Nurlan MƏMMƏDZADƏ QURANA SUSAMAQ

      Share

      Qurani-Kərim Rəbbimizin insanlığa göndərmiş olduğu ən böyük ərməğanıdır. Məxluqatın əşrəfi olaraq yaradılan insanın dünyadan şərəfi ilə ayrılmasını təmin edən qurtuluş vəsiləsi, zaman-zaman yol ayrıcında qalan insanı haqqa istiqamətləndirən bələdçi, nəfs çuxuruna düşən ruhlara uzadılan həyat ipidir. İnsan oğlunun yeganə xilas yeri Qurani-Kərimdir.

       Bilirik ki, Allahın verdiyi bütün nemətlər layiqincə istifadə edilmədiyi halda insandan şikayətçi olacaq və Rəbbimiz buna görə biz bəndələrini hesaba çəkəcək. Quran nemətindən layiqincə istifadə isə, şübhəsiz ki, onu çox oxumaq, ayələrini təfəkkür etmək, həyatı ona görə nizamlamaqdır.

      Quranın sədası insana xoş gələr, ruhunu oxşayar, qəlbini riqqətə gətirər. Çünki hər ikisi öz etibarı ilə ilahi mənşəlidir. Quran kəlamullahdır, sonsuz qüdrət sahibi Allahın kəlamıdır; insansa Onun ruhundan hissə daşıyan ən ali məxluqdur. Allah-Təala uca kitabımızda insana öz ruhundan üfürdüyünü belə xəbər verir: Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (təzim məqsədilə) səcdə edin!”[1] Məhz ona görə insan ağzına yaraşan ən gözəl söz də Quran ayələridir. Qurani-Kərim daşıdığı bəlağəti, fəsahət və ecazkarlığı ilə sadəcə insanı deyil, bütün məxluqatı özünə ram edən ayə və surələrin cəmidir. Belə ki, heyvanlar, cinlər, insanlar, hətta müşriklər də Quranı dinləyərək onun cazibəsinə qapılmışlar.

      Cinlər Quranı dinlədilər. Bu barədə hədis kitablarında yer alan hadisələrdən biri Allah Rəsulu Taifdən qayıdarkən baş vermişdir. Allah Rəsulu Nəhlə adlanan yerdə gecə namaz qılarkən bir qrup cin onun olduğu yerə gələrək oxuduğu Quranı dinləyib imana gəlmişdi. Bu hadisədən sonra nazil olan “Cinn” surəsində Quranın ecazı qarşısında onların iman etmələri xəbər verilir.[2]

      Müşriklər Quranı dinlədilər. İslamın ilk illərində Məkkə müşriklərinin Quranı dinləyərək iman gətirməsinə dair saysız-hesabsız dəlillər var. Məsələn, Hz. Ömərin, Sad bin Muazın və bir çoxlarının sırf Quranı dinləyərək müsəlman olduğu məlumdur. Həmçinin inadları ucbatından İslama düşmən mövqeyində qalan bəzi müşriklər də ilahi kitabın təsirinə qapılmaqdan özlərini saxlaya bilməmişdilər. Müşriklərin lideri sayılan Əbu Cəhl, Əhnəs və hələ İslamla şərəflənməmiş Əbu Süfyan bir gecə bir-birindən xəbərsiz Allah Rəsulunu Quran oxuyarkən gizlicə dinləmiş, eşitdikləri ayələrin cazibəsinə qapılaraq dan yeri sökülənə qədər olduqları yerdən ayrıla bilməmişdilər. Sübhün ilk işıqları altında evə gedərkən yolda bir-biri ilə qarşılaşıb özlərini qınasalar da, ertəsi gün eyni hal yenə təkrarlanmışdı. Yenə yolda qarşılaşaraq bir daha belə etməyəcəklərinə söz versələr də, Quranın cazibəsi üçüncü gecə də onları yataqlarını tərk edib Rəsulullahı dinləməyə vadar etmişdi. Nəhayət, bir daha belə etməyəcəklərinə dair and içərək ilahi ziyafətdən üz çevirmişdilər.

      Mələklər Quranı dinlədilər. Hədisi-şəriflərdə hər il Ramazan ayının gəlişi ilə Allah Rəsulunun Hz. Cəbrayıl ilə qarşılıqlı Quran oxuduğuna dair rəvayətlər var. Yəni Hz. Peyğəmbər oxumuş, Cəbrayıl (ə.s) onu dinləmiş, Hz. Cəbrayıl oxumuş, Rəsulullah (s.ə.s) onu dinləmişdir. Həmçinin Quran aşiqi səhabələrdən biri olan Üseyd bin Xudayrın başına gələn bu hadisə də mələklərin Quran heyranlığına dair rəvayətlərdəndir. Bir gecə yarısı Üseyd (r.a) evinin həyətində oturmuşdu. Oğlu Yəhya da yanında yatmışdı. Bir az aralıda isə atını bağlamışdı. Gecə sakit, göy üzü parlaq idi. Xoş və həzin səslə Bəqərə surəsindən ayələr oxumağa başladı. Birdən atının səsini eşitdi. O oxumağa davam etdikdə at şahə qalxırdı. Susduqda at da sakitləşirdi. Bir neçə dəfə yenidən oxumağa cəhd etsə də, at yenidən ürkərək şahə qalxdı. Üseyd (r.a) oğlu Yəhyanı geri çəkdi. Bu vaxt başını qaldırıb göyə baxanda ağ bulud kölgəsinin içində bir topa ulduzun parıldadığını gördü. Ertəsi gün Hz. Peyğəmbərin yanına gedib başına gələnləri ona danışdı. Rəsulullah (s.ə.s):

      - Oxu, ey Xudayr oğlu, oxu! – buyurdu.

      - Ya Rəsulallah! Atın Yəhyanı tapdalamasından qorxduğum üçün oxumağı saxladım. Həmin vaxt göy üzündə bulud kölgəsinə bənzəyən bir bəyazlıq vardı. İçərisində bir topa ulduzun par-par yandığını gördüm. Sonra həmin bulud göyə doğru yüksələrək görünməz oldu.

      Allah Rəsulu onların nə olduğunu soruşduqdan sonra Üseyd (r.a)-a belə dedi:

      - Ey Üseyd, onlar mələklər idi. Sənin səsinə gəlmişdilər. Əgər Quran oxumağa davam etsəydin, səhərə qədər səni dinləyəcəkdilər. Beləcə, insanlar da onları görəcəkdi.

      Hz. Peyğəmbər Quranı dinlədi. Allah Rəsulu Qurani-Kərimin birbaşa qəlbinə nazil olduğu peyğəmbər olmasına baxmayaraq, Quranı başqasından dinləməyi də çox sevərdi. Nə zaman məsciddə gözəl səslə Quran oxuyan birini eşitsə, ayaq saxlayar, diqqətlə Qurana qulaq asardı. İbn Məsud (r.a)-ın Peyğəmbər (s.ə.s)-ə Quran oxumasına, Onun da yaşlı gözlərlə səhabəsini dinləməsinə dair rəvayət[3] məşhurdur.

      Allah-Təala Quran oxuyan qulunu dinləyər. Hz. Peyğəmbər bir hədisi-şərifində belə buyurur: Allah gecə vaxtı Quran oxuyan bir bəndəsindən razı qaldığı qədər başqa heç nədən  razı qalmaz…[4] Bəli, Allah qulunu dinləyər və onun oxumasından xoşnud olar. Elə isə Rəbbimizin rizasını qazanmaq üçün nəyi gözləyirik? Quranın nazil olduğu Ramazan ayı bizim üçün bu vərdişi qazanmağa bir fürsətdir. Sahur vaxtı qılacağımız təhəccüdlər, oxuyacağımız Quran, gün ərzində tamamladığımız cüzlər əslində bizə bir ömür boyu Quranla yaşamağı öyrədir. Ramazan məktəbinin insana vermək istədiyi təlimlərdən biri də məhz Quran mərkəzli həyat sürməkdir.

      Bəzən fani dünya həyatında yaşananlar, daxili böhran və gərginliklər insanı məngənə kimi sıxdıqca içində bir boşluq hiss edər, qəlbi daralar, özünə yer tapa bilməz. Çarəsiz halda ruhi böhrana, bugünkü adı ilə stress və depressiyaya sürüklənər. Halbuki qəlb Qurana susamışdır, sahibi bundan xəbərsizdir. Həzrət Peyğəmbərin yaşadığı səadət əsrinə baxdıqda müsəlmanlar arasında stress və depressiya halları ilə qarşılaşmaq mümkün deyil. Yoxsulluq, qıtlıq, həyat təhlükəsi kimi saysız neqativ halla qarşılaşmalarına baxmayaraq onlar ruhən sükunət içərisində ömür sürürdülər. Bu günsə maddi rifahın ən ali səviyyədə olduğu zəmanəmizdə insanlar daha çox stress və ruhi sarsıntı keçirirlər. Səbəb Qurana susayan qəlblərimizi ondan məhrum qoymağımızdır. Çünki hədisi-şərifdə: “Qəlbində Qurandan heç bir əsər-əlamət olmayan kəs xaraba evə bənzəyər”[5] buyurularaq bu xüsus açıq-aydın izah edilmişdir.

      Quranın qəlbə təsiri susuzluqdan cadar-cadar olmuş torpağa verilən su kimidir. İnsanın əhyası qəlbinin Quranla qidalanması nisbətindədir. İlahi kəlamın əks-səda vermədiyi qəlblər və  məkanlar zülmət içərisindədir. Qurandan uzaq qalanlar qaranlığa məhkumdur.  

               

       



      [1] əl-Hicr, 29

      [2] əl-Cinn, 1-4

      [3] Buxari, Fəzailul-Quran, 32-33

      [4] Tirmizi, Səvabul-Quran, 17

      [5] Tirmizi, Fəzailul-Quran, 18

       

      • Hits: 132 clicks

      Tecox component by www.teglo.info