Vəfadar BABAYEV - QRUP RƏHBƏRİ

      Share

      Bu il müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Bununla bağlı Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən “100 illik əmanət” layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələrin qarşılıqlı olaraq iki ölkəni ziyarət etmələri planlaşdırıldı.

      İlk olaraq layihə çərçivəsində Türkiyə gənclərindən bir qrup Azərbaycanı ziyarətə gəldilər. Türkiyəli gənclər Bakıda Türk Şəhidliyi olmaqla, Şamaxı, Quba, Zaqatala, Gəncə kimi şəhərləri ziyarət edib bir çox tarixi məkanlarda  oldular.

      Daha sonra biz azərbaycanlı tələbələrlə Türkiyə yolçuluğuna çıxdıq. Səfər avtobusla reallaşdı. İyulun yeddisi axşam Bakıdan çıxdıq, doqquzu səhər artıq İstanbulda idik. Qeyd edim ki, bizimlə Türkiyəyə cəmi 40 tələbə getmişdi və bunların da əksəriyyəti ilk dəfə idi ki, Türkiyədə olurdu. Dolaysı ilə bizim tələbələri çox maraqlı bir səfər gözləyirdi. Türk torpağına ayaq basanda onsuz da insan özünü öz vətənində imiş kimi hiss edir. Gənclərə də ən xoş gələn məqam Türkiyə insanının onlara qardaş deməsi və bunu hər rəftarında hiss etdirməsi idi.

      Səfərin əsas məqsədi ilə bağlı olaraq Nuru Paşanın qəbrini ziyarət etdik. Nuru Paşa Azərbaycan xalqının yaddaşında bəşəriyyət var olduqca heç zaman silinməyəcək gözəl bir tarix yazıb. Bu tarix Çanaqqalada döyüşən təxminən 3-4 min Azərbaycan Türkünün yazdığı tarixin davamı idi; bu tarix Qurtuluş savaşı zamanı Osmanlıdakı türk qardaşlarının ehtiyacı olduğunu bilib Bakıda “Qardaş köməyi” adlı jurnal vasitəsilə evindəki ehtiyat pulunu göndərən Məmməd dayının, qulağındakı sırğasını çıxarıb göndərən Fatma xalanın yazdığı o qardaşlıq tarixinin davamı idi.

      İstanbuldakı Ədirnəqapı məzarlığı eyni zamanda çox böyük şəhid məzarlığıdır, səhv etmirəmsə, Türkiyədə ən böyük şəhidlikdir. Fürsət düşmüş ikən orada 15 İyul şəhidlərinin məzarlarını da ziyarət etdik, ruhlarına dualar oxuduq. Daha sonra 15 Temmuz şəhidlər körpüsünün qarşısında yeni inşa edilən abidəyə getdik.

      Bundan başqa, İstandulda bir çox tarixi yerlərə, Fatih, Süleymaniyyə, Eyyub Sultan, Sultan Ahmet camesinə də getdik. Gənclərimizi Topqapı sarayındakı muzeyə olan ziyarət də çox məmnun etdi. “Panarama 1453”-ə olan ziyarətimiz isə sanki İstanbulun fəthini gözlər önünə gətirdi.

      Biz də bu işdə əməyi keçən hər kəsə, Gəncliyə Yardım Fondu rəhbərliyinə, Türkiyədə bizi çox qonaqpərvər qarşıladıqları üçün Əziz Mahmud Hüdayi vəqfinin hər bir əməkdaşına minnətdarlığımızı bildiririk.

                 

       

       

       

       

      • Hits: 56 clicks

      Tecox component by www.teglo.info