Aqil ƏLIYEV - HƏCCİN İCTİMAİ FAYDALARI

      Share

      Uca Allahın əmr etdiyi hər bir ibadət şəklində, şübhəsiz, insanlar üçün dünya və axirət həyatı ilə əlaqəli bir çox hikmətlər və faydalar vardır. 

      Bu pozulmaz qaydaya əsasən həcc ibadətində də müsəlman cəmiyyətlər üçün hikmətlər, faydalar və çıxarılacaq dərslər vardır.

      Hər bir müsəlman Uca Yaradanın qarşısında öz bəndəlik vəzifəsini ortaya qoymaq, əmr olunduğu ibadət forması ilə öz acizliyini göstərmək ehtiyacını hiss edər. Həcc ibadəti bir müsəlman üçün ən açıq şəkildə Uca Allah qarşısında öz acizliyini, möhtaclığını ortaya qoyan və ona verilən nemətlərə şükür etməyə imkan verən əzəmətli bir ibadətdir. Təbii ki, həccin fərdi faydaları və hikmətləri çoxdur. Lakin biz burada fərdi yox, daha çox həccin ictimai faydalarından danışmağa çalışacağıq.

      Həcc ibadəti rəng, dil, irq, ölkə, mədəniyyət və millət fərqi qoymadan milyonlarla müsəlmanın eyni məqsədi daşıyan birlik, bərabərlik və qardaşlıq tablosunu meydana gətirən çox böyük bir toplanma fəaliyyətidir. Bu, sözdə və yazıda qalan quru bir iddia deyil. Zəngini, kasıbı, güclüsü, zəifi, məmuru, yaxud fəhləsi ilə hər kəs eyni libasa bürünüb, eyni şərtlər və çətinliklər altında birlik və qardaşlıq təlimindən keçir.

      Milyonlarla insanı idarə edən bir şəxs ilə öz ailəsini çətinliklə dolandıran bir şəxsə eyni paltarı geyindirərək Ərəfatda birlikdə əl açdırıb dua etdirən, Kəbənin ətrafında yan-yana təvaf etdirən, yenə fərqli statuslara sahib insanlara çiyin-çiyinə camaat namazı qıldıran həcc ibadətinin yerini verə biləcək heç bir toplantı, heç bir qurultay yoxdur.

      İslam dininin ortaya çıxdığı və yayıldığı, vəhyin endiyi, Hz. Peyğəmbərin (s.ə.s) və əshabının çox çətinlik və sıxıntılar içində mübarizə apardıqları və Hz. Adəmdən (ə.s) bəri bir çox peyğəmbərin ziyarət etdiyi müqəddəs torpaqları görmək müsəlmanların dini duyğularını gücləndirir və İslama bağlılıqlarını daha da artırır. Dünyanın dörd bir tərəfindən gələn milyonlarla müsəlmanın bir-biriləri ilə qaynaşması və görüşməsi təmin edilmiş olur. Bu hal müsəlmanların bir-biriləri ilə əlaqə qurmalarına, bir-birilərinin dərdlərindən xəbərdar olmalarına və hətta ticari əlaqələr də qurmalarına imkan verir. Həccə gələn müsəlmanlar səbir, dözümlülük və çətinliklərə sinə gərmək kimi mənəvi duyğuları və böyük topluluqla eyni anda hərəkət edərək yardımlaşma, paylaşma kimi insani xarakterləri qazanırlar.

      Bundan əlavə, həcdə möminlər bir-birilərindən təsirlənir, fikirlərində müsbət mənada dəyişikliklər meydana gəlir. İnsanları bir-birilərindən uzaqlaşdıran qövmiyyətçilik, irqçilik, məzhəbçilik kimi mənfi düşüncələr ortadan qalxır, birlik və bərabərlik meydana gəlir. Hər kəs təyin olunmuş imamın arxasında camaat namazına durur, birlikdə əl açıb dua edir. Ayaqları və başları açıq olaraq bütün hacıların ağ kəfənə bürünməsi sanki Məhşər gününü xatırladır. Beləcə, qəlblər yumşalır, baxışlar başqalaşır, duyğu və düşüncələr dəyişir. Bir əmrlə on dörd əsrdən bəri milyonlarca insanı bu müqəddəs bölgələrə aparan Allahın əzəmətini bütün duyğuları ilə qavrayan müsəlmanlar şübhə və vəsvəsələrdən arınır, imanları və inancları daha da artır. Eyni zamanda İslam uğrunda döyüşlərin getdiyi və qanların axıdıldığı yerləri, İslam qəhrəmanlarının və şəhidlərinin məzarlarını ziyarət etmək hacıların qəlbində İslama və imana xidmət etmək eşqini canlandırır.

      Ərəfatda Uca Allahın dərgahına əl açan müsəlmanlar hamılıqla Allahın ipinə, dininə sarılmağı, gücün duada və birlikdə olduğunu, ayrılıq və təfriqədə isə yox olma və gücdən düşüb zəifləmənin varlığını yaxından qavrayırlar.

      Quranın bu ayəsi orada necə də gözəl əks olunur:

      “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103)

      Minada hamılıqla rəmzi olaraq şeytan daşlayan müsəlmanlar şeytana, şeytanlaşmış yad ünsürlərə qarşı bir və toplu halda atılan daşlarla qalib gəlinəcəyinə inanırlar.

       Xülasə olaraq, həcc İslam aləminin ildə bir dəfə keçirilən ümumi bir toplantısı və qurultayıdır. Bu böyük fəaliyyət İslam düşmənlərinə qarşı gücü və müsəlmanların birliyini nümayiş etdirməkdədir.

      Həccin bir digər ictimai faydası geridə qalmış, fəqirlik içində qalan İslam ölkələrinin təsbit olunması və onlarla maddi və mənəvi əlaqələr qurulmasıdır. Bu təsbit olunan ölkələrə gələcəkdə onların da inkişafı üçün müəyyən yardımlar edilməkdədir.

      “Qul digər  (mömin) qardaşlarına yardım etdiyi müddətdə, Allah da ona yardım edər”. (Müslim, Zikr, 38)

       

       

       

       

      • Hits: 121 clicks

      Tecox component by www.teglo.info