Akif HÜSEYNOV HƏYATIN QAYƏSİ: QULLUQ

      Share

      “Və mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım”[1] ayeyi-cəliləsi əslində nə üçün yaradılmış olduğumuzu tam açıq şəkildə ifadə edir. Bu ayə bizə göstərir ki, özümüz üçün bir həyat proqramı tərtib etməli və 

      mərkəzə, yəni başlanğıc nöqtəsinə Allahın bizim üçün qoyduğu qanunu qoymalıyıq.  Onun ətrafına isə bu qulluğu davam etdirmək üçün bədənimizin ehtiyaclarını sırası ilə qoysaq, o zaman düzgün bir qulluq həyatı yaşaya bilərik. Yox əgər mərkəzə Allahın qoyduğu qanun əvəzinə nəfs və şeytanın təlimatlarını qoysaq, o zaman ilahi qanundan kənar bir həyat tərzi yaşamağa başlayaraq sonumuzu təhlükəyə atmış olacağıq (Allah qorusun).

      İslam dini də əsasən həyat proqramını düzgün tərtib etmək və yaşamaq üçün insanlara göndərilmiş bir dindir. Müsəlmanlar doğru yaşamaq düsturunu Qurani-Kərim və Peyğəmbərimizin həyatından götürərsə, bu yolda müvəffəq ola bilər; əks halda, şeytanın aldadıb xüsrana düşürdüyü insanların həyatını özlərinə həyat tərzi seçərək onlar kimi həlaka sürüklənənlərdən olarlar.  

      Uca Allah insanı torpaqdan yaratmışdır.[2] Onu ən gözəl surətdə xəlq edərək[3] eşitmək, görmək, dərk etmək, düşünmək kimi qabiliyyətlər vermişdir.[4] Həmçinin insan zəif bir şəkildə yaradılmışdır.[5] Tələskən[6] və həris[7] bir təbiəti, yer üzündə fəsad çıxaracaq və qan tökəcək bir potensialı vardır.[8] Ancaq Rəbbi ona dəyər verib[9] öz ruhundan üfürmüş,[10] onu yer üzünün xəlifəsi etmiş[11] və ağır insani öhdəliklərlə qarşı-qarşıya qoymuşdur: “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Onu insan yükləndi. Həqiqətən, o, çox zalım, çox cahildir”.[12]

      İnsan üzərinə götürdüyü əmanət və öhdəlik sayəsində bir tərəfdən yaradılmışlar içərisində xüsusi və seçilmiş bir mövqeyə sahib olarkən, digər tərəfdən də bu öhdəliklərin məsuliyyəti barədə ağır bir yükün altına girmişdir. Amma Uca Allah öz lütf və kərəmi ilə bizlərin bu ağır yükünü xəfiflətmişdir. Yerdə və göydə olan hər şey, qısacası, bütün məxluqat aləmlərin Rəbbi olan Allaha ibadət və zikr etməklə[13] öz öhdəliklərini yerinə yetirir. Ayeyi-kərimədə belə buyurulur: “(Ey insan!) Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?”[14] Belə olduğu halda, göylərdəki və yerdəki hər şeyin xidmətinə verildiyi, gizli və aşkar minlərlə nemətlərə sahib olan[15] insanın Rəbbinə qulluq etməməsi düşünülə bilərmi? Uca yaradan özünə qulluq etmək qabiliyyətini insanın fitrətinə yerləşdirmiş, həyatın və ölümün “hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün”[16] var olduğunu bəyan etmişdir. O, insanın yalnız iman etməsinin qurtuluşuna və Allah qarşısında mükafata nail olmasına yetərli olmayacağına diqqətimizi çəkərək: “İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı zənn edirlər?”[17] - buyurmuşdur.

      Kainatın ən şərəflisi olan, keçmiş və gələcək günahları bağışlanmış olan Həzrət Peyğəmbər (s.ə.s) səhərə qədər, hətta ayaqları şişənə qədər ibadət edərək yuxarıdakı ayənin ciddiyyətini öz ümmətinə bildirmək istəmişdir. Amma təəssüflər olsun ki, biz ümməti səhər açılana, yəni gözlərimiz şişənə qədər yataraq sübh namazına çətinliklə qalxırıq və özümüzü elə aparırıq ki, sanki əfv olunub cənnətə giriş biletini əldə etmişik.

      Xülasə, insan həddini biləcək və nə üçün yaradıldığını, hara gedəcəyini, harada və necə hesab verəcəyini unutmayacaq. Həyatın boş, hesabsız olduğunu və özünün başlı-başına buraxılacağını[18] düşünmək nə qədər də absurd bir fikirdir.

      Bilinməlidir ki, bu dünyada axirət üçün nə qazana bildiksə, o, bizim üçün qurtuluş vəsiqəsidir. Necə ki, bir ayədə: “Allahın sənə verdiyindən (Onun yolunda xərcləyərək) axirət yurdunu istə; amma dünyadan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi sən də (insanlara)  yaxşılıq et!” [19] buyurulmaqdadır. Bu ilahi təlimatda insanın axirət səadətinə nail ola bilməsi üçün dünyadan əl-ətək çəkməsi deyil, Allahın ona ehsan etdiyi nemətləri Onun razı olduğu şəkildə sərf edərək bir axirət sərmayəsi halına gətirməsinin əsas olduğuna diqqət çəkilməkdədir.

       



      [1] əz-Zariyat, 51/56

      [2] əs-Səcdə, 32/7-9

      [3] ət-Tin, 95/4

      [4] əl-Mülk, 67/23, əl-Bələd, 90/8

      [5] ən-Nisa, 4/28

      [6] əl-Ənbiya, 21/37

      [7] əl-Məaric, 70/19

      [8] əl-Bəqərə, 2/30

      [9] əl-İsra, 17/70

      [10] əl-Hicr, 15/29

      [11] əl-Bəqərə, 2/30

      [12] əl-Əhzab, 33/72

      [13] əl-İsra, 17/44; əl-Cumuə, 62/1

      [14]  əl-Həcc, 22/18

      [15] Loğman, 31/20

      [16] əl- Mülk, 67/2

      [17] əl-Ənkəbut, 29/2

      [18] əl-Qiyamə 76/36

      [19] əl- Qəsas  28/77

       

      • Hits: 114 clicks

      Tecox component by www.teglo.info