Osman Nuri TOPBAŞ HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Abdulqadir Gilani - 6

      Share

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey qafil, oyan! Bu ayda oyan və ibrət al! Bu qəflət halından qurtul ki, qarşına çıxan böyük neməti görəsən! Heç olmasa Ramazan ayının geri qalan hissəsini tövbə və Allaha dönüşlə tamamla. Bu ayda istiğfar və itaət hazırlığı gör. Bəlkə bu sayədə rəhmət və şəfqətə nail olasan”.

      Ramazani-Şərif ibadət və xeyir əməllərin qat-qat artıqlaması ilə mükafatlandırıldığı, feyz və bərəkətlərlə dolu müstəsna mənəvi qazanc mövsümüdür.

      Xüsusilə ondakı Qədr gecəsi Quranın ifadə etdiyi kimi  “خَيْرٌ مِنْ اَلْفِ شَهْرٍ : min aydan xeyirli”[1] qılınmışdır. Bu, ilk növbədə Allah-Təalanın lütf və kərəminin əzəmətinə dəlildir. Çünki hər kəs öz itaət, vüsət və imkanına görə ikram və ehsan edər. Bir gecənin əhyasına min ayın əcrini lütf etməksə yalnız hüdudsuz qüdrət və sonsuz xəzinələrə sahib olan Allahın şanına məxsus bir comərdlik və mərhəmətdir.

      İkincisi, Allah-Təalanın Həbibinə və Onun vəsiləsi ilə də ümməti-Muhammədə duyduğu məhəbbət və mərhəmətin böyüklüyünə işarədir. Çünki digər peyğəmbərlərə və onların ümmətlərinə belə bir gecənin lütf edilməsinə dair hər hansı bir xəbərlə rastlaşmırıq.

      Beləliklə, həm Ramazani-Şərif, həm də Qədr gecəsi mənəvi fürsətlərindən əsla məhrum qalmayacağımız müstəsna vaxtlardır.

      Abdulqadir Gilani həzrətlərinin buyurduğu kimi, saleh zatlardan biri bu mübarək ayın qiymətini belə izah etmişdir:

      “İl bir ağacdır. Rəcəb ayı bu ağacın yarpaqladığı günlərdir. Şaban ayı bar gətirdiyi günlərdir. Ramazan ayı isə məhsulun yığıldığı günlərdir”.

      Deməli, belə bir mövsümdə qəflət yuxusuna dalan kəs məhsulu vaxtında yığmağa laqeyd qalıb barı ağacda çürüdən bağban kimi ziyana düçar olar.

      Nəticə etibarı ilə Haqq-Təalanın rəhmət, məğfirət və sonsuz lütflərinə qovuşma mövsümü olan bu mübarək günləri ayıq könüllə idrak və əhya etməliyik. Onun bir anını belə boşa keçirməməyə diqqət etməliyik. Onu xalis niyyətlə ibadət, xidmət və fədakarlıqla mənəvi səfərbərlik zamanı bilməliyik.

      Dilimizdə “Allah qonağı” deyimi var. Gələn qonaq könül xoşluğu ilə qarşılanar, “onu bizə Allah göndərdi” deyərək yaxşı süfrə açılar, hörmət göstərilər. Hətta evin ən gözəl guşəsi qonaq üçün ayrılar. Bütün bu həssas davranışlar Allahın rizasına nail olmaq üçündür. Çünki göndəriləni razı salmaq göndərəni razı salmaq kimidir.

      Allah-Təalanın zamana əks etmiş lütfü sayılan Ramazani-Şərif də bizim üçün məcazi mənada “Allah qonağı” kimidir. Allahın ildə bir ay könüllərimizə göndərdiyi bu mübarək qonağı oruc, təravih, sahur, iftar, fitrə və infaqla; din qardaşlığını yaşamaqla, zəriflik və incəliklə, səbirlə nəfsi cilovlayaraq, Qurani-Kərimlə ünsiyyəti artıraraq yaxşı qarşılamalıyıq. Bizi Ramazanla şərəfləndirən Rəbbimizə sonsuz şükürlər edək. Onu gözəl şəkildə əhya edərək bu şükrümüzü felən də sübuta yetirək.

      Ramazani-Şərifin son günlərində isə göz yaşları içində:

      “Ey qəlblərimizin yuyulduğu mübarək ay! Yenə gəl və bizi əhya et!..” deyə dua edərək həsrətlə vidalaşmalı, bizdən razı halda yola salmalıyıq. Beləliklə də, bu təqva məktəbindən sonra rəhmət, məğfirət və cəhənnəmdən qurtuluş şəhadətnaməsi olan həqiqi bayrama çıxmağa çalışaq.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Fitrə vermək oruc tutan adam üçün təmizləyicidir. Oruclunun əskiklərini və savablarını tamamlayar. Eynilə günahlara tövbə-istiğfar kimi, səhv qılınan namaz üçün edilən səhv səcdəsi kimi…”

      Həcc və ümrə edərkən bəzi səhvlərin və nöqsanların kəffarəsi üçün sədəqə vermək lazımdır. Verilən bu sədəqələrin həmin qüsurları düzəldəcəyinə ümid edilir. Zahirən heç bir xəta işlənməsə belə fərqində olmadan işlənən qüsurların əfvi, yaxud da Rəbbimizin lütf etdiyi nemətlərin şükrü üçün sədəqə verilər. Həmçinin vəfat edən bir adamın ardından yaxınları və sevənləri tərəfindən onun adına sədəqələr paylanır. Bu da onun günahlarının əfvinə, dərəcəsinin yüksəlməsinə vəsilə olması ümidi ilədir. Ramazanda verilən fitr sədəqəsi (fitrə) də bunun kimidir.

      Necə ki, Abdulqadir Gilani həzrətləri Vəki bin Cərrah g-ın belə dediyini nəql edir:

      “Səhv səcdəsi namaz üçün nədirsə, fitrə də Ramazan üçün odur. Bunun üçün Rəsulullah r fitrə verməyi əmr etdi. Ta ki oruclunun xəta və qüsurlarını təmizləsin və düzəltsin”.

      Rəsulullah r imkanı olan qadın-kişi, böyük-kiçik – hər kəsin bayram namazına qədər fitr sədəqəsini verməsini istəmiş və ehtiyac sahiblərini qəsd edərək: “Bu bayram günündə onları ac dolaşmaqdan qurtarın!” – buyurmuşdur. (İbn Sad, I, 248)

      Hənəfi məzhəbində vacib, Şafei, Maliki və Hənbəli məzhəbində isə fərz hökmündə olan fitr sədəqəsi bayram namazından əvvəl verilərsə məqbul sədəqə olar, bu namazdan sonraya qalarsa, fitr xaricində verilən sədəqə yerinə keçər.[2]

      Bu xüsusa da diqqət etməliyik ki, fitrə, demək olar ki, hər kəsin verə bilməsi üçün cüzi miqdarda müəyyənləşdirilmiş sədəqədir. Lakin Allah-Təalaya şükrümüzü və məhəbbətimizi ifadə etmək üçün buna əlavə olaraq imkanımız ölçüsündə infaq etməyə çalışmalıyıq. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

      Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etmədikcə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      İşləyən adam işini tamamladıqda əmək haqqını alar. Biz (Ramazan ayındakı) əməllərimizi tamamladıq. Kaş biləydim, oruc və namazımız məqbul olacaq, yoxsa üzümüzə vurulacaq?

      Kaş aramızda məqbul olanı bilib təbrik edəydik. Rədd olunanı da bilib yasına gedəydik”.

      Saleh əməllərin ədası üçün göstərdiyimiz səyləri onların Allah qatında məqbul olması və əcrinin qorunması üçün də göstərməliyik. Çünki bir hədisi-şərifdə belə buyurulur:

      “Elə oruc tutanlar var ki, oruclarından onlara quru aclıqdan başqa heç nə qalmaz. Gecələr namaz qılan elə adamlar var ki, namazdan əldə etdikləri yalnız yuxusuzluqdur”. (İbn Macə, Siyam, 21)

      Deməli, bir ibadəti zahirən əda etməklə iş bitmiş sayılmır. Qəlbi xəstəliklərlə əməllərin zay edilməsi, yaxud qəflət və ya laqeydlik səbəbi ilə saleh bir əməlin əldən verilməsi ariflər nəzərində dünyəvi fəlakət və müsibətdən daha böyük itki sayılır.

      Fəzl bin Abbas t belə deyir:

      İnsanlara heyrət edirəm. Övladım öləndə minlərlə adam gəlib başsağlığı verir. Amma bir vaxt namazını camaatla qıla bilmədiyim üçün heç kim gəlib mənə başsağlığı verib kədərləndiyini bildirmir.

      And içərək deyirəm ki, (üzrsüz yerə) bir vaxt namazında camaatla olmamaq mənim üçün yetkin, alim və saleh bir övladımın ölümündən daha ağır müsibətdir”.

      Necə ki, Hz. Peyğəmbər r gözləri görməyən səhabəsi Abdullah bin Ümmü Məktum t-ın belə camaatla namazdan geri qalmamasını istəmiş, azanı eşitdiyi təqdirdə məscidə gəlməsini əmr etmişdir.[3]

      Digər tərəfdən, hansı əməlimizin Allah qatında qəbul edilib hansının rədd olunacağını dəqiq bilmədiyimiz üçün heç bir əməlimizə güvənməməli, daima Rəbbimizin rəhmətinə sığınmalıyıq. Çünki dualarımız kimi əməllərimiz də Allahın qəbuluna möhtacdır.

      Əməlisaleh kəslər ibadət və xidmətlərini böyük həssaslıqla əda etmələrinə rəğmən heç vaxt bunu əbədi qurtuluşları üçün kifayət görməmişlər. Allah-Təalanın lütf-kərəminə sığınaraq əməllərini qəbul etməsi üçün dua etmişlər. Muəlla bin Fəzl g-ın buyurduğu kimi:

      “Sələfi-salehin (yəni keçmişdə yaşamış saleh insanlar) qovuşduqları Ramazanı qəbul etməsi üçün altı ay Allaha dua edərdi”. (Bax. Qivamus-Sünnə, ət-Təib vət-Tərhib, II, 354)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      Ramazan ayını axan göz yaşları ilə yola sal. Ah çəkib inləyərək xam nəfsinə ağla! Elə oruclular var ki, bir daha oruc tuta bilməyəcək hala gələcəklər. Elə namaz qılanlar var ki, qıldığından artıq namaz qıla bilməyəcək”.

      Ömür, sağlamlıq, afiyət, bütün bunlar məhdud zaman içərisində bizə əmanət edilən fani nemətlərdir. Hər fani kimi onlar da məchul bir gündə sona çatacaq.

      aElə isə bu nemətlər əlimizdən çıxmadan əvvəl qulluq vəzifələrimizə ciddi yanaşaq.

      aQulluğumuzu yerinə yetirə bilməyin nə qədər böyük bir nemət olduğunu dərk edək.

      aBir gün ibadət və qulluğumuzu əda edə bilməyəcək hala düşəcəyimizi tez-tez yada salaq.

      aBu şüurla həm ibadətlərimizi ən gözəl şəkildə əda edək, həm də bizi buna müvəffəq etdiyi üçün Rəbbimizə şükür edək…

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey qafil! Hanı sənin göz yaşların?.. Tövbəni hansı ilə saxlayırsan? Gələn iləmi?.. Heç elə deyil, ömür müddəti sənin əlində deyil. Onun nə qədər olduğunu bilmək də sənin işin deyil!

      Elə ümid bəsləyənlər var ki, arzusuna çatacağını umsa da, ona çata bilməmişdir…

      Bir çoxları bayram üçün ətir hazırlamış, lakin onu qəbrində qoxlamışdır. Bayram üçün təmiz paltar hazırlayan bir çoxları üçün hazırladığı paltar kəfən olmuşdur…

      Elə insanlar var ki, tutduğundan başqa oruc tuta bilməmişdir. Halbuki başqa Ramazanlara çıxıb yenə oruc tutmağı ümid edirdi.

      Ey Allahın bəndələri! Bilin ki, böyük bir aydan ayrılırsınız. Fəzilətli, kərim bir ayı geridə qoyursunuz.

      Bir düşünün; sizdən əvvəl yaşayıb oruc tutan, namaz qılan və əmrləri yerinə yetirənlər haradadırlar? (Bəs siz bir müddət sonra harada olacaqsınız?!.)”

      Ramazani-Şərif eyni zamanda ömür təqvimi üzərində təfəkkür mövsümüdür. Yada salaq, keçən Ramazan aramızda olan bir çox dost-tanışımız, qohum-əqrəbamız bu Ramazan bizimlə deyil. Keçən Ramazan onların son Ramazanı oldu. Bizim də qarşıdan gələn ilin Ramazan ayında olub-olmayacağımız məchuldur!.. Rəsulullah r -in bu namazın son namazımız ola biləcəyini düşünərək qılmağı tövsiyə etdiyi kimi biz də yaşadığımız bu ayı son Ramazanımız ola biləcəyi düşüncəsi ilə bəsirət və ayıq-sayıqlıqla dəyərləndirək:

      aBir an əvvəl tövbə-istiğfar ilə halımızı islah etməyə yönələk.

      aÜstümüzdə qul haqqı varsa, dərhal ödəyib halallaşaq.

      aAxirət azuqəmiz olacaq saleh əməlləri gələcəyi məchul olan sabahlara ertələmə qəflətindən qurtulaq. Çünki “sabah edərəm deyənlər həlak oldu”. Sabahı olmayan bir əbədiyyət gününün nə zaman başlayacağını bilmirik. Hər an ona hazır olmalıyıq.

      aBütün varlığımızla Ramazani-Şərifin rəhmət dəryasında təmizlənərək mənfi hallarımızı tərk etməli, pis vərdişlərimizdən qurtulmalı, günah kirlərindən xilas olmalıyıq.

      Çünki Peyğəmbər r bir hədisi-şərifində belə buyurmuşdur:

      “...Cəbrayıl u mənə göründü və: “Ramazani-Şərifə yetişdiyi halda günahları əfv edilməyən kəs rəhmətdən uzaq olsun!” - dedi. Mən də “Amin!” dedim...” (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)

      Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

      “…Vay Ramazana yetişib bağışlanmamış olan adamın halına. İnsan Ramazanda da bağışlanmadıqdan sonra daha nə vaxt bağışlanacaq?! (İbn Əbi Şeybə, əl-Musannəf, II, 270; Heysəmi, Məcma, III, 143)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Mömin bəndənin bayramı Rəhman olan Allahın rizasıdır…

      Mömin insan bayrama girərkən başında hidayət tacı, gözlərində ibrət nəzəri, qulaqlarında haqqı dinləmək, dilində tövhid şəhadəti, qəlbində mərifət və yəqin, boynunda İslam örtüsü, belində qulluq qurşağı olar. Möminin feyz mənbəyi mehrab və məscidlərdir… Möminin bayramı Allaha dua və yaxınlıqdır…”

      Bayram cəmiyyət içində müəyyən bir sinfin çılğınca əylənəcəyi nəfsani rahatlıq, zövq-səfa və keyf sürmə günü deyil. Bayramlar ruhani sevinc içində ibadət vəcdi ilə yaşanmalıdır.

      Ona görə də bayram günü və gecəsi edilən həmd, şükür, zikr, təsbih, təkbir ilə fərdi və ictimai qulluq təzahürlərinə Haqq-Təala müstəsna mükafatlar lütf edər.

      Hədisi-şərifdə belə buyurulur:

      “Ramazan və Qurban bayramı gecələrini savabını Allahdan umaraq ibadətlə əhya edənlərin qəlbi – bütün qəlblərin öldüyü gün – ölməyəcək”. (İbn Macə, Siyam, 68)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Bayram dedikdə ağıla gözəl paltarlar geyinmək, ləziz yeməklər yemək, əyləncəyə dalmaq gəlməməlidir.

      Əsl bayram Allaha itaətin məqbul olduğundan əmin olmaq, günah və xətaların bağışlandığını hiss etmək, pis əməllərdən uzaqlaşmaq, yüksək dərəcələrə nail olma müjdəsini almaq, yaxşılıq, ehsan və ikramlara nail olmaqdır”.

      Haqq aşiqləri nəzərində əsl bayram bu fani dünyadakı ilahi imtahanlardan müvəffəqiyyətlə çıxaraq səlim qəlb, rahat vicdan və üz ağı ilə Allahın hüzuruna çıxmaq və həmin an yaşanan sevinc anıdır. Bəhlul Danəndə həzrətləri də:

      “Əsl bayram yeni paltar geyinənə deyil, Allahın əzabından əmin olanadır”, - deyə buyurmuşdur.

      Abdulqadir Gilani həzrətləri bu qəbildən belə bir qissə nəql edir:

      Bir nəfər bayram günü Hz. Əlinin yanına gedir. Onun quru çörək yediyini görüb belə deyir:

      - Bu gün bayram olduğu halda sən quru çörək yeyirsən?

      Hz. Əli bu cavabı verir:

      - Bayram o adamadır ki, orucu məqbul, çalışması yerində, günahları da bağışlanmış olsun. Bu gün bizə bayramdır, sabah bizə bayramdır, Allaha asi olmadığımız hər gün bizə bayramdır.

      Yəni əsl bayram Allah-Təalanın bizdən razı olmasıdır. Belə bir bayrama nail olmaq üçün dünya həyatında qovuşduğumuz bayramları tətil səyahətinə çıxmaq üçün fürsət deyil, din qardaşlığını yaşayacağımız ictimai ibadət günləri olaraq görməmiz lazımdır. Əsl bayram cəmiyyət içində sevinc və təbəssümü unutmuş iztirab sahiblərinin ehtiyaclarını təmin səfərbərliyinə girməklə yaşana bilər; onların könüllərini alaraq Allahın rizasına nail olmaqla ...

      Rəvayətə görə, bir gün Musa u:

      “Ya Rəb! Səni harada axtarım?” – deyə dua etmişdi. Allah-Təala:

      “Məni qəlbi qırıqların yanında axtar!” - buyurdu. (Əbu Nuaym, Hilyə, II, 364)

      Bayram müştərək yaşanan sevincdir. Təkbaşına bayram namazı qıla bilmərik, öz-özümüzlə bayramlaşa bilmərik. Bayram ictimailəşmək, qayğıkeşlik və fədakarlıqdır. Möminin möminə zamin olduğunu dərk etməkdir.

      Həmçinin bayram:

      aSileyi-rəhmə (qohum-əqrəba ziyarəti) riayətdir.

      aBir vəfa borcu olaraq keçmişlərin ruhunu xeyir işlərlə şad etməkdir.

      aİman qardaşlığını cəmiyyət səviyyəsində yaşatmaqdır.

      aKüskünlükləri aradan qaldırmaqdır.

      aDin qardaşları ilə qaynaşmaq kimi bir çox ictimai ibadətin yerinə yetirildiyi müştərək sevinc günləridir.

      Bir sözlə, bayram möminin yalnız öz səadət və xoşbəxtliyini düşünəcəyi tətil günü deyil. Rəsulullah r-in tətili yox idi. Allah yolunda göstərdiyi səy və fədakarlıqlar heç vaxt onu yormadı. Bir xurma ağacının kölgəsinə çəkilib üç gün burada istirahət edim demədi. Onu işlədiyi xeyir əməlləri, ibadəti, İslama təbliği dincəldir, qəlbinə rahatlıq verirdi. Çünki bu saydıqlarımız axirət qazancıdır və “Əsas həyat axirət həyatıdır”. (Buxari, Riqaq, 1)

      Bayramlar məhz bu cür yaşanarsa, əbədi bayramlara körpü olar. Bursəvi həzrətləri bu xüsusda belə buyurur:

      “Bizim üç bayramımız var. Birincisi Ramazan (və Qurban) bayramıdır. Bu, təbiət və nəfsin bayramıdır. İkincisi kamil imanla köçmək şərti ilə ölüm bayramıdır. Bu, böyük bir bayramdır. Üçüncüsü və ən böyük bayramsa axirətdə Allahın camalının təcəllisinə məzhər olduqda yaşanan bayramdır”.[4]

      Xülasə, əsas bayram imanla verilən son nəfəs bayramıdır. Əməl dəftərini sağdan alma bayramıdır. Hz. Peyğəmbərin şəfaətinə nail olma bayramıdır. Siratdan keçərək cəhənnəmdən azad olma bayramıdır. Cənnətə giriş izni alma bayramıdır və bütün bunlardan uca olan Camalullaha tamaşa bayramıdır…

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey Allahın qulları, bir adam nəfsini Ramazan ayında günah işləməkdən qorudusa, bunu Ramazandan sonrakı aylarda da davam etdirsin. Çünki Ramazan ayının da, ondan sonrakı ayların da Allahı birdir. O, hər iki zamandan da xəbərdardır”.

      Ramazani-Şərif ömrümüzü necə yaşayacağımızı təlim etmək üçün bizə lütf olunan, il ərzində bir aylıq ciddi rejimlə çalışan məktəb kimidir. Bu məktəbdən layiqincə istifadə edə bildiyimizin dəlili onda qazandığımız gözəl vərdişləri Ramazandan sonra da, hətta ömür boyu davam etdirə bilməyimizdir.

      Çünki müsəlmanlıq müəyyən zamanlara xas olan mərasim deyil, ömürlük təqva həyatıdır. Namaz və oruc kimi ibadətlər müəyyən bir müddət ərzində əda olunub tamamlanır. Lakin ubudiyyət, yəni qulluq son nəfəsə qədər, fasiləsiz davam etməlidir.

      Həmçinin Allahın rəhməti hər an təcəlli edir. Mühüm məsələ ona çatdıracaq vəsilələrin arayışı ilə yaşaya bilməkdir. Ona görə “Hər gecəni Qədr, hər keçəni Xızır bil”, - deyiblər.

      Xülasə, Ramazani-Şərifdə qulluq vəzifələrimizə ciddi yanaşıb sonrakı aylarda tənbəlliyə qapılmaq möminə yaraşmaz. Rəbbimiz belə bir yanlışa düşməyək deyə bizə bu cür xəbərdarlıq edir:

       

      “…Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın!..” (ən-Nəhl, 92) Rəvayətə görə, həmin qadın Rayta binti Sad idi. Əqli cəhətdən xəstə olan bu qadın gün uzunu ip əyirər, sonra isə onu sökərdi. Beləliklə, bütün günü boş yerə əziyyət çəkmiş olardı. Onun bu halı qulluq vəzifələrini müəyyən zamanda əda edib sonra əldə olunan gözəl vərdişləri itirməkdən çəkinmək xüsusunda Quranda misal kimi göstərildi.

      Deməli, ağlı başında olan hər mömin qulluq həyatında bu vəziyyətə düşməkdən çəkinməlidir. Çünki hörmək çətin, sökmək asandır. İnşa etmək çətin, yıxmaq asandır. İnşası üçün illərlə əmək verilən bir abidəni bir gündə yerlə-yeksan etmək mümkündür.

      Bir sözlə, Ramazani-Şərifdə qazandığımız qulluq ciddiyyətini, əldə etdiyimiz qəlbi həssasiyyətimizi mühafizə edərək növbəti Ramazana eyni könül feyzi ilə çıxmalı və beləliklə, bütün ömrü Ramazan iqlimində keçirməliyik.

      Allah-Təala Ramazani-Şərifin ruhaniyyəti içində ömür sürüb əbədi səadət müjdələri ilə gələn son nəfəs bayramına çatmağı hər birimizə lütf etsin.

      Xüsusilə bu mübarək günlərdə bütün yer üzündəki məzlum din qardaşlarımızın iztirablarını daha dərindən hiss etməyi, könüllərimizi onları qucaqlayan rəhmət dərgahına çevirə bilməyi, maddi və mənəvi yardımlarımızla, həmçinin qəlbi dualarımızla onların yarasına məlhəm olmağı bizə nəsib etsin. Əsrimizin biçarə İslam aləminə həqiqi bayram sevinci bəxş etsin.

      Amin!..

       



      [1] əl-Qədr, 3.

      [2] İbn Macə, Zəkat, 21.

      [3] Əbu Davud, Salət, 46/553.

      [4] Bursəvi, Ruhul-Bəyan, c. II, s. 200, Erkam Yayınları.

       

      • Hits: 95 clicks

      Tecox component by www.teglo.info