HAFİZLƏRLƏ MÜSAHİBƏ

      Share

      Azərbaycanın rəsmi hafizlik müəssisəsi olan Şəki İslam (hafizlik) kollecində növbəti hafizlik mərasimi baş tutdu. 12 may tarixində keçirilən “X ənənəvi Hafizlik mərasimi”ndə müəssisənin 35 tələbəsi daha “Hafiz” titulunu əldə edərək diplomlarla təltif olundu.

       Qurani-Kərimi başdan sona əzbərləyən bu nur üzlü balalarımızdan bir neçəsi ilə hal-əhval tutub duyğularını sizinlə bölüşmək istədik.

       

      1. Özünüzü qısaca təqdim edin.

      Paşayev Amin Asif oğlu. 22 iyun 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuşam.

      1. Necə olub Hafiz olmağa qərar verdiniz?

      Şəki (hafizlik) İslam Kollecinə gəlmədən öncə Mingəçevirdə məscidə gedirdim. Məscid müəllimim məni Şəki (hafizlik) İslam Kollecinə yönləndirdi. Mən də müəllimin tövsiyəsi üzərinə Şəki (hafizlik) İslam Kollecində təhsil almağa başladım.

      1. Orta məktəb dərsləri ilə yanaşı hafizliyi davam etdirmək çətindirmi?

      Bəli, çətindir. Ancaq hafiz olmaq üçün bu çətinliyin öhdəsindən gəlmək lazımdır. Hafizlik bir fədakarlıq işidir. Ailədən, vaxtdan, əyləncədən, uşaqlıqdan bir az uzaq qalmaqdır. Əgər bir işdə çətinlik yoxdursa o işin dəyəri və qiyməti də bilinməz.

      1. Hafiz olmaq nə cür duyğudur, hansı hissləri keçirirsiniz?

      Hafiz olmaq elə bir duyğudur ki, onu yazı ilə anlatmaq imkansızdır. Bu duyğunu ancaq yaşayaraq dadmaq lazımdır.  

      1. Hər kəs hafiz ola bilərmi? Hafizlik üçün nələr lazımdır?

      Xeyr, hafizlik üçün istəkli, iradəli və əzmli olmaq lazımdır.

      1. Gələcəyinizi nə cür qurmaq istəyirsiniz?

      Dini təhsillə yanaşı, dünyəvi təhsilin də önəmli olduğunu düşünürəm. Buna görə də Şəki (hafizlik) İslam Kollecində təhsilimi tamamladıqdan sonra iqtisadiyyat fakültəsini bitirərək bu sahədə işləmək istəyirəm.  

      1. Özünüzü qısaca təqdim edin.

      Kərimli Sahab Əli oğlu. 2002-ci il may ayının 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşam. 6-cı sinfi həmin kənddə bitirib Şəki (hafizlik) İslam Kollecinə qəbul olmuşam. Hal-hazırda Şəkidə 10 saylı məktəbin 10-cu sinfində oxuyuram.

      1. Necə olub Hafiz olmağa qərar verdiniz?

      Balaca yaşlarımdan Qurani-Kərimi öyrənməyə böyük həvəsim olub. Kiçik yaşlarımdan məscidə gedərək oradakı müəllimimdən Qurani-Kərim oxumağı öyrəndim. Sonra müəllimim mənə Hafizliyin fəziləti haqqında hədislər söyləyərək məni Şəki (hafizlik) İslam Kollecinə yönləndirdi. Mən də valideynlərimin razılığını alaraq həmin kollecə gəlib orada hafizliyimi başa vurdum.  

      1. Orta məktəb dərsləri ilə yanaşı hafizliyi davam etdirmək çətindirmi?

      Hafizlik elə bir işdir ki, ona xüsusi vaxt tələb olunur. Günün əsas hissəsini hafizliyə ayırmaq lazımdır. Hafizliyin orta məktəblə bir yerdə asan və yaxud çətin olması şagirdə görə dəyişir. Bəzilərinə rahat, bəzilərinə isə çətin ola bilər. Lakin gündəlik dərs proqramına riayət edən, öz metodunu düzgün seçən kimsə üçün heç də çətin deyil.

      1. Hafiz olmaq nə cür duyğudur, hansı hissləri keçirirsiniz?

      İlk öncə bunu deyə bilərəm ki, hafiz olmaq elə bir hissdir ki, onu heç kim dil ilə ifadə edə bilməz. O duyğunu yalnız rəhlə başında hafiz olanlar başa düşə bilər. Mən hafiz olduğum üçün çox xoşbəxtəm. Çünki hafizlik qorunduğu müddətdə insan oğlu üçün cənnətə çəkilən bir cığırdır. 

      1. Hər kəs hafiz ola bilərmi? Hafizlik üçün nələr lazımdır?

      Mənim fikrimcə hafiz olmaq elə də çətin bir iş deyil. Hafiz olmaq üçün ilk növbədə bu işi sevmək lazımdır. Düzgün və halal qidalanmağa son dərəcə diqqət edilməlidir. Hafizlik tələbəsi telefon, televizor kimi diqqət yayındıran vasitələrdən uzaq durmalıdır.

      1. Gələcəyinizi nə cür qurmaq istəyirsiniz?

      Hafiz olduğum üçün təhsilimi ilahiyyat sahəsində davam etdirmək istəyirəm. Bu sahəyə Azərbaycanda daha çox ehtiyac olduğunu düşünürəm. Xalqımızın bu mövzuda bilgiləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. 

      1. Özünü qısaca təqdim et.

      İsmili Nazir Nabir oğlu. 2003-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşam. 2014-cü ildə Şəki (hafizlik) İslam Kollecinə daxil olmuşam. 2018-ci ilin fevral ayının 2-də hafizliyimi bitirmişəm.

      1. Necə olub Hafiz olmağa qərar verdiniz?

      Kollecə gəlməkdə başlıca məqsədim sadəcə dini təhsil almaq idi. Daha sonra hafizliyin Allah qatındakı dəyərini və önəmini öyrəndim və hafiz olmağa qərar verdim.

      1. Orta məktəb dərsləri ilə yanaşı hafizliyi davam etdirmək çətindirmi?

      Bəli, təbii ki, çətindir. Amma qarşıda hafiz olmaq varsa bu çətinliyə dözməyə dəyər. Bəzən olur ki, dərsləri çatdıra bilmirik, yuxumuzdan kəsib dərs çalışırıq. Amma nəticəni əldə etdikdən sonra hamısı xoş xatirəyə çevrilir.

      1. Hafiz olmaq nə cür duyğudur, hansı hissləri keçirirsiniz?

      Hafiz olmaq elə bir hissdir ki, onu dil ilə ifadə etmək olmur. Bu hissi ancaq hafiz olanlar bilər. Amma qısaca bunu deyə bilərəm ki, ən çox sevindiyim gün hafiz olduğum gündür.

      1. Hər kəs hafiz ola bilərmi? Hafizlik üçün nələr lazımdır?

      Xeyr, hər kəs hafiz ola bilməz. Bəziləri valideyni istədiyi üçün hafizlik edir. Belələrinin əksəriyyəti hafiz ola bilmir. Amma insan özü istəyirsə hafiz ola bilər. Hafiz olmaq üçün əsas 3 şey lazımdır: çalışmaq, istək və dua.

      1. Gələcəyinizi nə cür qurmaq istəyirsiniz?

      Məqsədim gələcəkdə Türkiyədə ilahiyyat təhsili almaqdır. Təhsilimi başa vurduqdan sonra vətənimə, millətimə, dinimə xidmət etmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq ən böyük arzumdur. Uca Allah bizlərə hafiz olaraq yaşamağı, hafiz olaraq dünyadan köçməyi nəsib etsin.

      1. Özünüzü qısaca təqdim edin.

      Cavadov Ümman Əhmədiyə oğlu. 2003-cü ildə Ağdaş rayonunun Qarağansədi Kəndində anadan olmuşam.

      1. Necə olub Hafiz olmağa qərar verdiniz?

      Mənim bir qardaşım Şəki (hafizlik) İslam Kollecində təhsil alırdı. Onu evə aparmaq üçün atamla Şəkiyə gəlmişdik. Atam mənə sual verdi ki, sən də burada oxumaq istəyirsən? Mən atama “hə” cavabını verdim. Çünki Şəki (hafizlik) İslam Kolleci çox xoşuma gəlmişdi. Həmin vaxtlarda yay ayları idi. Atam müdiriyyətdən mənim də burada oxumağıma şərait yaratsınlar deyə xahiş etdi. Mən orada oxumaq üçün imtahana girdim. İmtahandan sonra müəllimlərdən biri bizə bir kağız uzatdı. Kağızı oxuyanda qəbul olduğumu anladım və hafiz olmağa qərar verdim.

      1. Orta məktəb dərsləri ilə yanaşı hafizliyi davam etdirmək çətindirmi?

      Hafizliklə birlikdə orta məktəbi oxumaq bir az çətin idi. Həyatda hər hansı mərtəbəyə nail olmaq üçün hər bir çətinliyə qatlanmaq lazımdır. Buna görə də, əlhəmdulillah, sona qədər çətinliyə tab gətirə bildim və hafiz oldum.

      1. Hafiz olmaq nə cür duyğudur, hansı hissləri keçirirsiniz?

      Hafizlik elə bir duyğudur ki, onu dilə gətirmək, ifadə etmək çox çətindir. Bu hiss tam olaraq qəlbi rahatladır, insanı sevincə bürüyür. Əsas da ki, hafiz olduğun gün heç yaddan çıxmır. Çəkdiyin bütün əziyyət gözünün qabağında yoxa çıxıb sevincə çevrilir. Nə yaxşı ki, bu əziyyəti çəkdim, deyirsən. Hafiz olmaq sevinci ilə evə gedib ailə üzvləriylə görüşmək tamamilə başqa bir duyğudur. Çox gözəl bir hissdir.

      1. Hər kəs hafiz ola bilərmi? Hafizlik üçün nələr lazımdır?

      Bəli, hafiz olmaq, bu uca mərtəbəyə qədəm qoymaq hər bir insanın edə biləcəyi bir işdir. Amma bunun üçün böyük əzm, çalışqanlıq və səbir lazımdır. Hafizlik Qurana sevgi və Allaha iman ilə əldə olunan bir məqamdır.

      1. Gələcəyinizi nə cür qurmaq istəyirsiniz?

      Gələcəyimi ilahiyyat ixtisası üzrə qurmaq istəyərdim. İnsanlara faydalı olacaq kitablar, məqalələr, jurnallar yazmaq istəyərdim. İslam dininə xeyirli bir insan olaraq yaşamaq və vətənimiz uğrunda şəhid olmaq ən böyük arzumdur.

       

       

      • Hits: 178 clicks

      Tecox component by www.teglo.info