Natiq ƏHMƏDOV - KAİNAT KİTABI

      Share

      Uzun illər əvvəl əlimə ulduzlardan, güllərdən, təbiətdən bəhs edən  köhnə bir  kitab keçmişdi. Üst və alt qabığı cırılmış, kiril əlifbası ilə yazılmış, vərəqləri saralmış bir kitab.

       Lakin maraqlı kitaba bənzəyirdi və oxuduqca özünə cəlb edirdi insanı. Müəllifin axıcı və  özünəxas anlatım tərzi var idi. Gecələr ulduzların göllərin üzərində bərq vurmasından, sakit çöllərdə qızmar günəş altında güllərə qonan bəzəkli kəpənəklərdən, soyuqda balaca körpəsini soyuqdan qoruyan sincabın şəfqətindən bəhs edirdi.

      Ancaq dediyim kimi, kitabın üzü olmadığından müəllif haqqında heç bir məlumat yox idi. İlk dəfə yazarının kim olduğunu bilmədən bir kitab oxuyurdum və bunun nə qədər qəribə bir hiss olduğunu o zaman anladım. Müəllifi tanımaq istəyim kitabı oxuduqca daha da artırdı.

      Bu duyğularla müəllifini əsla bilmədiyim bu kitabı oxudum, bitirdim. Vaxt keçdikcə bir rəsmin rəssamını, bir şeirin şairini, bir musiqinin bəstəkarını axtardığım kimi, gecələri göy üzünə baxdığımda ulduzları oraya naxış-naxış düzəni, onları nəhayətsiz kəhkəşanda ipsiz, dirəksiz və düşmədən tutanı da axtardım.

      Gecənin gündüzlə yer dəyişdirəni, qapqaranlıq gecədən süd kimi ağ səhəri çıxaranı, səssizcə və comərdcə üzərimizə doğan günəşi bizimçün həm bir işıq, həm də istilik mənbəyi edəni düşündüm.

      Payızda yağış yağdıqca, yağışı artaraq deyil, damla-damla, şəfqətlə  göndərəni; qışda üzərimə hər biri fərqli qar dənələri düşəndə isə onu səssizcə yağdıranı axtardı gözlərim.

      Güzgüyə baxarkən üzümü kimsənin üzünə bənzətməyəni, səsimi başqalarından fərqli edəni, varlığımı yoxluğumdan üstün tutaraq mənə dəyər verəni tanımaq istədim.

      Rəngbərəng quşların, kəpənəklərin üzərindəki naxışları, həşəratların səslərini hiss etdiyimdə, bir damla bal üçün səhərdən axşamacan dolaşan arıları gördükcə, bu zəhərli iynəli böcəkləri belə şirin bir işdə çalışdıranı heyrətlə axtardım.

      Bütün bunlar təsadüf idimi?

      Xeyr!  Üstəlik bunun kimi neçə-neçə ağlımın almadığı, möhtəşəm və həssas şəkildə hesablanmış, zərif cizgilərlə dizayn edilmiş möcüzələrin heç birinin özbaşına, təsadüfən ortaya çıxması mümkün deyildi.

      Daşların bağrına düzdün cövhəri,

      Rənglərlə boyadın hər bir gövhəri.

      İstidən, soyuqdan, qurudan, yaşdan,

      Yaratdın nə gözəl, səfalı cahan.

      Nə gözəl naxışlar vurdun xilqətə,

      Ağıllar heyrandır bu məharətə.

      - deyən dahi şairimiz Nizaminin, eyni zamanda, coğrafiya, astronomiya, riyaziyyat kitablarının əslində nə demək istədiklərinin fərqinə vardım.

      Heç nə təsadüfi deyil!

      Necə ki bu jurnal, bu yazı, hətta buradakı bir hərfin belə öz-özünə yazılması mümkün deyilsə, necə ki səslərin özbaşına birləşib musiqi düzəltməsi mümkün deyilsə, bir evin özbaşına tikilməsi mümkünsüzdürsə, deməli, kainatda hər hansı bir şeyin təsadüfən var olması da mümkün deyil.

      Uzun illər əvvəl, əlimə ulduzlardan, güllərdən, təbiətdən bəhs edən  köhnə bir  kitab keçmişdi. Üst və alt qabığı cırılmış, kiril əlifbası ilə yazılmış, vərəqləri saralmış bir kitab. Gecələr ulduzların göllərin üzərində bərq vurmasından, sakit çöllərdə qızmar günəş altında güllərə qonan bəzəkli kəpənəklərdən, soyuqda balaca körpəsini soyuqdan qoruyan sincabın şəfqətindən bəhs edirdi.

       Nə üçün yaradıldığımı da o günlərdə anlamağa başladım.

       

      • Hits: 155 clicks

      Tecox component by www.teglo.info