Aqil ƏLİYEV- Ramazana Hazırlıq

      Share

      Yaxınlaşmaqda olan Ramazan ayı imanlı könüllərdə sevinc və mənəvi parıltılar meydana gətirməkdə, eyni zamanda bu ay ilə başlayacaq oruc vəzifəsini yerinə-yetirməyə ruhən hazırlıqlı olmağı xəbər verməkdədir.

       Hər bir müsafir kimi, Ramazan ayını da onun şanına-şərəfinə yaraşan şəkildə qarşılamağa hazırlaşmalıyıq. Çünki ruhumuz bu aya qovuşmağı arzu edib könlümüzdə Ramazana dair şövq duymadıqca oruc tutmağa, ac-susuz qalmağa, sübh tezdən qalxmağa, məscidləri doldurmağa çox da istək və arzulu ola bilmərik. Hər şeydə olduğu kimi, Ramazanı yaşamağa da böyük bir həyəcan duymalıyıq.

      Ramazanı qarşılamaq demək içində Qurani-Kərim kimi uca bir kitabın endirildiyi və min aydan xeyirli bir gecənin gizləndiyi bu mübarək ayı haqqıyla ehya edə bilməyə təşəbbüs göstərməkdir.

               Bəşər övladı hər-hansı bir nizama tabe olmadan yeyib-içməyə, nəfsani istəklərinin tələblərini yerinə-yetirməyə vərdiş edərsə, zamanla nəfsinin arzu və istəklərinin önünə keçə bilməyəcək səviyyəyə gələr. O insanın beyni mərkəz olaraq ancaq mədəsinin və nəfsani arzu və istəklərinin xidmətində olmaq üçün səfərbər olduğuna görə, ülvü və mənəvi duyğular üçün çox da zaman və hissiyyat əldə edə bilməz. Belə bir insan təvəkkül və təfəkkür sahibi ola bilməz. Buna görə də ildə bir dəfə müsafirimiz olan Ramazan ayı bizi maddi aləmdən alıb mənəvi aləmə aparmaqda, nəfsani istəklərə aludə olmaqdan xilas etməkdədir. Bu səbəblə də hər bir mömin Ramazan ayını böyük bir şövqlə gözləməli və bu müsafiri qarşılamaq üçün müəyyən hazırlıqlar görməlidir.

                 Bu xüsusda ediləcək maddi hazırlıqlara misal olaraq: evlərimizin təmizliyini, ərzaq tədarükümüzü, məscidlərimizi hazır hala gətirməyi, eyni zamanda bəzi ağır işlərdə və orucla uyğun gəlməyən işlərdə işləyən insanların illik tətillərini bu aya keçirmələrini və s. göstərmək olar.

      Mənəvi hazırlıq isə: günahlara tövbə edib İslam yoluna dönmək, məscidlərə getmək üçün planlar qurmaq, Qurani-Kərimi oxuya bilmiriksə öyrənməyə vaxt ayırmaq, oxuya biliriksə şəxsən xətm etmək və yaxud məscidlərdə oxunan müqabələlərə qatılmaq üçün uyğun vaxtları təyin etmək və s. şəklində sayıla bilər.

       Ramazan orucundan istənilən dadı və mənəvi həzzi almaq üçün hələ bu mübarək ay girmədən müəyyən günlərdə oruc tutmağa da səy göstərilməlidir. Bunun üçün də Rəcəb və Şaban ayında bəzi günlərdə nafilə oruc tutmağa çalışmalıyıq. Çünki Allah Rəsulunun (s.ə.s) özü də bu aylarda daha çox oruc tutardı. Şaban ayında bəzən elə çox oruc tutardı ki, səhabələri belə onun bu halına təəccüb edərdilər. Allah Rəsulunun (s.ə.s), demək olar ki, nəvəsi sayılan, onu ən yaxşı tanıyan gənc səhabələrdən olan Üsamə ibn Zeyd (r.a) belə rəvayət edir:

      “Bir gün Allah Rəsulundan (s.ə.s) soruşdum: “Ya Rəsulallah! Şaban ayında tutduğunuz qədər başqa heç bir ayda (nafilə) oruc tutduğunuzu görmədim”. Belə cavab verdi: “Bu, Ramazan ilə Rəcəb ayı arasında olan və insanların savabından məhrum qaldıqları bir aydır. Əməllər o ayda Aləmlərin Rəbbinə yüksəldilir. Mən də oruclu olduğum halda əməllərimin Allaha yüksəldilməsini istəyirəm”. (Nəsai, Siyam, 2369)

      Ramazan ayını layiq olduğu şəkildə qarşılamaq üçün üzvlərimizi də tutacağımız oruca ortaq edəcək bir vəziyyətə gətirməli və ədəbə alışdırmalıyıq. Bunu təmin etmək üçün dili yalandan və qeybətdən uzaq tutmalı, gözü haram olan mənzərələrdən və görüntülərdən çevirməyi vərdiş halına gətirməli, qulağa haram olan söhbətləri və musiqiləri dinlətməməli, əli dinimizin qadağan etdiyi hər hansı bir əşyaya uzatmamalı, vücud sarayımızın sultanı olan qəlbi bütün mənfi duyğulardan təmizləməli, bir sözlə, bütün vücudumuza “ORUCA HAZIR OL!” əmri verilməlidir.

      Unutmamalıyıq ki, daş-qaşın, var-dövlətin zəkatı olduğu kimi, oruc da bədənimizin zəkatıdır.

      • Hits: 146 clicks

      Tecox component by www.teglo.info