Adəm ŞAHİN - KƏBƏDƏ İNTİHAR

      Share

      Bir neçə gün əvvəl “Kəbədə intihar” başlıqlı xəbər diqqətimi çəkmişdi. Xəbəri axıra kimi oxumuşdum. Bir nəfər Kəbənin yaxınlığında 3-cü mərtəbədən özünü ataraq ölmüşdü. Xəbərdə şəxsin izdihamın içərisində yerə düşdüyü, 

      “şans əsəri” heç kimsənin yaralanmadığı yazılmışdı. Bunu oxuyanda “videosu olsaydı, daha yaxşı olardı” deyə düşündüm. Xəbərdəki “şans əsəri” kəlməsi diqqətimi çəkdi. İnsanın qırması labüd olan bütlərdən biri də elə “şans” bütüdür.

      Gün olmur ki, yaxından-uzaqdan intihar xəbəri eşitməyək. Görəsən, marağıma səbəb olan məsələ intiharın Kəbədə olması idi? Müqəddəs torpaqlara “bal ayı” üçün gedənlər haqda eşitmişdim, amma intihar xəbəri ilk dəfə idi. Niyə dərhal qərəzli yanaşırıq ki?! Niyə “intihar” deyirik? Özünü atan şəxs “intiharıma görə heç kəs məsuliyyət daşımır” deyə bir qeyd buraxıb? Bəlkə bir coşqunluq halı yaşayıb? Yaxud qəbul etdiyi hansısa bir dərmanın təsiri ilə hallüsinasiya görüb? Ölən şəxsin dostları və yaxınlarından bunu soruşmadan “intihar” demək doğru deyildir, qul haqqıdır.

      İki-üç gün sonra “Kəbədə intihar” xəbərinin videosunu gördüm. Multimedia tənzimləmələrimə görə videoya başlat düyməsinə basmadan özü hərəkət etdirir. Beş-altı saniyəlik videonu bir anda görmüş oldum. Üçüncü mərtəbədəki adam özünü Kəbəyə tərəf təyyarədən paraşütlə tullanırmış kimi atır. Üç gün əvvəlki videoya baxma muradıma çatmışdım. Videonun altında “bəyən” mənasındakı ürək simvoluna basaraq yoluma davam etdim. Hələ baxacağım xəbər və video sayı çoxdur.   

      “Bəyən” düyməsinə bassam da, içimdə bir narahatlıq başlamışdı. Bir nəfərin ölüm videosunu bəyənmək doğrudurmu? Ölüm nə vaxtdandır bəzi siyasi mesajlar, eksklüziv açıqlamalar, yaxud maraqlı heyvan videoları kimi bəyənilir? Ölümü bəyənmək ancaq Allah yolunda can verərək fədakarlıq etmək və kəlmeyi-şəhadətlə vəfat etmək hallarında ola bilər.

      Bəzi haqq aşiqləri “Mədinə ilə cənnət arasında seçim etmək haqqım olsa, hansını istəyirsənsə orada qal desələr, mən Mədinəni seçərdim” demişdir. Ölüm mövzusunda da bəzən “Allahım, mənə rəsulullahın həyatı qədər ömür ver, 63 il yaşayım, bəsdir. Canımı Mədinəyə çatdığım zaman orada al; Rəsulullahın yanında dəfn edilim ki, qiyamətə qədər ona yaxın qalım” şəklində dua etmişlər.      

      Osmanlı dövründə 63 yaşını ötənlərdən yaşı soruşulanda “biz həddimizi aşdıq” deyə sözə başlayardılar.  Rəsulullahın yaşını keçməyi, ondan daha çox yaşamağı həddi aşmaq olaraq qiymətləndirərdilər. Belə incə ruhlu insanların Mədinə həsrəti ilə vəfat etmələrinə, yaxud şəhidlərin can verməsinə qibtə ilə baxaraq bəyənmək olar. Amma Kəbədə özünü yuxarıdan ataraq vəfat edən bir şəxsin ölüm videosunu necə bəyənmək olar?! Kəbənin döşəməsinə çırpılaraq düşən kəsin pişik kimi doqquz canı yoxdur ki! Onun can verməsi bir kompüter oyunu da deyil. Dərhal geri qayıtdım və “ürək” simvoluna yenidən basaraq bəyənməyimi ləğv etdim.

      Kəbənin döşəməsinə çırpılaraq vəfat edən şəxs özünü bəyəndirmək, “like” rekordu əldə etmək üçün belə bir hərəkət etməyib; bəs bizə nə olub ki, onun ölüm videosunu bəyənirik?! Mənim kimi onlarla insan videonu bəyənmişdi. Həqiqi həyatda və sosial mediada “dayanın, etməyin, səhvdir” deyən, haqqı və səbri tövsiyə edən həssas ruhlu insanların sayı getdikcə azalır. Qəlblərimiz gündən-günə qatılaşır. Kobudluğumuzu nəzakət, üsyanımızı ibadət, cahilliyimizi elm zənn edirik.

      Sabah Kəbədə döşəməyə düşərək ölən bu müsəlman qardaşımız məndən şikayətçi olarsa, nə edərəm? Birdən: “Mən nə etdiyimi bilmirdim. Özümü atdım. Sən bu hərəkətimin harasını bəyəndin? Mənim ölüm videomu gördüyün zaman “Allahım, məni qoru, sonumuzu xeyir elə” deyərək özünə dua etməli deyildinmi? Qardaşlıq hüququna görə, əgər yardım etmək imkanı yoxdursa, dua etməliyik. Sən mənə dua etdinmi? “Allahım, bu qardaşımın xətasını, günahını bağışla, kim bilir hansı səbəblə özünü üçüncü mərtəbədən atdı? Onun günahlarını əfv et, sən əfv etməyi sevənsən” dedinmi? Bəyənmək yerinə dərhal bir Fatihə oxusaydın olmazdımı? Ölən şəxsin bəyənmə reytinqinə ehtiyacı var, yoxsa arxasınca xeyir-dua edilməsinə? Sən necə qardaşsan?” deyərsə, mən ona nə cavab verərəm?

      Biz ağ-qara ekranlarla, qara yazı taxtaları ilə böyümüşük. Bizdən sonra ekranlar və lövhələr rəngləndi. Ağ-qara dövrün insanlarının ölüm və məzarlıq qarşısındakı reflekslərini yada salıram. İndikindən çox, həm də çox fərqli idi. Məzarlıq görəndə maşında radionu söndürər, yaxud səsini azaldardılar. Dodaqları tərpənməyə başlayar, tanımadığı ölülərə fatihə göndərərdilər. Amin deyərək əllərini üzlərinə çəkər, öz aqibətlərini, əzrayılın bir gün onlara da gələcəyini düşünərək hüznlənərdilər. Qardaşlıq budur: fatihələr göndərmək, dua etmək və hörmət göstərmək. Yoxsa ki, “bəyən” düyməsinə basıb keçmək deyildir.

      Bəyənməyimiz, yaxud bəyənməməyimiz Allah üçün olmalıdır. İnsan sevəcəksə, Allah üçün sevməlidir. Allah üçün sevməyin əks qütbündə Allah üçün nifrət etmək var. Mömin bu iki qütb arasında bir ömür yaşayır. Sosial mediada “bəyən” düyməsinə basmaq bu iki qütb arasında harada yer alır?

      Sizdən də soruşum, bəs siz Kəbədə vəfat edən bu qardaşımız haqda eşidəndə ona dua-istiğfar etdinizmi? Yoxsa Kəbədə intihar videosunu “youtube” kanalında axtararkən ağlınıza gəlmədimi?

                                                                                



       

       

      • Hits: 158 clicks

      Tecox component by www.teglo.info