Ələddin SULTANOV - BİR AYƏ

      Share

      لَا اِكْرَاهَ فِى الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَىِّ

      Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi”.

      (əl-Bəqərə, 2/256)

      Təfsir kitablarında bu ayənin nazil olma səbəbi olaraq qeyd olunur ki, cahiliyyə dövründə Mədinədəki bəzi qadınlar uşaqlarının uzunömürlü olmasını istəyərək əhd edirdilər ki: “Əgər uşağım olsa, onu yəhudi edəcəyəm”. Ənsardan olan müsəlmanların bir qisminin uşaqları da bu şəkildə yəhudiləşmişdi. Müsəlmanlara xəyanət edən yəhudi tayfası Nadir oğulları Mədinədən sürgün edilərkən həmin uşaqların valideynləri Həzrət Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın Rəsulu! Yəhudiləri sürgün edirsən, ancaq bizim uşaqlarımız və qardaşlarımız onların arasındadır. Onlar necə olacaq?” - dedilər. Peyğəmbərimiz susdu və bu ayə nazil oldu. Sonra onlara dönərək: “Əgər uşaqlarınız sizi seçərsə, sizdəndirlər, yəhudiləri seçərsə, o zaman onlardandırlar”, - deyə buyurdu və beləcə, yəhudilərlə qalmağı seçən ənsar uşaqları da sürgün edildi.

      Uca Rəbbimiz hər bir insana ağıl və iradə vermişdir. Peyğəmbərlər göndərməklə və kitablar nazil etmək surətilə haqqı batildən, imanı küfrdən, hidayəti zəlalətdən ayırmış, bunların hər birini açıqlamış və insanlara bildirmişdir. Kim istəsə iman edər, kim də istəsə inkar edər. Əgər Allah-Təala insanları imana və ibadətə məcbur etsəydi, yer üzündəki hər kəs iman gətirər və ibadət edərdi. Uca Allah dünya imtahanının bir gərəyi olaraq göndərdiyi dini qəbul etməyi insanların ixtiyarına buraxmışdır. Peyğəmbərlərin vəzifəsi isə dini qəbul etmələri üçün insanları məcbur etmək deyil, onlara öyüd-nəsihət verərək haqq dini təbliğ etməkdir.

      İslam dinində əqidə azadlığı vardır. Bu ayədəki اِكْرَاه “məcburiyyət”  ifadəsi iman edib-etməmək ilə əlaqəlidir. İslam dini heç kimə məcburi şəkildə qəbul etdirilə bilməz. Yuxarıdakı ayeyi-kərimə açıq bir ifadə ilə dində məcburiyyətin olmadığını bildirməkdədir. Allah-Təala hər bir insana cüzi-iradə və haqqı batildən ayıra biləcək ağıl vermişdir. Bunu dəstəkləmək mahiyyətində də peyğəmbərlər və kitablar göndərmişdir.  

      İmanda olduğu kimi, məcburən edilən ibadətin də Allahın nəzərində bir dəyəri yoxdur. Peyğəmbərimizin (s.ə.s.) “Əməllər niyyətə görə qiymətləndirilər” (Buxari, İman, 39) hədisi də məhz bu həqiqətə işarə edir. İbadətlər Allah üçün edilməlidir. Digər tərəfdən, müsəlman olmaq Allahın iradəsinə uyğun şəkildə yaşamağa boyun olmaq mənasına gəlir. Həm iman gətirib müsəlman olmaq, həm də nəfsinin arzularının arxasınca getmək doğru deyildir. Buna görə də hər bir müsəlman səmimi-qəlbdən tabe olaraq və sevərək İslamın əmrlərini yerinə yetirməyə səy göstərməlidir. Bunu edərkən də müsəlman olmayanlara, yaxud dinin əmrlərini tam yerinə yetirməyən müsəlmanlara qarşı hər hansı bir zorakılıq tətbiq edə bilməz. Bir müsəlmanın vəzifəsi İslamı gözəl bir tərzdə təbliğ etməkdir.

       

      • Hits: 132 clicks

      Tecox component by www.teglo.info