155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz SULTANOV - XEYİRLİ ƏNƏNƏ - MÖVLUD

      Share

      “Kim xeyirli bir işi başladarsa, o iş davam etdiyi müddətdə ilk başladana da savab yazılar.

      Kim də şər bir işi başladarsa, o iş davam etdiyi müddətdə ilk başladana da günah yazılar”.

      Həzrət Peyğəmbərin (s.ə.s) bildirdiyi bu gözəl prinsiplər tarix boyu İslam aləmini inkişafa, elmə, irfana təşviq etmiş, Allah yolundakı səylərini artırmaq baxımından onlara yol göstərmişdir. Bu uğurda alimlərimiz mütərəqqi fikirlər ortaya qoymağa çalışmış, hər biri həyatını ölümündən sonrası üçün həmişəlik sədəqə olacaq xeyirli bir işin başlanğıcına həsr etmişdir. Bütün bunları edərkən də yenə Həzrət Peyğəmbərin: “Din barəsində sonradan edilən hər yenilik (bidət) zəlalətdir, hər zəlalət də cəhənnəmlikdir” xəbərdarlığını göz önündə tutaraq məsələyə çox həssas yanaşmış, dinin əsaslarında bir dəyişikliyə yol vermədən faydalı elm, xeyirli əməl axtarışında olmuşlar.  

      Həzrət Peyğəmbərin sünnəsi o qədər geniş bir çərçivəni əhatə edir ki, bəzən bir insanın ömrü bütün bu sünnələri həyata keçirməsi üçün kifayət etmir. Məsələn, həyatı boyu həccə gedə bilməyən bir müsəlman Onun həcc əsnasında işlədiyi sünnələri təkrarlaya bilməz. Yaxud evli olmayan biri Onun ailə münasibətlərindəki sünnələrini tətbiq edə bilməz. Sünnənin bu çox geniş əhatəsini müəyyən periodlarla təkrarlayaraq müsəlmanların həyat tərzinə həkk etmək istəyən İslam öndərləri bu yolda bəzi qərarlar vermək məcburiyyətində qalmışlar. Məsələn, təravih namazı; ilk başda bir-iki dəfə məsciddə qılınsa da, daha sonra Peyğəmbərimiz bu namazın evlərdə qılınmasına qərar vermişdi. Bu hal Həzrət Ömərin xəlifəliyi dövrünə qədər beləcə davam etdi. Həzrət Ömər təravih namazının artıq insanlar tərəfindən laqeyd yanaşılan bir ibadət halına gəldiyini gördüyü zaman bu ibadətin miqdarının və yerinə yetirilmə şəklinin yaddaşlardan itməməsi üçün onu cəm halda, məsciddə camaatla qılmağa göstəriş verdi. Həzrət Ömərin başlatdığı bu yenilik digər səhabələr tərəfindən də məqbul hesab olunmuş, sünnənin yaşadılması naminə xeyirli bir əməl sayılmışdır. Evlərdə təkbaşına icra olunan bir ibadətin məsciddə camaatla yerinə yetirilməsi mənfi mənada bir bidət sayılmamışdır.

      Bənzər bir misal olaraq namazdan sonrakı “33 təsbihat” məsələsini də göstərə bilərik. İnsanların fərz namazlarını qılan kimi pərakəndə halda digər sünnələri tərk edərək çıxıb getdiklərini görən alimlər sünnələrin də məsciddə yerinə yetirilməsi, unudulub tərk edilməməsi üçün bunu müəzzinlə bərabər, camaatla yerinə yetirməyə icazə vermişlər. Bir çox təriqətlərin yaranması, şeyxlərin, təkyə və zaviyələrin ortaya çıxması da zikr və gecə ibadətləri ilə bağlı sünnələrin yaşadılmasına xidmət göstərmişdir. Bunlar dində yenilik deyil, sünnənin daha çox həyata keçirilməsi səyləri olmuşdur.

      İnsan unutmağa meyilli bir varlıqdır. Bir çox insan namaz qıldığı halda dinin əksər elmindən xəbərsiz yaşamaqdadır. Həzrət Muhammədin (s.ə.s) həyatı da buna daxildir. Nizamlı şəkildə dini təhsil alanları bir kənara qoysaq, aramızda neçə nəfər vaxt ayırıb Peyğəmbərimizin həyatı haqda kitab oxuyar? Ətrafımızda yaşayan, yaxud gündəlik həyatımızda yol boyu qarşılaşdığımız, müsəlman olduğu halda dinindən xəbərsiz kütlələri də nəzərə alaraq bu sualı necə cavablandırardıq? Bu insanlara dinini, peyğəmbərini kim, necə, nə vaxt başa salacaq?

      Bu suallar Həzrət Peyğəmbərin və mümtaz əshabının vəfatından sonra İslam alimlərini də narahat etmişdir. Çünki iş-güc ilə məşğul olan hər bir kəsin dini elmlərə ayırmaq üçün kifayət qədər vaxtı olmaya bilər. Məsələn, bu məqsədlə bir çox məscidlərdə cümə namazından əvvəl moizələr oxunmağa, namaza gələnlərə din barəsində ətraflı məlumat verilməyə çalışılmışdır. Bəs namaza gəlməyənlər necə olsun?

      Bu mənada İslamın ilk əsrlərindən etibarən gözəl bir ənənə başlamışdır: hər il Həzrət Muhammədin xatırlanması məqsədi ilə “mövlud” tədbiri keçirmək. Mövlud kəlməsi məna etibarilə “anadan olmaq” deməkdir. Həzrət Muhammədin dünyaya gəlişini, onun həyatını, həyatı boyunca yaşadıqlarını anladan, xatırladan hər tədbirə, hər yığıncağa “mövlud” proqramı deyə bilərik.

      İnsanların sıxılmadan, bezmədən qulaq asmaları üçün bir çox ədiblər Peyğəmbərimizin həyatını nəzm halında vəsf etmiş, bir-birindən gözəl əsərlər ortaya qoymuşlar. Bunlar arasında xalq tərəfindən ən çox bəyənilənlər dildən-dilə yayılmış, əsrlər boyu təkrarlanaraq oxunmağa davam etmişdir.

      Bölgələrimizdə ənənəvi olaraq oxunan Süleyman Çələbi Mövludu da eyni məqsədlə qələmə alınmış, xalqın şifahi və yazılı yaddaşında öz yerini tutmuşdur. Xüsusilə sovet dövründə xalq arasında Həzrət Muhammədin, ailə fərdlərinin, peyğəmbərliyinin, cənnət-cəhənnəmin, iman əsaslarının xatırlanmasında, yaddaşlardan silinə bilməməsində mövludun böyük rolu olmuşdur. Əgər mövlud mətnini diqqətlə oxuyub incələsək, görərik ki, orada dinə zərər verəcək, əqidəni dəyişəcək, dində yenilik gətirəcək heç bir ifadə yoxdur. Hər bölməsi həm Peyğəmbərimizi anladan, həm də dinin buyruqlarını açıqlayan ifadələrdən ibarətdir. Dinin ən mühüm əsaslarından biri olan Həzrət Muhammədin həyatını bir məclisə cəm olaraq toplu halda xatırlamaq, onun əziz ruhuna dualar etmək, salavatlar gətirmək isə nəinki dinə yenilik gətirmək, əksinə, dinin var olan tələblərini yerinə yetirmək və təkrarlamaqdan ibarətdir.

       

      • Hits: 94 clicks

      Tecox component by www.teglo.info