Rüfət ŞİRİNOV - QURBAN İBADƏTİNİN FAYDALARI

      Share

      İslam dini insanlar üçün Uca Allah tərəfindən həm dünya, həm də axirətdə hüzurlu yaşamaları üçün göndərilmiş sözün əsl mənasında xoşbəxtlik şərbətidir. Ona görə dindəki bütün qadağa və əmrlər insanın xoşbəxtliyini təmin edən ən əsas xüsuslardır.

      Bütün ibadətlər də məhz insanın dünyada məsud yaşaması üçün bir vasitədir. İslam dinində insanın fiziki və iqtisadi fədakarlıqlarla etdiyi hər bir ibadətin mənəvi cəhəti də vardır. Yəni qılnan namazların verilən sədəqələrin əslində o ibadətlərə dəyər qazandıran yönü mənəvi-ruhi tərəfidir. Xüşu ilə qılınmayan namazın, sol əlin xəbərdar olmayacaq qədər gizli və təvazökarlıqla ilə verilməyən sədəqələrin axirət dünyasında dəyəri sıfıra bərabərdir. Odur ki, Uca Allahın Qurani-Kərimdəki Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır…” (əl-Həcc 37) əmri sadəcə qurbana deyil bütün ibadətlərə şamil edilməlidir.

      Ərəfəsində olduğumuz Qurban ibadətinə də bu nöqteyi-nəzərdən baxmaq lazımdır. Yəni kəsilən qurbanlar sadəcə ət yemək və soyuducunu ətlə doldurmaqdan ibarətdir, yoxsa bu ibadətin fərqli cəhəti də var? Bu yazımızda Qurban ibadətinin maddi və mənəvi faydalarından bəzilərini sıralayacağıq. Əvvəla, onu qeyd edək ki, Allaha yaxınlaşma mənasına gələn Qurban ibadəti Hz. İbarhimdən bəşər övladına qalmış bir mirasdır. Qurbanla Hz. İbrahimin təslimiyyəti təfəkkür edilməli və bu təslilimiyyət həyatımızın hər anına əks olunmalıdır.

      Qurbanın insanın həyatına sirayət edən faydalarını belə sıralamaq olar:

      • Qurban insanı paxıllıq, mal və dünya sevgisindən xilas edər. Kapitalist dünyanın tələlərindən biri də insanları mal-mülk sevgisinə qərq edərək dibi olmayan dünya çuxurunda boğmaqdır. İnsana hər şeydən üstün olduğunu və mülkünün sahibinin özü olduğunu aşılayan bu sistemə kölə olmayacaq şəxs İslamın tövsiyə etdiyi düsturları özünə rəhbər seçən kəsdir. Kəsdiyi qurbanı qonum-qonşuya və yoxsula paylayan, bir loğma çörəyi aclarla bölüşən müsəlman heç vaxt paxıl olmaz və aldadıcı dünya nemətlərinə uymaz.
      • Cəmiyyətdə qardaşlıq, yardımlaşma, paylaşma və yoxsulları sevindirmə duyğularını inkişaf etdirir. İslam dini eqoizimi və fərdiyyətçiliyi qəti surətdə pisləyir. Dində sosiallaşma və ictimai yardımlaşma ən əsas düsturlardan biridir. Qurban ibadəti vasitəsi ilə bu duyğular ən gözəl şəkildə inkişaf etdirilir. Kəsilən qurbandan qonşulara, yoxsullara və ehtiyac sahiblərinə payların verilməsi, evə gələn qonağa qurban ətindən ikram edilməsi bunun bariz nümunələrindəndir.
      • İnsanları məhəbbət və mərhəmət bağı ilə bir-birinə bağlayır. Minnətsiz şəkildə verilən Qurban payları və ikramlar insanların bir-birinə olan məhəbbətini artırmaqla yanaşı imkansız kimsələrə qarşı da mərhəmət duyğularını zirvələşdirir. Ərəb zərbi-məsəlində də deyildiyi kimi “əl insanu abdul ihsan” (insan yaxşılığın, mərhəmətin əsiridir). Allah üçün edilən yaxşılığı Uca Yaradan heç vaxt qarşılıqsız qoymaz.
      • Allahın nemətlərindən bütün bəndələrin istifadə etməsini təmin edir. İlahi nizam-intizam gərəyi hər insana fərqli miqdarda nemətlər verilmişdir. Bəzisinə çox, bəzisinə isə az verilmişdir. İslam dini insana sahib olduğu mal-mülkə görə dəyər vermir. İnsana verilən dəyər təqva tərəzisi ilə ölçülür. Xülasə, Allah tərəfindən çox nemət bəxş edilənlər, imkanları nisbətində digər insanlara da vermək və onlarla paylaşmaq məcburiyyətindədir.
      • Birlikdə əda edilən fərdi və ictimai ibadət sayılan Qurban Allahın razılığını qazanmağa və Ona yaxınlaşmağa vasitəçi olur. Daha əvvəl də ifadə edildiyi kimi Qurban ibadəti niyyət və səmimiyyətin təmizliyi nisbətində insanı yaradanına yaxınlaşdırır. Qurban ət yemək və ikram etmək məqsədi ilə deyil, məhz Allaha daha yaxın olmaq, Onun əmrini yerinə yetirmək məqsədi ilə kəsilməlidir.

      Fayda və hikmətləri saymaqla bitməyən Qurban ibadətini hər kəs qəlbinin səviyyəsinə və təmizliyinə görə yerinə yetirir və o nisbətdə mənəvi fayda əldə edir. İstehlak məntiqinin hökm sürdüyü dövrümüzdə təəssüflər olsun ki, Qurban ibadəti get-gedə reklam xarakteri daşımaqda və göstəriş vasitəsinə çevrilməktdədir. Eynilə namaz ibadətinə Allahın yox, bizim ehtiyacımız olduğu kimi, Qurban ibadətinə də bizim ehtiyacımız var. Mənəvi gözəllikdən məhrum olan hər bir Qurban sadəcə ətdən ibarətdir.

      Ən gözəl heyvanı ən gözəl şəkildə Allaha qurban edə bilən kimsə, şübhə yoxdur ki, nəfsini və nəfsani arzularını da rahatlıqla Allah üçün qurban və fəda edə biləcəkdir.

       

       

       

      • Hits: 107 clicks

      Tecox component by www.teglo.info