Fuad QULİYEV - BIR RƏHMƏT

      Share

      Zillətdə olanlar onu zülm kimi görərlər!!!

      Mənaca “yaxınlaşmaq” anlamı ifadə edən Qurban cəhalət quyusunda çırpınan insanlar tərəfindən, çox təəssüf ki, uzaqlaşmaq mənası ilə əvəz edilməyə çalışılır.

      Dünya görüşü, həyat tərzi dini dəyərlərdən məhrum olan insanların ümumilikdə dini təməllərə dayanan məsələləri doğru təhlil etmə və ya qəbul etmədə çox ciddi nöqsanların olduğunu qeyd etmək mümkündür. Bu isə bərabərində qeyri-ixtiyari olaraq insanların adət-ənənələrinə, dini dəyərlərinə zidd bir mövqeyin ortaya çıxmasına şərait yaradır ki, daha sonra həmin ünsürlərin özlərini “hüquq müdafiəçiləri və ya tərəfdarları(!)” kimi göstərməyə cəhd etdiklərini görürük. İnsanın yaradılış məqsədi olaraq Uca Yaradanını tanıması və onun əmr və nəhylərinə riayət etməsinin tələb edilməsi tamamilə insanın öz mənafeyinə olan bir məsələdir. Ancaq bu həqiqəti dərk etmək istəməyən, fərqli dünya görüşü olan insan və toplumlar Allahın iradəsinə zidd həyat sürməyi və həmçinin onun tələblərini qəbul etməməyi bir yaşam tərzi olaraq görürlər.

      İbadətlər, onların mahiyyət və formaları da məhz bu qəbildəndir. Heyvan haqlarının carçısı və müdafiəçisi rolunda çıxış edən bəzi insanların Qurban ibadətinin mahiyyətini dərk etmələri, təbii ki, öz pəncərələrindən baxıldığı zaman çox çətindir. Ancaq unutmamaq lazımdır ki, yaradılışın gerçəyi və məqsədi daha dərin və düzgün mütaliə edildikdə, nəticədə, bu fəaliyyət Allahın buyurduğunu qəbul etməyə aparıb çıxaracaqdır.

      Bütün səmavi dinlərdə mövcud olan Qurban ibadəti heyvan kəsilərək ifa edilən bir ibadət olduğuna görə, dünya miqyasında bəzi kütlələr tərəfindən etirazla qarşılanan bir iş olaraq görülür. İlahi həqiqət Qurani-Kərimdə bu cür ifadə edilmişdir: 

      “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstünə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (əl-Həcc 22/34)

      O ki qaldı heyvan haqlarına riayət məsələsinə, bu mövzuda ən incə diqqəti və həssaslığı əsirgəməyən Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) buyurmuşdur:

      “Kim bir sərçəni boş yerə, əyləncə məqsədi ilə öldürərsə, qiyamət günü o sərçə fəryad edərək Allaha: “Ey Rəbbim! Filan adam məni boş yerə öldürdü, hər hansı bir fayda üçün öldürmədi”,- deyə səslənər”. (Nəsai, Dəhaya, 42)

      Bir gün Allah Rəsulu (s.ə.s) ənsardan bir nəfərin bağçasına baş çəkmiş və orada bir dəvə görmüşdü. Dəvə yaxınlıqda Peyğəmbərimizi (s.ə.s) görən kimi inləməyə başladı, gözlərindən yaş süzüldü. Rəsulullah (s.ə.s) dəvənin yanına getdi və qulaqlarının arxasını şəfqətlə oxşadı. Dəvə sakitləşdi və bunun üzərinə Peyğəmbərimiz (s.ə.s):

      “Bu dəvə kimindir?”- deyə soruşdu. Mədinəli bir gənc yaxınlaşdı və:

      “Bu dəvə mənimdir, ey Allahın Rəsulu!”- dedi. Rəsulullah (s.ə.s):

      “Sənə lütf etdiyi bu heyvan haqqında Allahdan qorxmursanmı? O sənin, onu ac buraxdığını və çox yorduğunu mənə şikayət edir”,- buyurdu. (Əbu Davud, Cihad 44/2549)

      Heyvan haqlarına riayət etməyin vacib olduğunu belə bir üslubla ifadə edən Peyğəmbərimizin (s.ə.s) təmsil etdiyi bir anlayışda heç bir şəkildə hər hansı bir heyvana zülm edildiyindən bəhs oluna bilməz.

      Qurban ibadəti bütün səmavi dinlərdə var olmuş, insanın yaradıcı qüvvəyə malik Allaha mənən yaxınlaşması üçün bir vasitə rolunu oynamışdır. İbadətlərin təməl xüsusiyyəti olan Ulu Yaradıcıya bağlanmaq, onun qarşısında mükəlləfiyyətlərini yerinə yetirərək mənəvi yüksəlişini davam etdirmək məhz Qurban ibadətində də mövcuddur. Fəqət günümüzdə bəzi dini duyğuların mahiyyətindən bixəbər olan ünsürlər bu duyğuları dərk edə bilmədiklərinə görə məsələyə sadəcə “bir canlının həyat haqqını sonlandırmaq (!)” kimi baxırlar. Hansı ki, belə bir dünya görüşünə malik insanların və ya toplumların iliklərinə qədər işləyən kapitalizmin təlqin etdiyi “hansı yolla olursa olsun, maddi qazanc əldə etmək” hərisliyi və ya göstərişli həyat tərzi kimi xəstəliklərin fərqində belə deyillər. Xəz dərili heyvanların kütləvi şəkildə məhv edilərək xəzlərindən yüksək gəlir əldə etmək məqsədindən tutun ta ki, okean planktonunun bir nömrəli üzvü balinalara qədər, onların vəhşiliklə öldürülməsinə qədər...

      Uca Yaradan hər bir şeyi bəşər övladının istifadəsinə ölçülü şəkildə vermiş, ancaq bunu edərkən aşırılığa və həddi aşmamağa diqqət etməyi tələb etmişdir:

      Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar”. (Taha 81)

       

      • Hits: 116 clicks

      Tecox component by www.teglo.info