Qəlb Sevməkdən Yorularmi ? / Dr. İbrahim BAL

      Share

      Rəhmət qapıları mərhəmətlə açılar. Mərhəmət edənə rəhmət saçılar. Bu, Rəhman və Rəhim olan Rəbbimizin bizə öyrətdiyi ən əsas həyat düsturlarından biridir.

       Bunun üçün də möminlər hər işə bismillahla başlayar. Yəni, ey rəhməti, mərhəməti, şəfqət və bağışlaması bol olan Rəbbim, sənin adınla başlayıram. Əskiklərimi rəhmətinlə sən tamamla, xətalarımı və nöqsanlarımı mərhəmətinlə sən bağışla! Sənin adını çəkərək başladığım bu işi rizanı qazanmağa vəsilə et!

      Quranın ilk ayəsi deyə biləcəyimiz bəsmələ və hər gün oxuduğumuz Fatihə surəsində möminlər üçün bir çox dərslər vardır. Bəsmələ Allahın bütün varlıqlara qarşı mərhəmətini ifadə edən Rəhman və yalnız möminlərə olan mərhəmətini ifadə edən Rəhim isimlərini xatırladır. Fatihə surəsində isə Allahın bütün aləmlərin, hətta onu inkar edərək ilahlıq iddiasında olanların da Rəbbi olduğu bildirildikdən sonra onun Rəhman və Rəhim isimləri bir daha təkrar olunur. Bəsmələ və Fatihənin bu şəkildə Allahın rəhmət və mərhəmətini xatırladaraq başlamasının hikməti haqda çox söz söyləmək mümkündür. İnsanlığın və İslamın ilk dərsinin rəhmət və mərhəmət olduğunu göstərən bu ayələrdə möminlər üçün ibrət vardır. Burada Yaradandan ötrü yaradılanı sevmək sirri gizlidir. Müsəlman mərhəmət insanı olmalı və ətrafındakılar onun bu mərhəmətini, şəfqətini hiss etməlidir. “Məni Rəbbim tərbiyə etdi” deyən aləmlərə rəhmət həzrət Məhəmməd (s.ə.s) məsələyə öz möhürünü vurmuşdur: “Mərhəmət etməyənə rəhm edilməz.”

      Demək ki, ilk növbədə mərhəmət və sevgi durur. Mərhəmət və sevgi qarşılıqsız verməkdir. Kim Allah rizası üçün verərsə, ona əvəzi verilər. Verən əl alan əldən üstündür.

                  İslamda, xüsusilə də təsəvvüfdə işlənən bir termin var – Fəqr. Bir çoxları bunu maddi mənada fəqirlik və kasıblıq zənn edir. Doğrudur, bir mənada insanın nə qədər fəqir olduğunu ifadə edir. Lakin təkcə fəqirlik mənasına gəlmir. Fəqirlik maddidir. Fəqr isə daha çox hikmət yönünü əhatə edərək qulun Allah qarşısında acizliyini, çarəsizliyini ifadə edir. Kəlmə olaraq acizlik, yoxsulluq, zəiflik və məhrumiyyət mənasına gələn fəqr, ilk növbədə insanın özü olmaq şərti ilə Allahdan başqa bütün varlıqların acizliyini dərk edərək, onlara bağlanmadan, əsarətdən qurtularaq həqiqi qul olma imkanı verən həyat düsturudur.

                  Fəqirliyin fərqinə varanlar bilir ki, o, insanların əl-qolunu bağlayaraq, onları çətinliklərlə üz-üzə qoyar. İnsanlar yoxsulluq səbəbilə ən vazkeçilməz dəyərlərdən belə vaz keçmək məcburiyyətində qalır. Yoxsulluq bir imtahandır... Yalnız yoxsulluqdurmu insanın imtahanı? Arxasında dağ kimi duran atasını, canından can daşıdığı anasını itirən və isti qucağından məhrum qalmış yetimlər, yoxluğunu ancaq itirdiyimiz zaman dərk etdiyimiz bədən üzvlərini itirən şikəstlər, bütün var-dövlətini sağlamlığı naminə fəda edən xəstələr, tutan əlləri tutmaz olan, yeriyən ayaqları yeriməz olan bir təbəssümə möhtac yaşlılar və kimsəsizlər…

                  Bu gün dərisi sümüyünə yapışmış və aclıqdan ölən yüzlərlə insandan xəbərsiz olan varmı? Əslində isə ölən aclıqdan dünyasını dəyişən insanlar deyil. İnsanlıqdır ölən. Aclıqdan ölənləri seyr etdiyi halda ürəyi titrəməyən, vicdanı ürpərməyən və lüks yeməklər yeyərkən “paylaşma”ğı yalnız lüğətdə bir söz sanaraq utanmayan insanlıq. Məhz bütün bunlar və robotlaşan insanlığın ğəldiyi son nöqtə bir daha İslamın və onun cəmiyyətdə hüzur, barış və birlik təsis etmək üçün ortaya qoyduğu “infaq” və “təsəddüq” düsturlarının dəyərini, vazkeçilməzliyini bir daha xatırlatmaqdadır.

                  Bəs nədir infaq və təsəddüq? İslam dahilərindən olan İbn Arabinin bununla bağlı möhtəşəm bir tərifi var: “Sədəqələrin ən böyüyü insanın şəxsən öz mənliyini təsəddüq etməsidir.” Yəni malını və canını var edənin yolunda xidmətə həsr etməkdir. Onun məxluqatından ehtiyacı olanlara yardım üçün əlindən gələni etməkdir. Ömər kimi düşünüb lazım gəldikdə belində un daşımaq, Əbu Bəkr şüuruna sahib olub bəşəriyyətə infaq dərsi verə bilməkdir.

                  Allah təala möminlərin diqqətini infaq mövzusuna çəkərək belə buyurur:

                  “(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Hədid 57/10)

                  Məhz bu həqiqəti bilən və Allahın tərbiyəsi ilə tərbiyələnən nəbilər özlərindən sonra maddi miras qoymamışlar. Onların mirası hikmətdir. O hikmət ki, bütün möminlərin itmiş malıdır. Onların varisləri isə hikmət axtarışında olanlardır. Peyğəmbər varislərinə baxdığımız zaman nə qədər infaq etdiklərini və necə mərhəmətə sahib olduqlarını görmək mümkündür.

                   Qəlbin belə bir səviyyəyə çatmasını hədisi-şərif necə də gözəl ifadə edir.

                   Bir nəfər Peyğəmbər (s.ə.s)-in yanına gələrək qəlbinin qatılığından şikayət etdi. Rəsulullah (s.ə.s) ona belə tövsiyə etdi:

                  “Yumşaqqəlbli olmaq və ehtiyacın olan hər şeyi əldə etmək istəyirsənsə, yetimə şəfqət göstər, başını oxşa, yediyindən ona da yedir.”

                  Bəli, hər varlıq yaradılış qayəsinə uyğun şəkildə davranarsa, hüzura qovuşar. Belə olduqda qəlb də sevməkdən yorulmaz.

                  Görəsən qəlblərimiz sevgi məqamına layiqdirmi?

                  Əgər deyilsə qəlbimizə sevgini öyrədəcək və aşılayacaq bir qəlb həkiminə müraciət etməliyik.

       

      • Hits: 909 clicks

      Tecox component by www.teglo.info