intiqam almağa çalışarlar. Yetər miqdarda ailəsindən sevgi və maraq görməyən uşaqlar, qonaq getdikləri yerdə digər uşaqların oyuncaqlarını, məktəbdə heç ehtiyacı olmadığı halda sinif yoldaşlarının dəftər, qələm və pozanını oğurlayaraq öz aləmlərində intiqam aldıqlarını düşünərlər.

      Məktəb yoldaşlarının əşyalarını oğurlayan bir uşaqla aparılan psixoloq söhbəti bu şəkildə olmuşdur və kleptomaniyanın yaranma səbəbini çox açıq formada izah etməkdədir. Uşaq bu hərəkətini ata-anasından intiqam almaq üçün etdiyini söyləyir və belə davam edir:

      “Məktəbdən evə gəldiyimdə anamı evdə tapa bilmirəm. Anam evə gəldikdə baxışları ilə məni günahlandırır. Evdə mənimlə maraqlanmamaqdadır. Acdığımı söylədikdə ya öynə vaxtının hələ olmadığını söyləyir, yaxud da soyuducunu göstərir. İşi-gücü serial izləmək və qonşu qadınlarla söhbət etməkdir.

      Atamın isə varlığı ilə yoxluğu bilinmir. Evdə olduğu vaxt sanki mən yoxammış kimi davranır. Onun üçün əsas olan işidir. Düzdür, məndən pula ehtiyacım olub-olmadığını soruşur. Ancaq mənim ondan istədiyim və gözlədiyim pul deyil. Mənim ehtiyacım onlardan sevgi və maraq görməyimdir.

      Mən də ata-anamdan mənə göstərmədikləri maraq və sevginin intiqamını ancaq “filankəsin uşağı oğurluq etdi” dedirdərək almaqdayam. Əslində, etdiyim iş doğru bir iş deyil, bunu bilirəm. Ancaq özümü bunu etməyə məcbur hiss edirəm”.

      Psixoloq: “Bəs ilk oğurluğu nə zaman və necə etdin?” - deyə soruşduqda: “Mətbəxdən anamın bişirdiyi kökələri oğurlayaraq”, - cavabını verdi.

      Məşhur psixoloqlardan birinin bu sözü də bunu təsdiqləməkdədir: “Sevgi yetərsizliyi olan uşaqlarda icəzəsiz bir şeyi alıb yemək, oğurluq, yalan danışmaq və şirin şeylərə meyillilik artar”.

      Yuxarıda bəhsi keçən hadisə kleptomaniyanın yaranma səbəblərini çox açıq şəkildə izah etməkdədir.

      Əziz valideynlər! Uşaqların sizdən yemək, geyim-kecim, oyuncaq və s. istəmələri və sizin də bunu təmin etməniz onların hər ehtiyacını gördüyünüz mənasına gəlməz. Uşaqlar ən başda sizdən maraq və sevgi gözləməkdədirlər. Bəlkə də, izlədiyiniz verilişi, filmi, gedəcəyiniz qonaqlığı, dostlarınızla çay içməyi təxirə sala bilərsiniz.  Ancaq uşaq tərbiyəsi təxirəsalınmaz və əsla ehmal edilməyəcək məsələdir. Uşaq sizin ola bilər, amma sabah o, bu cəmiyyətin bir fərdi olacaq və unutmayaq ki, eyni gəminin yolçularıyıq. Hər hansı birimizin yanlışı gəmini batıra bilər.

      Sağlam, möhkəm və pak dəyərlərə söykənən bir gələcək naminə uşaqlarımzı ehmal etməyək. O uşaqlar ki, həm Allahın bizə əmanətidir, həm də dünya və axirət aqibətimizi müəyyən edən imtahanımızdır.

       

       

       

      • Hits: 74 clicks

      Tecox component by www.teglo.info