Nurlan MƏMMƏDZADƏ - ƏZAB SİZİ HAQLAMADAN…

      Share

      İslamdan əvvəlki cahiliyyət dövründə yaşayan məkkəli müşriklər həyatın qayəsini yalnız bu dünyanı abad etməkdən ibarət zənn edirdilər. Dünyaya bir dəfə gəldiklərini əsas alaraq bu birdəfəlik ömrü eyş-işrət məclislərində keçirməyin dərdinə düşmüşdülər. 

      Həyatın qayəsini güclü olmaqda, zənginlikdə və sahib olduqları imkanlardan maksimum istifadə etməkdə görürdülər. Bu səbəblə hər vasitəyə əl atır, kimsəsiz biçarələri kölələşdirməkdən zövq alırdılar. Məkkə müşriklərinin dünya üçün əlləşib-vuruşduğu bir dövrdə, haqqı yalanlayıb axirət gününə və qiyamətin qopmasına etiraz etdikləri bir zamanda Allah-Təala onlara göndərdiyi Elçisinin dili ilə belə səsləndi: “Əl-Haaaqqa!”

      İnsanı bir anlıq diksindirən, tüklərini biz-biz edən bu bəlağətli söz əslində Qiyamətin adlarından biridir. Yəni haqq olan qiyamət. Gəlməsi mütləq və hər kəsi haqlayacaq o dəhşətli an…

      Bu bir kəlməlik ayə özlüyündə nə hikmətlər hayqırır. Ey insan, bir anlıq ayaq saxla! Dayan və düşün! Diqqət et, Haqqa nədir? Var-dövlət əldə etmək üçün ora-bura vurnuxursan, bütün qeyri-məşru davranışları halal sayıb hədəfə çatmaq üçün hər yola əl atırsan. Ey qafil insan, bu gedişin bir sonu var. Səndən daha güclüləri və daha zənginləri haqlayan ilahi qəzəb bir gün səni də yaxalamadan Haqqa gəl!..

      Gəlin Məkkədə nazil olan “Haqqa” surəsindən bir neçə ayəni sanki bizə yeni nazil olurmuş kimi birlikdə mütaliə edək:    

      “Haqq olan qiyamət! Nədir qiyamət?! Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti can-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! Sur bircə dəfə üfürüləcəyi; Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!” (əl-Haqqa, 1-15)

      Allah-Təala burada biz bəndələrinin diqqətini qiyamətə çəkdikdən sonra keçmiş qövmlərdən misallar verir. Çünki onların başına gələn hər bir bəla qiyaməti andırır. Ad, Səmud, Lut, Mədyən, Eykə və digər qövmlərin ilahi qəzəbə tuş gələrək həlak olması kimi qiyamət də anidən qopacaq. Üstəlik sura üfürüldükdən sonra bütün bu dəhşətlərdən daha qorxunc mənzərələrlə qarşılaşacağıq. Rəbbimiz bizə qiyamətin mütləq surətdə gələcəyini söyləyir və ona tədarük görməmizi istəyir. Bu ayələr bizə belə səslənir: Qiyamət sizi Ad və Səmud qövmü kimi yüksək və dəbdəbəli binalar tikməkdə yarışarkən yaxalamasın. Ey Lut qövmü kimi əxlaqsızlıq çılğınlığına dalanlar, bir anlıq ayaq saxlayın, çünki bu gediş sizi öncəkilər kimi həlaka sürükləyir. Əyləncənin başgicəlləndirən həzzi təfəkkürünüzü kor etməsin. Mədyən xalqı kimi ticarətə dalıb qazanc əldə etmək üçün hiyləyə əl atmayın. Bir gün insanları tərəzidə aldadarkən Mizan tərəzisində əməllərinizin ölçüldüyünü görərsiniz. Bəlkə bu hiylədən əl çəkəsiniz. Vəzifə və şan-şöhrət nəfsinizi fironlaşdırmasın, Nəmrud kimi inkarda inad etməyin. Bir gün ölüm mələyi eynilə Həzrət Süleyman kimi taxtınızdaca canınızı alsa nə edəcəksiniz? Qarun kimi sərvətinizin əsiri olmayın. Dünya dolusu var-dövlətin fidyə verilsə də heç bir qiymətinin olmadığı o qiyamət günü mütləq gələcəkdir.

      Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şərifində insanın iki qiyamətinin olduğunu buyurur. Ölüm hər birimizin kiçik qiyamətidir. Bütün kainatın darmadağın olub, Məhşərdə hesab verəcəyimiz o dəhşətli günsə böyük qiyamətdir. Ölümü gülərək qarşılaya bilənlər hesab günü olan böyük qiyamətdə üzüağ, alnıaçıq olacaqlar. Ölümü gülər üzlə qarşılamaqsa varlıq qayəsini anlamaq, ilahi xitaba qulaq vermək, həyatı Allah və Rəsulunun qoyduğu ölçülərə görə tənzimləməkdən keçir. İlahi əzabdan uzaq olmaq istəyənlər Qurani-Kərimin üçdə birini təşkil edən qissələri düzgün oxuyub öncəki qövmlərin aqibətindən ibrət almaq məcburiyyətindədirlər.

      İslam qiyamətədək davam edəcək son din olduğu üçün ümməti-Muhamməd üzərindən kütləvi şəkildə həlak olmaq bəlası qaldırılmışdır. Lakin bu fakt bizi arxayın etməməli, günaha alışdırmamalıdır. Bəşəriyyətin yaşadığı müxtəlif problemlər, başa gələn müsibət və bəlalar dolayı yolla işlədiyimiz günahların bu dünyadakı acı nəticəsidir. Digər tərəfdən, gözümüzü dünyaya yumub bərzəx aləminə qədəm qoyduğumuz andan etibarən işlədiyimiz hər günahın hesabını verəcək, qiyamət günü isə işlədiyimiz əmələ görə həmin əməlin sahibi qövmlərlə həşr olunacağıq. Əgər ilahi qəzəbə düçar olaraq həlak edilmişlərlə bir səfdə olmaq istəmiriksə bu dünyada ikən yolumuzu onlardan ayırmalı, Salehlərin, Yunusların, Musa və Şueyblərin izini təqib etməliyik. Axı dünyaya bir dəfə gəlirik və yaşadığımız ömrün təkrarı yoxdur. Ömür yolumuzda tufandan, borandan, qasırğa və leysandan əmin olmaq yol xəritəmizi düzgün seçməyə bağlıdır. Nəhəng dalğalar arasında məhv olmaq istəmiriksə, Hz. Nuhun iman gəmisinə minmək şərtdir.  

       

       

      • Hits: 129 clicks

      Tecox component by www.teglo.info