Ələddin SULTANOV BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهُ لَحَافِظُونَ

      “Həqiqətən, Quranı Biz nazil etdik və əlbəttə, Biz onu qoruyacağıq!”  (əl-Hicr, 15/9)

       

      Qurani-Kərimin adlarından biri də “Zikr”dir. Buna görə də ayədə keçən zikr sözünü Quran olaraq tərcümə etdik. Burada Allah-Təala Quranın məhz Onun tərəfindən göndərildiyini və hər cür təhrifə qarşı mühafizə olunacağını vəd etmişdir. İlk vəhyi Ramazan ayında enən Qurani-Kərimi Uca Allah Cəbrayıl (ə.s) vasitəsilə Həzrət Peyğəmbərə (s.ə.s) 23 il ərzində tədrici olaraq nazil etmişdir. Peyğəmbərimiz son peyğəmbər olduğu kimi, müqəddəs kitabımız da son ilahi kitabdır. Çünki Qurandan əvvəlki ilahi kitablar müəyyən dərəcədə təhrif olunmuşdur. Buna görə də Uca Allah məhz Quranın son ilahi kitab olaraq hər hansı bir dəyişikliyə məruz qalmadan qiyamətə qədər qalacağını vəd etmişdir. Böyük təfsirçi İbn Cərir ət-Təbəri bu ayənin təfsiri ilə bağlı olaraq qeyd etmişdir ki, Uca Allah burada Qurana vəhydən başqa bir kəlamın qarışmasına və hökmlərində hər hansı bir nöqsanlığa yol verilməsinə mane olacağını vəd etmişdir. Yəni Qurani-Kərim həm maddi baxımdan, həm də mənəvi baxımdan Allahın mühafizəsi altındadır.

      Quranın mənəvi baxımdan mühafizəsi Həzrət Peyğəmbərə (s.ə.s) nazil olan vəhylərə şeytan və cinlərin müdaxilə edə bilməməsidir. Yəni Qurani-Kərim içində heç bir dəyişiklik baş vermədən Uca Allah tərəfindən Cəbrayıl (ə.s) vasitəsilə birbaşa peyğəmbərimizə vəhy olunmuşdur. Maddi baxımdan mühafizəsi isə Quranın düzgün və dəqiq şəkildə oxunub əzbərlənməsi və yazılmasıdır. Quranın bütün ayələri nazil olduğu andan etibarən vəhy katibi olan qırxa yaxın səhabə tərəfindən yazıya köçürülmüşdür. Çünki Həzrət Peyğəmbər (s.ə.s) istər Məkkədə, istər Mədinədə, istərsə də səfərdə olarkən daim vəhy katiblərindən biri onun yanında olardı. Peyğəmbərimiz (s.ə.s) Quranın yazılmasına da nəzarət etmişdir. Belə ki, vəhy katibi yeni nazil olmuş hər hansı bir ayəni yazıb qurtardıqdan sonra Peyğəmbərimiz (s.ə.s) ona yazdığını oxutmuş, əgər yazıda əskik bir şey varsa, onu düzəltdirmişdir. Peyğəmbərimizin Quranın mühafizəsi ilə bağlı bu hədisi də böyük əhəmiyyət kəsb edir: “Quran xaricində məndən eşitdiyiniz hər hansı bir şeyi yazmayın. Əgər Qurandan başqa bir şeyi yazmısınızsa, onu yox edin!” (Müslim, Zühd 72) Qurani-Kərimin mühafizəsinin digər bir cəhəti isə onun misilsiz ecazkarlığıdır. Yəni qiyamətə qədər heç kəs Quranın bir bənzərini gətirə bilməyəcəkdir.

      Qurani-Kərim Həzrət Peyğəmbərin (s.ə.s) həyatda olduğu müddət ərzində bütövlüklə yazılmış, ancaq bütün ayələrin bir yerə cəm edilib kitablaşdırılması Həzrət Əbu Bəkrin (r.ə) xəlifəliyi dövründə baş tutmuşdur. Üçüncü xəlifə Həzrət Osmanın dövründə isə Quran əslinə uyğun şəkildə çoxaldılaraq digər müsəlman məmləkətlərə göndərilmişdir. Uca Allah bizləri son ilahi kitab olan Quranı haqqı ilə oxuyub əməl edən bəndələrindən eyləsin!

       

       

       

      • Hits: 127 clicks

      Tecox component by www.teglo.info