Əziz SULTANOV - TƏSLİMİYYƏT MƏNTİQİ

      Share

      Normal bir insan işıq düşməyən bir otaqda, yaxud zülmət qaranlıq gecədə addım atmaqda tərəddüd edər. Ayağını ehmalca uzadar, yerə dəyib möhkəmləndiyindən əmin olduqdan sonra ikinci addımını atar. 

      Hələ bir də əlləri ilə sağı-solu yoxlayar ki, ona yaxın, ona toxunacaq nəsə var, ya yox…

      Əlbəttə ki, burada kor-koranə addımlayıb başını divara vurmaqdan, yaxud bir quyuya düşməkdən qorxmamağın lazım olduğunu iddia etmək yersiz olar. İnsan görmədiyindən, bilmədiyindən qorxar, çəkinər, buna görə də ehtiyatla hərəkət edər. Bu, onun ən təbii halıdır. Bəs yaxşı, möminin təslimiyyəti bu işin harasındadır?

      Düşünün ki, gözbağlıca oynayırsınız. Ən etibar etdiyiniz səs, məsələn, oyuna daxil olmayan ananız sizə deyir: “qorxma, gəl, irəli get, sağa dön…” Bu səsə etibar edib hərəkətə keçərsiniz. Yenə də içinizdə, “görəsən”, “bəlkə də”, deyə kiçik bir ehtiyat payı saxlayarsınız. Möminin təslimiyyəti bu kiçik “ehtiyat payı”nı da saxlamadan Rəbbindən gələn səsə etibar etmək, güvənmək və addımını heç bir şəkk-şübhə duymadan ata bilməkdir.

      Möminin təslimiyyəti nə qaranlıq otaqda özünü qapının tininə çaxmaqda, nə də ac-susuz dağın başında oturub göydən enəcək ruzini gözləməkdir. Möminin təslimiyyəti Rəbbinin ona gələcək haqda verdiyi məlumatlara qulaq vermək, bu xüsusda əminlik hiss edərək tərəddüdsüz addım atmaqdır.

      Hər mövzuda bəndələrinə misilsiz nümunələrlə yol göstərən Rəbbimiz təslimiyyət mövzusunda Həzrət İbrahimi misal gətirməkdə, onun həyatını bu sahədə yaşanmış ən gözəl nümunə kimi təqdim etməkdədir. Onun timsalındakı nümunəviliyin böyüklüyünü bu ayədə də görmək olar:

      “Şübhəsiz ki, İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl bir nümunədir...” (əl-Mümtəhinə, 4)

      Həzrət İbrahimin həyatına baxdığımız zaman onun yaşayışında sanki təslimiyyətin yer almadığı heç bir səhifə yoxdur. Elə körpəliyindən etibarən böyük bir təslimiyyət onu bürüyür və bu təslimiyyəti həyatının son dəmlərinə qədər davam etdirərək özündən sonrakı nəsillərə aşılayır.

      Nəmrudun qəzəbindən qorunması üçün anası onu bir mağarada gizlədir və elə ilk andan Rəbbinin himayəsində böyüməyə başlayır, balaca İbrahim.

      Gənc olmasına baxmayaraq, azğın qövmünün hiddətindən çəkinmir və təkbaşına girdiyi bütxanada, biri xaric, qırılmamış büt buraxmır. Sağ buraxdığını da qövmünə dərs keçmək, onları düşünməyə sövq etmək üçün saxlayır ki, bəlkə, düşünüb ibrət alsınlar.

      Amansızlığı, qəddarlığı ilə tanınan Nəmruda ilahlıq iddiasını sübut etməsi üçün günəşi qərbdən doğdurmasını təklif edir, ona veriləcək cəzadan çəkinmədən.

      Qızğın tonqalın içinə atılacağı an yenə də etdiklərindən peşmanlıq duymur və böyük bir təslimiyyətlə Rəbbinin təqdirinə arxayın halda razı olur aqibətinə.

      Yanında başqa bir mühafizəçisi olmadan həyat yoldaşı ilə birgə Misirə girir, zülmü ilə tanınmış olan Fironun ölkəsinə. Allahın vədindən əmin halda, onun qorumasına arxayın olaraq.

      Övlad həsrəti çəksə də, yenə Allahın vədindən şübhə etməyərək gözləyir, yaşı yüzü keçsə də. Elə hey: saleh övlad, xeyirli övlad deyə dua edir, ümidini kəsmədən. İstəmək ondan, verib-verməmək Rəbbindən... Nəhayət, Allah onu iki övladla sevindirir.

      Göz bəbəyi olan övladını indiki Məkkənin quraq çöllərinə tərk etməsi əmri gəldiyi zaman, yenə də “Rəbbimin buyruğunda bir hikmət vardır”, deyərək böyük bir təslimiyyətlə onu və anasını Rəbbinə əmanət edir.

      Elə bir gün də gəlir ki, Rəbbi ona əmanət etdiyi övladı geri verməsini, qurban etməsini buyuranda, yenə eyni təslimiyyətlə yönəlir Məkkənin ətəklərinə. Övladını götürüb Minaya üz tutur.

      Həmin an, təslimiyyətin zirvə nöqtəyə çıxdığı an ona elə bir mükafat təqdim edilir ki, qiyamətə qədər savabı davam edəcək, onu təkrarlayanlar Həzrət İbrahimin qissəsindən nümunə götürüb təslimiyyət dərsi götürəcəklər. Həmin an Rəbbi ona oğlunu buraxmasını və göndərilən qoçu qurban etməsini buyurur. Nə böyük təslimiyyət, nə böyük mükafat...

      Həzrət İbrahimin timsalındakı uca təslimiyyətin biz nigaran, narahat, daim təşviş və təlatüm içindəki ümmətin könüllərinə bir nəbzə olsun sərin su səpməsi üçün onun həyatından bu misilsiz nümunəni xatırlamaq belə təkbaşına kifayət edər. Belə ki, mancanağın üzərinə yerləşdirilərək tonqala atılmasına saniyələr qalmaqda ikən ona kömək etməsi üçün göndərilən mələklərlə Həzrət İbarim arasında belə bir dialoqun yaşandığı rəvayət olunur:

       “Bir mələk atəşə atılmaq üzrə olan İbrahimə yaxınlaşıb dedi:

      - Küləklər əmrimə verildi. Arzu edirsənsə, bütün atəşi sovurub darmadağın edim!

      Başqa bir mələk isə belə dedi:

      - Sular əmrimə verildi. İstəyirsənsə, bir anda bu atəşi söndürə bilərəm!

      Bir mələk də belə dedi:

      - Torpaq əmrimə verildi. Diləsən, yeri yarıb atəşi yerin dibinə batıraram!

      İbrahim (ə.s) isə mələklərə, onları heyran qoyan bu cavabı verdi:

      - Dost ilə dostun arasına girməyin! Rəbbim nə diləsə, mən ona razıyam. Xilas edərsə, bu, onun lütfündəndir. Əgər yandırarsa, bu, mənim qüsurumdandır. Səbir edici olaram, inşallah!”

      İbrahimin dilində isə onun təslimiyyət məntiqini izah edən bu zikr var idi:

      “Hasbunallah və niməl vəkil – Allah bizə yetər, o nə gözəl vəkildir”.

       

       

       

       

      • Hits: 157 clicks

      Tecox component by www.teglo.info