Tehran ABDURRAHİMOV - DÜNYADA BAŞ VERƏN HADİSƏLƏR VƏ TÜRKİYƏ

      Share

      ABŞ dünyanın öz ətrafında tək mərkəzli olaraq qalmasını istəsə də, Rusiya, Çin, Hindistan (BRICS ölkələri) və digərləri dünyanın güc mərkəzini yavaş-yavaş Atlantik okeanından Sakit okeana doğru dəyişməyə çalışır. 

      Bu vəziyyətdə dünyanın super gücləri öz təsir dairələrini genişlətmək üçün bir-biri ilə amansız mübarizə aparır və artıq uzun müddətdir ki, bu “qol gücü” yarışı Yaxın Şərq, xüsusilə də Suriya və ətrafında davam edir. ABŞ burada istədiklərini tam olaraq həyata keçirə bilmədiyi üçün iqtisadi yollarla da qarşısına çıxanları cəzalandırmağa çalışır. Təbii ki, burada da dünyanın ən güclü iqtisadiyyatına və valyutasına sahib olması, eyni zamanda bəzi Yaxın Şərq ölkələrinin də (İsrail, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ) ABŞ-ın hər addımını dəstəkləməsi (daha çox məşhur “qılınc rəqsi”ndən sonra) onun əlini gücləndirir.

      Son zamanlar Türkiyə və onun ətrafında baş verən hadisələr - valuta məsələsi, iqtisadi sanksiya və böhran, rahib problemi – bu çərçivədə ələ alınarsa, daha məntiqli və qaneedici nəticələr çıxa bilər. Bəzi mənbələr tərəfindən məsələ sadəcə iqtisadi böhran kimi təqdim edilməyə çalışılsa da, bir çox tanınmış iqtisadçı lirənin bu qədər dəyər itirməsinin iqtisadi vəziyyəti real bir şəkildə əks etdirmədiyini vurğuladı. Bu da diqqətləri başqa məsələlərə çevirdi. Aparılan sorğular da Türkiyədə insanların çoxunun bu problemlərin sadəcə iqtisadi deyil, eyni zamanda siyasi olduğunu, kənardan göstərilən ədalətsiz təzyiqlərin burada əhəmiyyətli bir yer tutduğunu düşündüyünü ortaya çıxartdı.

      O zaman yerli və xarici mətbuatın mövzu ilə bağlı analizlərini də diqqətə alaraq dünyada baş verən hadisələr, eləcə də bunun Türkiyə ilə bağlı nəticələri qısa və açıq şəkildə necə izah edilə bilər?

      Bəli, Türkiyə iqtisadi olaraq daha da güclənməli, istehsalı (xüsusilə də çox yüksək dəyərli texnoloji istehsalını), ixracatı artıracaq addımlar atmalı və milli valyutanın və ya irəlidə müttəfiq ölkələrlə yaradıla biləcək ortaq valyutanın gücləndirilməsi üçün çalışmalı, inflyasiyanın səviyyəsini aşağı salmalıdır. Amma bütün problemlər sadəcə iqtisadi addımlar və ölkənin daxili siyasəti ilə izah edilə bilməz.

      Ölkələr arasında küslük olmaz. Hal-hazırda ABŞ və Türkiyə arasında olanlar da hər şeyin sonu olmasa da, hər iki ölkəyə də (Qərb mətbuatına görə bu münasibətlərin ABŞ iqtisadiyyatına da əhəmiyyətli dərəcədə mənfi təsiri var) ciddi zərbədir. Bu hadisələr əslində sadəcə Türkiyə ilə də bağlı deyil. İstər dünya üzərindəki nüfuzu baxımından, istər Yaxın Şərqdə (xüsusilə Fələstin, Suriya və İraq məsələlərində), istər Çin kimi iqtisadi olaraq çox güclü Şərq ölkələri ilə münasibətlərdə istədiyini hər zaman olduğu kimi edə bilməyən ABŞ artıq daha aqressiv addımlar atmağa başlayıb. Bunun üçün də qarşısında bir cəbhənin yaranmağa başladığını (Çin, Rusiya, İran, Türkiyə, Qatar və s.) görən Tramp administrasiyası eyni zamanda qarşıdan gələn seçkiləri və burada evangelist dəstəyini də ala bilmək üçün müvafiq addımları atmağa davam edir. Türkiyəyə tətbiq edilən son iqtisadi sanksiyalar və valyuta təhdidində də Yaxın Şərqdə Türkiyənin bəzən öz mənfəətləri üçün ABŞ-ın orbitindən uzaqlaşmağa çalışması, ona qarşı gəlməsi, bəzi məsələlərdə Rusiya, Çin, Qatar, İran (misal üçün, Astana prosesi, uğurlu hərbi əməliyyatlar, S-400 sistemi danışıqları) kimi ölkələrlə birlikdə hərəkət edərək ABŞ-ın bölgədəki nüfuzunu zəiflətməyə çalışması əsəs səbəblərdən biri kimi göstərilə bilər.

      Uzun sözün qısası, Türkiyə (eləcə də ABŞ-ın böyük və ya kiçik, təhdid olaraq gördüyü digər ölkələr) ABŞ-ın nüfuz dairəsini öz mənfəətləri üçün diqqətə almadıqca, onun arzu etmədiyi hərbi əməliyyatlara davam etdikcə, iqtisadi və siyasi olaraq digər “rəqib” ölkələrlə yaxınlaşdıqca bu cəzalar da davam edəcək. Əslində hər şey çox təbii və başa düşüləndir.

      Proseslərin içində olduğumuz üçün və zaman məfhumu məhdud olduğu üçün nələrin baş verdiyini anlamaq çox çətin ola bilər. Amma dünya tarixinə qısaca nəzər salmaq bizi bu qarışıqlıqdan az da olsa qurtara bilər. Dünya tarixinə, xüsusilə də, son 5-6 əsrə baxdığımız zaman çox fərqli ölkələrin (Osmanlı, Portuqaliya, İspaniya, İngiltərə, Fransa, Almaniya, SSRİ, ABŞ və s.) fərqli zamanlarda dünyanın əhəmiyyətli güc mərkəzləri olduğunu görə bilərik. Əslində bir çox mütəxəssisə görə, dünya artıq bu tarixi proseslərin bir davamı olaraq bir nöqtədən başqa bir nöqtəyə doğru sürətlə irəliləyir. Bu sadəcə Türkiyənin mövqeyi ilə də izah edilə bilməz. Lakin ölkələr, eləcə də Türkiyə bu proseslərdə doğru mövqe tutaraq və doğru addımlar ataraq, klassik deyimlə, “yeni dünya sistemi”ndə əhəmiyyətli bir yer tuta bilər.

      İçində olduğumuz yarım əsrin (2000-2050) Asiyanın, sonrakı yarım əsrin isə Afrikanın ciddi yüksəlişinə və əhəmiyyətinin artmasına şahid olacağının vurğulandığı bir dünyada Türkiyənin bu faktları diqqətə alaraq, daha uzun illəri hesablayaraq addımlar atması bütün dostlar kimi bizi də sevindirir. Azərbaycanın da bu addımlarında hər zaman Türkiyənin yanında olması və onu dəstəkləməsi qardaşlığın ən gözəl ifadəsidir.

       

      • Hits: 131 clicks

      Tecox component by www.teglo.info