Qoşqar ABBAS - YOL VER TÜRKÜN BAYRAĞINA!..

      Share

      Azərbaycan Cümhuriyyətinin var olma səbəblərindən biridir, Qafqaz İslam Ordusu...

      Azərbaycan Cümhuriyyətinin var olma səbəblərindən biridir, qardaş sevgisi...

      İki qardaşın bir-birinə sımsıx sarılması, dar günündə yanında olması, hay deyəndə hayına yetməsi, “qarın daşı” deyil, “qardaş” olması...

      “Arxadaş” və “Qardaş” sözlərinin etimoloji mənalarındakı kimi güvən duyması, etibar etməsi, arxa çıxması... “Arxa” sözü Uyğur mətnlərində kömək mənasında işlədilir. Arxadaş demək arxanı güvənə almaq, tədbir almaq deməkdir. Filmlərdə izlədiyimiz səhnələrdə iki arxadaşın bir-birinin arxasına keçib, özlərini qala kimi qoruduğunu və rahat döyüşdüklərini görmüşük. Budur arxadaşlıq. Arxanı sağlam daşa söykəməyin simvoludur arxadaşlıq. İşin bir də “qardaş” tərəfi vardır; “qarın” və “daş”. Yəni eyni qarından olanlar; eyni kökdən, qandan, yaddaşdan olanlardır qardaş.

      Tarixin səhifələrində müxtəlif adlarla anılsa da, istər Şirvanşahlar, Səlcuqlu, Səfəvi, Osmanlı, istərsə də Azərbaycan və Türkiyə eyni ananın övladlarıdır. Bu böyük türk dövlətləri başlarına min cür bəlalar gətirilməyə çalışılsa da, qardaşlıqlarını qoruyub saxlayıblar. Qarnı ac olsa da qardaşı acdır deyib yeməyini ona verən, ucunda ölüm olsa belə “çağıran qardaşımdır!” deyə hayına yetən qardaşlığın qarşısını ala bilməyib “Papa”lar, “Kardinal”lar, “Henry”lər saxta oyunları ilə, yalan-dolanları ilə.

      XX əsrin əvvəllərində Osmanlının siyasi-sosial vəziyyəti ürəkaçan deyildi. Daxildə baş verən çəkişmələr, bir neçə cəbhədə döyüşlər və I Dünya Müharibəsi xeyli problemlər yaradırdı. Azərbaycanın dərdi başından aşmağına baxmayaraq, “qardaşlarımız daha çətin günlər yaşıyır” dedilər, köməyə qaçdılar, arxa çıxdılar. Əhmədlər, Məmmədlər, Əlilər, Cavidlər Çar Rusiyasından gizlincə sevə-sevə qardaş vətənləri uğrunda döyüşməyə, şəhid olmağa getdilər. “Ora da bizim vətəndir, bizim torpaqdır”,- dedilər. Təsadüfi deyil ki, Azərbaycanda Qafqaz İslam Ordusunu qarşılayanda bir kişi öz oğlunu görür, ordu sıralarında. O vaxtilə qardaş harayına çatıb və indi də qardaşları ona arxa-dayaq gəlib... “Səmalara yüksələn bayraq bizim bayraqdır, enməsin”,- dedilər. Əhməd Cavadın “Çırpınırdı Qara Dəniz”i cəhbədə qardaşlığın, dövlət ayırımı etmədən vətən sevgisinin göstəricisidir.

      “Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti”nin, sadəcə I Dünya Müharibəsində qardaşlarına kömək üçün yaradılan “Qardaş Köməyi” təşkilatı və onun mətbu orqanı olan“Qardaş Köməyi” jurnalı deyil, qışın qarında-çovğununda, yayın od tutub yanan istisində Anadoluda qapıları bir-bir döyüb qardaşlarının, bacılarının halını soruşan, dərdlərini dinləyən, adlarını siyahıya salıb yardım göndərənlər deyil, Azərbaycanda günlük bir neçə qəpiklə keçinənlər, dilənçilər belə hər gün yığa bildikləri pulun böyük hissəsini Anadoluya, qardaşlarına göndərirdilər, arxa dururdular.

      Və qardaşlığın ən bariz göstəricisi, ən anlı, ən şanlı tarixi - Qafqaz İslam Ordusu...

      Qələbələrin ən gözəli - Bakının qurtuluşu...

      1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan hürriyyətini elan edir,  Azərbaycan Cümhuriyyəti yaradılır. Azərbaycanda xaos hökm sürürdü; ingilisi, bolşeviki, menşeviki, daşnakı, ermənisi...

      Yeni hürr olmuş dövlət - ordu yox, silah-sursat yox, güc yox... Sadəcə qardaş var. Etməməli olanı, işləri daha da çətinləşdirəcək şeyi edir,  Məhəmməd Əminin istəyini geri çevirə bilmir Ənvər paşa. Cəbhələrdən əsgərləri çağırır, top-tüfəng gətizdirir, yeni bir ordu yaradır - Qafqaz İslam Ordusu, qardaşlığın Ordusu. “Yetdim qardaşım, gəlirəm” deyən Nuru Paşanın əsgərlərinin dilində səslənməyə başlayır marşlar.

      Kafkas dağı yol ver bize,

      Biz Baküye varacağız.

      Babalardan miras kalan,

      Yurtları biz alacağız

      Osmanlıyız, pek şanlıyız,

      Ay-yıldızlı nişanlıyız.

      Baş komutan fermanlıyız,

      Dini İslam imanlıyız.

      “Qafqaz Marşı”nda deyildiyi kimi, hilallı bayrağı görüb, türkün ayaq səsini, dillərdəki marşları eşidib düşmənlər türkün qardaşlığından, birliyindən qorxub qaçırdılar. Sentyabrın 14-də ingilislərin qaçdığı kimi...

      15 sentyabrda Bakının qurtuluşu Azərbaycan Cümhuriyyətinin varlığını qoruyub saxlaması üçün olduqca əhəmiyyətlidir. Əgər Bakı azad edilməsəydi, hürriyyətdən əsər-əlamət qalmazdı; Bakının namusu da qalmazdı, dini də, imanı da... Bəlkə də, heç bir ordunun şəhəri azad etməsi bu qədər sevinclə qarşılanmayıb. Bəlkə də, heç bir başqa bir ölkənin ordusunun gəlişi bu qədər gözlənilməyib. Bəlkə də, heç bir orduya bu qədər şeirlər yazılmayıb, nəğmələr qoşulmayıb...

      İstiqlal şairi Əhməd Cavadın yazdığı kimi:

      Türküm mənim, irqim mənim.

      Ey şanlı ölkənin şanlı ordusu,

      Unutma Qafqaza girdiyin günü!

      Gəlirkən qovmağa Turandan rusu,

      Ayağını Qara dəniz öpdümü?!

      Bu sevgi elə sevgidir ki, zamanla aşınmır, ərimir. Əksinə, şiddətlənir, böyüyür, güclənir. Bakının qurtulmasından 13 il sonra, SSRİ-nin hakim olduğu dövrdə dünyaya göz açan şair Nəriman Həsənzadənin “Nuru Paşa” poemasındakı ifadələr sanki o an Bakıda Nuru Paşanı, Qafqaz İslam Ordusunu qarşılayan, sevincinin həddi-hüdudu olmayan bir gəncin dilindən səslənir:

      Nuru Paşa at belində,  Türkiyədən, Karsdan gəlir.

      Azərbaycan deyə-deyə, yaralanmış aslan gəlir.

      Türk can qoydu bu torpaqda "Azərbaycan!" deyə-deyə.

      Tarix, səni oxuyuram Mən Türkə "Can" deyə-deyə...

      Var ol səni, arxam mənim, arxalı səs-sədam mənim.

      Fatehlərin varisidir, Turanlı şahzadəm mənim...

       

      Dastanlar yazan qardaşlığımız əbədi olsun!..

       

       

       

      • Hits: 146 clicks

      Tecox component by www.teglo.info