Şükür ƏNDƏLİFOV - NURU PAŞA TƏZƏPİR MƏSCİDİNDƏ

      Share

      Bu il Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun  və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 100 il ötür. Həmin gün Azərbaycan xalqının tarixində böyük dəyərə malik parlaq bir səhifə kimi əbədiləşib. 

      Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm-dirim məsələsi idi. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

      Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı Komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni və Almaniyanı da ciddi şəkildə narahat edirdi. Sentyabrın 15-də döyüşlər səhər saat 05:30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə yaxın idi. Bunların yarısı Osmanlı, yarısı isə Azərbaycan əsgər və zabitləri idi. Beləliklə, sentyabrın 15-i saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

      1918-ci il sentyabrın 15-də Bakı bolşevik və ermənilərdən azad ediləndən sonra şəhərdə dini icmada və əhalidə bir sual yaranmışdı: “Osmanlı ordusunun paşası Bakının yerli əhalisinə və dini icmasına hansı münasibəti göstərəcək?” O zaman Bakıda bu söz-söhbətləri aradan qaldırmaq üçün Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Ətraf küçələr, məscidin həyəti hər yaşda adamla dolu idi; şadyanalıq edən adamların əlindən tərpənmək mümkün deyildi. Məscidin içərisi isə Osmanlı ordusunun yüksək rütbəli zabitləri, paşalar, milli hökumətin nazirləri, Bakının tanınmış şəxsiyyətləri və ruhanilər ilə dolu idi.

      Nuru Paşanın çıxış edəcəyi minbərə iki qara ələm sancılmışdı. Məscidə gələn Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı. Ucaboy, gözəgəlimli və bir qədər arıq olan cavan natiqin mərdanə üzü, zəkalı gözləri var idi. Əynində türk paşası libası var idi. Şinelin hər iki tərəfinə parıldayan düymələr tikilmişdi.

      Nuru Paşa danışanda bütün məscid sükuta qərq olmuşdu:  “Artıq Bakı bolşevik-daşnak qüvvələrindən təmizlənmişdir. Daşnakların iyrənc siyasətindən canlarını götürüb qaçmış Bakı sakinləri rahat şəkildə öz doğma evlərinə dönüb sakit şəkildə yaşaya bilərlər. Bakı gözəl şəhərdir. Dünyanın əksər şəhərlərindən də gözəldir...”

      Axund Ağa Əlizadə öz duyğularını: “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”, - deyərək ifadə etdi.

      Bu hadisə Təzəpir məscidi və onun Axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə dayandığını da göstərir.

      Türk ordusunun Bakını azad etdiyi vaxt Qurban bayramı ilə üst-üstə düşmüşdü. Ona görə də Təzəpir məscidi öz qapılarını müsəlmanların üzünə açdığı gündən bəri bu qədər insan görməmişdi. Yüzlərlə insan qurban kəsir və Bakının azad olunmasını qeyd edirdi. Təzəpir məscidi ilk dəfə idi ki, general rütbəli 29 yaslı bir zabiti məscidin minbərində görürdü. Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Milli Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən H.Z.Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının ixtiyarına verdi.

      1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu.

      Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onların şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan fədakar türk və azərbaycanlı əsgər və zabitlərin ruhuna dualar oxuyur və deyir: "Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin!"

       

       

       

       

       

      • Hits: 139 clicks

      Tecox component by www.teglo.info