155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    i.f.d. Ələddin SULTANOV- BİR AYƏ

      Share

      ~~45.23~
      اَفَرَاَيْتَ مَنِ اتَّخَذَ اِلٰهَهُ هَوٰیهُ وَاَضَلَّهُ اللّٰهُ عَلٰى عِلْمٍ وَخَتَمَ عَلٰى سَمْعِهٖ وَقَلْبِهٖ وَجَعَلَ عَلٰى بَصَرِهٖ غِشَاوَةً فَمَنْ يَهْدٖيهِ مِنْ بَعْدِ اللّٰهِ اَفَلَا تَذَكَّرُونَ
      ~ ~ ~



      Nəfsinin istəyini özünə ilah edən, Allahın elmi ilə azğınlığa saldığı, qulağını və qəlbini möhürləyib gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?” (əl-Casiyə, 45/23)

       

      İnsan yaradılış etibarilə dünya nemətlərinə meyilli varlıqdır. Buna görə də o, ölümü arzu etməz. Hər insan kimi biz möminlər də daha uzun ömürlü olmağı, daha sağlam və xoşbəxt bir həyat yaşamağı arzu edirik. Ancaq bu dünyadakı həyatımızın ölümlə məhdud olduğunu, əbədiyyətin ancaq axirət həyatında olduğunu bilirik. Axirətdəki əbədi xoşbəxtliyi qazanmağımız üçün də dünya həyatındakı arzu və istəklərimizin İslami ölçülər çərçivəsində məhdudlaşdırılması gərəkdir. Arzu və istəklərin hüdudsuz olması insana xoşbəxtlik deyil, doyumsuzluq verir. Bu da nəticədə bədbəxtlik gətirir. Sevimli Peyğəmbərimiz (s.ə.s): “Adəm övladının bir vadi dolusu qızılı olsa, ikincisini də istəyər. Onu ancaq torpaq doyurar”, (Müslim, Zəkat, 117) - buyuraraq  insanın arzu və istəklərinin tükənməyəcəyinə və bunun ancaq ölümlə sona çatacağına işarə etmişdir. Bu baxımdan, İslam dininə görə, insan arzu və ehtiraslarının əsiri olmamalıdır.

      Nəfsin arzuları nizam-intizama salınmadığı təqdirdə insan tamamilə bu duyğuların əsiri olar, bəlkə də, heç fərqində olmadan, ayədə də ifadə edildiyi kimi “nəfsinin istəyini özünə ilah edən” birinə çevrilər. İnsan oğlunun bir çox istəyi vardır ki, bunları həddindən artıq çox istəsə, onu ilahlaşdırmış olar və bu da bir növ gizli şirk sayılar. Həzrət Peyğəmbər bir hədisində bu haqda buyurur: “Ümmətim barəsində ən çox qorxduğum şey Allaha şirk qoşmalarıdır. Mən demirəm ki, onlar Günəşə, Aya, yaxud hər hansı bir bütə sitayiş edəcəklər. Allah rizasından başqa bir məqsədlə edəcəkləri əməlləri və gizli arzularını nəzərdə tuturam”. (İbn Macə, Zöhd, 21)

      Yuxarıdakı ayədə belə kimsənin Allahın birliyini qəbul etmək barəsində azğınlığa düşdüyü və buna bağlı olaraq da qulaqlarının və ürəyinin möhürləndiyi, gözlərinə isə pərdə çəkildiyi ifadə edilir. Bir şəxs öz dünyəvi arzularını ilahlaşdıracaq şəkildə bütləşdirərsə, beləcə, həqiqətləri anlamağa qarşı qulaqlarını tıxayar, gözlərini həqiqətə çevirməz və qəlbi ilə haqqı düşünməz. Artıq onu Allahdan başqa heç kim doğru yola yönəldə bilməz.

      Buna görə də ayənin sonundakı “Məgər düşünüb ibrət almırsınızmı?” xəbərdarlığına diqqət yetirmək lazımdır. Çünki mömin daim arzu və istəklərini ilahlaşdırmaq təhlükəsinə qarşı ayıq olmalıdır. Bunun yolu da Allaha yönələrək Onun əmr və qadağalarına riayət etməkdən keçir.

      • Hits: 205 clicks

      Tecox component by www.teglo.info