Firdovsi HƏSƏNOV - CÜMHURİYYƏT DÖVRÜNDƏ MƏTBUAT

      Share

      (1918-1920)

      XX əsrin əvvəlində başlayan istiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələr meydanında ortaya çıxdı. 

      Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az idi. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdur. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydan ilə bağlı idi. Burada əsas faktorlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarıdır.

      Hələ XIX əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş  Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdır. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879-80), "Ziyayi-Qafqaziyyə" (1880-84) və "Kəşkül" (1883-91), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-rus" (1903-05) qəzetləri, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin "Həyat" (1905-06) jurnalı meydana çıxmışdır. 

      Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında nizamnamə"də göstərilir ki, "Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün, habelə çap məhsulunun nəşri və satılması üçün Hökumət idarələrinin heç bir icazəsi tələb olunmur". Dövri nəşrlərin təsis olunması üçün ancaq öz məqsədləri barədə mətbuat işləri üzrə baş müfəttişə ərizə təqdim edilməsi kifayət idi. Nizamnaməyə əsasən, mətbuat orqanı ancaq qüvvədə olan qanunları pozub cinayət törətdikdə məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilə bilərdi.  

      Azərbaycanın 1918-20-ci illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər Yurdu", tələbə və müəllimlərə aid "Əfkari-mütəəllimin", elm və incəsənət xadimlərinin "Mədəniyyət" kimi qəzet və jurnalları nəşr olunurdu.

      1919-cu il martın 11-də nəşrə başlayan "Övraqi-nəfisə" jurnalı Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. Jurnalın səhifələrində Firidun bəy KöçərliAbdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyli, Əlabbas Müzhib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər çıxış edirdilər. Jurnalda musiqi, teatr, memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər dərc olunur, aktyorların həyatı və səhnə fəaliyyəti barədə yazılar verilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, qanlı daşnak irticasına, buna qarşı milli ruhun aşılanmasına dair yazılar da topluda geniş yer tuturdu. Jurnalın 5-ci sayında yazıldığına görə, "Övraqi-nəfisə" kağız qıtlığı üzündən bağlanmışdır.

      1918-1920-ci illərdə tək Bakıda deyil, Gəncədə, Şuşada, Tiflisdə, İrəvanda və digər bölgələrdə çap olunan mətbu orqanlar tək Azərbaycan dilində deyil, rus, erməni, fars, polyak, gürcü və alman dillərində də nəşr edilirdi. Təəssüf ki, bu illərdə müstəqil Azərbaycan dövlətinə müxalifətdə olan mətbuat orqanları içərisində bolşeviklərin yaratdıqları nəşrlər say etibarilə (40-dan artıq) daha çox idi.

      1918-ci ilin mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq uğrunda çağırışlar müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına çevrilmişdi. Manşetlərdən, məqalələrin başlıqlarından hər şey aydın görünürdü: "Birlik tələb olunur", "Birləşəlim", "İttifaq edəlim", "İttihad gərək". Görkəmli Azərbaycan jurnalisti, dramaturqu Mirzə Bala Məhəmmədzadə "Açıq söz"ün 1918-ci il mart ayının 15-dəki sayında "Azərbaycan çağırıyor" məqaləsini dərc etmişdi. Məqalənin dərcindən çox keçməmiş, 1918-ci ilin 31 mart tarixində bolşeviklərin və Erməni Milli Şurasının hərbi birləşmələri azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar həyata keçirdi. Qatillər minlərlə insanı, abidələri məhv etməklə yanaşı, "Novruz", "Turan", "Açıq söz", "Kaspiy" mətbəələrini də yandırmış, Orucov qardaşlarının mətbəəsini dağıtmışdı. Bu vəhşiliklərdən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalları, dərgiləri, çap avadanlıqlarını sıradan çıxarmaq yolu tutanların fəaliyyəti nəticəsində "Açıq söz", "Bəsirət", "El həyatı", "İstiqlal", "İttihad" qəzetləri fəaliyyətlərini dayandırmalı oldu. Bəzi istisnalarla Azərbaycan demokratik mətbuatı 1918-ci ilin martın 31-dən, sentyabr ayının 15-dək özünün iflic dövrünü yaşadı.

      Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu" qəzetini nəşr etdi. Çox təəssüf ki, Azərbaycan uğrunda gedən döyüşlər və mətbəə imkansızlığı ucbatından qəzetin cəmi üç sayı işıq üzü gördü.

      Azərbaycan   hökuməti   1918-ci ilin 3 iyulunda  öz rəsmi orqanının dərcinə başlanması haqqında qərar verdi. “Azərbaycan qəzeti”nin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü.

       

       

      Qeyd: Məqalənin ərsəyə gəlməsində Akif Aşırlının “Azərbaycan Mətbuatı Tarixi (1875-1920)” kitabından istifadə edilmişdir.

       

       

       

      • Hits: 157 clicks

      Tecox component by www.teglo.info