Tehran ABDURRAHİMOV - GƏLƏCƏYƏ NƏ QƏDƏR HAZIRIQ?

      Share

      “Uşaqlarınızı indiki deyil, onların yaşayacağı zamana görə yetişdirin!” (Hz. Əli)

      “Ən böyük uğur zamanı gəldiyi an hazır olmaqdır”. (Benjamin Dizraeli)

      Bu iki deyimin fəlsəfəsinə sahib olan cəmiyyətin çox böyük bir gələcək vəd etdiyini, çox böyük şəxsiyyətlər yetişdirəcəyini demək heç də yanlış olmayacaq. Çünki bu deyimlərin içində ömür boyu öyrənmək, daima özünü inkişaf etdirmək və bunu gələcək zamanın tələblərinə uyğun şəkildə həyata keçirmək var.

      Hər şey maddi amillərlə ölçülmür, doğrudur, mənəviyyat da vacibdir. Ancaq müasir dünyada ən güclü olmasaq belə, ən azından zəif də olmamalıyıq. Çünki zəiflərə nə dinini, nə də mənəviyyatını yaşamağa imkan verilir. Bunun üçün maddi amillər də diqqətə alınmalı və güclü bir iqtisadiyyata sahib olmalıyıq. Bu baxımdan fərqli yanaşmaların olduğu bilinməkdədir. Bəzi insanlar bütün dəyişikliklərin yuxarıdan aşağıya, bəzi qruplar isə aşağıdan yuxarıya olmalı olduğunu deyir. Təbii ki, burada ölkələrin yerləşdiyi coğrafi bölgə, tarixi, mədəni, dini kodlar da çox əhəmiyyətlidir. Bütün ölkələrin inkişafı üçün eyni planlar işə yaramaya bilər. Bu yazı daha çox aşağıdan yuxarıya bir dəyişiklik haqqında olacaq. Yəni biz – sıravi vətəndaşlar – gələcəyimiz və bu gələcəyə hazırlıq üçün nə edə bilərik?

      Artıq biz fərqində olmasaq, bunu cəmiyyət olaraq yaşaya bilməsək belə, “dördüncü sənaye inqilabı” (!) deyimləri, bu haqda fikirlər, layihələr, ölkələrin planları müzakirə edilməkdədir. Bu da məlumdur ki, hal-hazırda ölkəmizdə və dünyada var olan peşələrin böyük bir qismi on illər sonra artıq tarixin tozlu səhifələrinə qarışacaq. Növbəti sənaye inqilabına hazırlaşan və cəmiyyətlərini də bu istiqamətdə hazırlayan ölkələr yeni nəsilləri çox fərqli bir dövr üçün yetişdirməyə çalışır. Təhsil sistemləri dəyişir, uşaqlar kiçik yaşlarında bizim üçün çox qeyri-adi və bir məna verə bilmədiyimiz kurslar, işlər, dərslərlə məşğul olur. Biz isə hələ də klassik metodlarla, daha çox əzbərə əsaslanan bir sistemlə gənc nəslə təhsil verdiyimizi düşünürük. Mirzə Ələkbər Sabirin də dediyi kimi, “iş görəcək yerdə, söz əzbərlərik”.

      İlk olaraq gənc nəslin ən azından iki xarici dil öyrənməsini kiçik yaşlarından təmin etməyimiz yaxşı olar. Çünki irəlidəki illərdə bu cür fəaliyyətlərə nə zaman, nə də enerji və həvəs qalır. Bilmək lazımdır ki, bir-iki əsr əvvəl yazıb oxuya bilmək elə bu gün akademik səviyyədə ingiliscə bilməklə eyni mənaya gəlirdi. Acı da olsa, həqiqət budur. Dünyada baş verən bu qədər yeniliyi, sürətlə baş verən dəyişiklikləri anlamağın tək yolu bu dildir. Hətta bu halda belə geri qalırıq. Misal üçün, ABŞ-ın Harvard Universitetində bu ay dərc olunan bir elmi yeniliyi ingiliscə oxuyub seviniriksə (ki, bu hal-hazırda bizim üçün bir uğur sayıla bilər), bunu da bilməliyik ki, o akademik məqaləyə gedən yollar beş, bəzən də on illər çəkir. Dolayısı ilə, əslində o zaman belə gecikmiş (!) sayılırıq.

      Müasir dünyanın ikinci bir dili – kodlar, şifrələr. Artıq kompüter, proqramlar (sahələrə görə dəyişir), kodlamalar (heç olmazsa təməl biliklər, ən vacib olanı budur) kimi mövzulardan uzaq olan gənclər, təəssüf ki, itirilmiş bir nəsil və dolayısıyla, itirilmiş bir gələcək mənasına gəlir. Dünya süni intellekt, sürücüsüz nəqliyyat, planetlərarası həyat və kaloniyalardan danışarkən, bizim də bu müzakirələrə ən azından, heç olmazsa (!), qulaq verməyimiz lazımdır. Hər şeyi klassik təshil sistemimizdən gözləməyək. Artıq internet resursları o qədər geniş, o qədər detallı bilikləri bizimlə bölüşür ki, inanın heç bir qəpik də olsun əlavə xərcə ehtiyac yoxdur. Kompüter, internet və təbii ki, beynəlxalq dilin öyrənilməsi kifayət edir ki, dünyada hal-hazırda var olan yüzlərlə proqram, kodlama metodları öyrənilə bilsin.

       Yaradıcılıq və sezgi qabiliyyəti. Elm və texnologiya nə qədər inkişaf etsə, dünya nə qədər robotlaşsa belə, bütün bu sistemləri dizayn və idarə edən, inkişaf etdirən də məhz insanlardır. Kiçik yaşlardan uşaqların yaradıcılıq və sezgilərinin gücləndirilməsi üçün kurslar, kitablar və yenə də ən faydalı resurslardan olan internet istifadə edilməlidir. Artıq dünya və beynəlxalq müştərilər ağ-qara deyil, daha rəngli, daha yeni şeylər tələb edir. Rəqabətə tab gətirə bilməyənlərə bu sistemdə yer yoxdur, təəssüf ki. Lap təbii seleksiyada olduğu kimi.

      Əsla iddialı bir şey dediyimi düşünmürəm. Sadəcə bilmək və fərqində olmaq lazımdır ki, yeni nəsil Qərblə aramızda sürətlə böyüyən məsafəni, az da olsa, azaltmaq və çox da geridə qalmamaq üçün bizim tək şansımız, yeganə çıxış yolumuz və ən dəyərli resursumuzdur. Bilmək və fərqində olmaq isə sadəcə hərəkətə keçdiyimiz zaman bir işə yarayır. Unutmayaq, bərəkət sadəcə hərəkətin olduğu yerdədir.

       

      • Hits: 163 clicks

      Tecox component by www.teglo.info