155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Firdovsi HƏSƏNOV- "İLK"LƏR

      Share

      Şərqdə ilk respublika formalı dövlət - Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının çoxəsrlik tarixində, milli dövlətçiliyin əsaslarının yaradılmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadı.

       Xalq Cümhuriyyətinin təhsilin, milli mədəniyyətin, ədəbiyyat

      və incəsənətin inkişaf etdirilməsi sahəsində fəaliyyəti xüsusi ilə yaddaqalıcı olmuşdur.

      Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.

      Təhsil

      Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə də böyük töhfələr verdi. Cümhuriyyətin ilk hökumət kabinetində Xalq Maarif Nazirliyi təsis edilmişdi və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli idi.

      Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Məsələn, AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.

      Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi. Orta təhsil müəssisələrində azərbaycanlı qızların sayı artdı. Məsələn, əgər 1918/1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmi 4 azərbaycanlı qız oxuyurdusa, 1919/1920-ci tədris ilində onların sayı 296 nəfərə çatmışdı.

      İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələrə başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı.

                  Mətbuat və Nəşriyyat          

      Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin də dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılmasının, çap məhsulunun nəşrinin və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. “Molla Nəsrəddin”, “İstiqlal”, “Azərbaycan”, “Açıq söz”, “İqbal”, “Dirilik”, “Təkamül”, “Mədəniyyət”, “Qurtuluş” kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı.

      Silahlı Qüvvələr

      Xarici təhlükənin daim mövcudluğu, ərazi bütövlüyünun qorunması problemi Azərbaycan Cümhuriyyəti qarşısında özünün silahlı qüvvələrini yaratmaq vəzifəsi qoymuşdur. 1918-ci il oktyabrın 28-də respublika hökumətinin iclasında Müdafiə Nazirliyi yaratmaq haqqında qərar qəbul olundu. Nazirlər Şurasının 1918-ci il 7 noyabr tarixli qərarı ilə Hərbi Nazirlik təsis edildi və ona ilk vaxtlar F.Xoyskinin özü başçılıq etdi. Dekabrın 25-də artilleriya generalı S.Mehmandarov hərbi nazir təyin edildi, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski nazirin köməkçisi oldu. 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və əvvəllər Qafqaz İslam Ordusuna daxil olmuş Azərbaycan hissələrinin bazası əsasında nizami ordunun yaradılmasına başlandı. 1919-cu ilin martında Baş qərargahla Baş qərargahın Baş idarəsinin birləşdirilməsi yolu ilə başda general-mayor H.Səlimov olmaqla Azərbaycan Ordusunun əlahiddə qərargahı yaradıldı. Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələrinin umumi sayı 1920-ci ilin aprelində 30 minə qədər piyada və suvaridən ibarət idi.

       

      Mədəniyyət və İncəsənət

      Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.

      Dövlət və Dövlətçilik

      AXC-in yaranması tariximizdə ilk dəfə olaraq "Azərbaycan" ifadəsini siyasi anlayışa çevirdi və Şimali Azərbaycan ərazisini bütünlüklə bir dövlətin tərkibində birləşdirdi, türk dilini dövlət dili kimi elan etdi, dövləti yaşatmaq üçün Milli Ordu yaratdı. Azərbaycanda inzibati bölgü aparıldı, tarixi yer adları bərpa olundu, AXC-in pulu və poçt markaları buraxıldı.

      1918-ci il iyunun 24-də hökumətin qərarı ilə qəbul edilmiş Azərbaycan dövlətçiliyinin əsas atributlarından biri olan dövlət bayrağı qırmızı rəngdə hazırlanmış, üzərində ağ aypara təsvirindən və səkkizguşəli ulduzdan ibarət idi. Sentyabrın 9-da bu bayraq mavi, qırmızı və yaşıl rəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayraqla əvəz olundu. Dövlətin himni və gerbi təsdiq edildi.

      Bununla Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

      Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların nümayəndələrinin parlamentdə təmsil olunması, xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ qanunla təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə idi. Şərqdə ilk parlament yaradıldı.

      Bu cümhuriyyəti Qərb tədqiqatçıları “ziyalıların hökuməti” olaraq qiymətləndiriblər. Çünki bu dövləti milli-demokratik qüvvələrin ziyalı nümayəndələri yaratmışdılar.

       

       

       

       

      İstifadə olunmuş mənbələr:

      1.    “İki sahil”.-2011.-27 may.-№94.-S.7. –

      Azərbaycan Xalq Cümhuriyyəti və milli-mədəni intibah

      1. Azərbaycan Cümhuriyyəti 1918-1920-

            Respublikada mədəni quruculuq ( Elm Nəşriyyatı-1998, səh-162, 164, 181, 182)

      1. “Mədəniyyət”.-2010.-28 may.-N.35.-S.7.-

      Xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr

      • Hits: 198 clicks

      Tecox component by www.teglo.info