Emin FƏHMİZADƏ - QURBAN

      Share

      Bəziləri deyə bilər ki, artıq Qurbanlıq keçib. Düzdür, elə mən də o haqda yazmayacağam. Buradakı “Qurban”ın nə olduğunu yazını oxuyanda biləcəksiniz. İndi isə maraqlı bir hekayə danışım: 

      Bir gün iki balıq balaca bir göldə şirin-şirin söhbət edirdi. Birdən, bir qayığın səsi eşidilir. Balıqlardan biri təhlükəni sezir və dostu ilə sağollaşıb suyun dibinə doğru hərəkət edir. O biri balıq: “Əgər qədərimdə bir balıqçının mədəsinə yem olmağım varsa, onsuz da olacağam, yoxdursa da, məni yaradan özü bu balıqçının əlindən qurtaracaq”, -deyir və sərin suyun ləzzətini çıxara-çıxara üzməyə başlayır. Sonu isə məlumdur: usta balıqçının toruna düşür. Bəs, görəsən, balıqlardan hansı düzgün edir? Tədbirini alıb oradan uzaqlaşan birinci balıq, yoxsa öz düşüncəsinin qurbanı olan ikinci balıq? Birinci balıq da bir gün kiminsə süfrəsini bəzəyəcək. Çünki mütləq qədərdən qaçış yoxdur. Amma ən azı bu gün yox, çünki onun hələ görəsi işləri var.

      İndi isə tamam fərqli görünən bir mövzuya keçirəm. Xəbərdarlıq edim, başınız bir az qarışa bilər. Fikrimcə müsəlmanın evində televizor olmamalıdır; nəinki müsəlman, texnoloji yeniliklərlə ayaqlaşmaq istəyən hər bir kəsin. Səbəbini isə növbəti seriyalarda açıqlayacağam(!). Bəli! Vaxtımızı hiyləgərcəsinə  oğurlayan seriallar, mənasını tapa bilmədiyimiz verilişlər, şou-biznes proqramları… bunlardan bəhs edirəm.

      Deyə bilərsiniz ki: “Mən seriala baxmıram, xəbər kanallarını izləyirəm, National Geographic, heyvanlar aləmi və s…” Özün üçün faydalı gördüyün bütün kanalları saymağa başladığını görəcəksən. Bəs baxmaq istədiyin şeylər həqiqətən onlardır? Bir heyvan saatda neçə kilometr sürətlə qaçıb ceyranın boğazından necə yapışdı? Yoxsa oğul atasını 18 yerindən necə bıçaqladı? Sizə bir sirr verimmi? Artıq televizorların dövrü bitib. Bunu televizor satan şirkətlərin özləri də qəbul etdiyi halda, maraqları pul olduğu üçün hər il eyni televizoru bəzəyə-bəzəyə bizə satmağı bacarırlar.

      Diqqətinizi bir nöqtəyə çəkim: Bizim üçün bu dünyada ən qiymətli şey olan və hər keçən saniyənin əleyhimizə işlədiyi vaxtımızı televizora qurban veririk. Axı niyə onu həyatımızdan çıxara bilmirik? Səbəbini deyim?! Çox sadədir:TƏNBƏLLİK! Belə davam etmək bizə daha rahat görünür. Axırıncı dəfə evdə o stolun yerini neçə il bundan əvvəl dəyişmisən? Gör heç dəyişə bilərsən? O dəqiqə evdə kimlərsə narahat olacaq. Çünki onun yeri artıq təyin edilib və beynimizə də elə yazmışıq. Niyə beynimi yorub, onu silib yerinə başqa bir şey yazmağa çalışım? Düz deyirsən, niyə?

      Başqa edəcək önəmli işin varmı? Bəlkə, dünyanı dəyişdirəcək önəmli addımlar ata bilərsən. Ya da yaşadığın rayonu, kəndi daha da inkişaf etdirmək üçün planlar hazırlayarsan. Hə, ola bilər? Niyə də olmasın? Axı sən niyə bu barədə düşünməməlisən? Dünyanı dəyişdirənlərdən savadsızsan? Ola bilər. Qorxaqsan? Ola bilər. Pulun yoxdur? O da ola bilər. Bir də əksini fikirləş: Bilik qazanmaq mümkündür? Bəs qorxaqlıqdan qurtulmaq, ya da pul qazanmaq? Bunlar imkansız şeylərdir? İçinizdə bağıran böyük bir “YOX” cavabını eşidirəm. Bir də açıqdan bağırın və rahatlıq tapın.

      Başdakı hekayə yadınızdan çıxmayıb ki? Hekayədəki ikinci balıq kimi balıqçının gəldiyini bildiyin halda heç bir tədbir almadan ölümü gözləmək fikrindəsən? Yoxsa təhlükəni sezib hərəkətə keçmək istəyirsən? Düşünürsən ki,  gecikmisən? Elə isə nəbzini yoxla! Yaşayırsan? Sən yaşadığın müddətdə heç nə gec deyil! Heç nə! Əsas odur ki, başla! Sabah yox, bu gün başla! Sabah yox, bu gün et!..

      Yoxsa düşünürsən ki, bunu ancaq qonşunun uşağı bacarar? Çünki bizə onun hər zaman “ən yaxşı” olduğu deyilib. Səncə bir atanın övladına verə biləcəyi ən yaxşı hədiyyə nə ola bilər? Bilik? Güc? Yoxsa komfortlu həyat? Yox, tapmadın. Nə olduğunu deyim: Televizorunu lalafoda satmaq.  Narahat olmayın, alıcısı  çox olacaq. Qulaq asın, hələ davamı da var. Pulun bir hissəsinə taxta, mismar, çəkic almaq, qalanına da kitab. Kitab rəfini oğlu ilə  birgə düzəldəcək və kitabları da içinə yığacaq. Ən əsas şey yaddan çıxıb - süpürgə!!! Tökdüyünü təmizləməyi də uşağına öyrədəcək. Bundan daha yaxşı hədiyyə olar?..

      Biz onsuz da vaxtımızı nələrəsə “Qurban” veririk. Ən vacib olan odur ki, özümüzə sual verək: mən vaxtımı nəyə qurban verirəm? Cavabın yoxdursa, narahat olma. Demək ki, vaxtını qurban verəcək gözəl məşğuliyyətlər tapmağın vaxtıdır!

                                                                                          

       

       

      • Hits: 52 clicks

      Tecox component by www.teglo.info