Zaur ORUCOV- ÖZBƏKİSTAN TƏƏSSÜRATLARI

      Share

       “Assalam aleykum, yaxşımısız, çərçəmədigizmi (bezmək), domləndigizmi, tinçmisiniz” - bu sözləri hər yerdə və hər kəsdən eşidə bilərsiniz.

       Sakin təbiətli, şirin dilli, qayğıkeş insanların olduğu yerdir Özbəkistan. Daşkəndin geniş yolları, təmiz küçələri və müasir tikililər insana ayrı bir rahatlıq hissi verir. Şəhərdə nəqliyyat sıxlığı olsa da, demək olar ki, çox da səs-küy yoxdur. Burada sürücülər bir-birinə qarşı çox  dözümlüdür. Geniş yolları şəhərə rahatlıq hissi verir. Binaların əksəriyyəti sovet dövründən qalmadır. Yeni tikililər isə gözəl və tarixi üslubda inşa edilir. Bu tikililərdə milli çalarların əks olunduğunu görmək mümkündür. Bunlardan biri də bu vaxt ərzində qədim cildlərin bərpası dərslərini keçdiyim Əbu Reyhan əl-Biruni namında (adına) şərqşünaslıq institutunun binasıdır. Bu binanı zəngin ərəb kralı öz vəsaiti hesabına tikdirib buraya hədiyyə etmişdir.  Milli çalarları öz üzərində əks etdirən zamanavi (müasir) bir binadır.  

      Daşkənd ovalıq bir ərazidə yerləşir. Geniş, səliqəli yolları, rəngarəng parkları və irihəcmli muzeyləri görməyə dəyər yerlərdən bir neçəsidir. Bir də köhnə əşyaların satıldığı məşhur yer – Yengabad bazarı var. Bazarın sahəsi çox böyük bir ərazini əhatə edir. Burada nə axtarsan taparsan desək yeridir. Bu bazar sizi sovetin kolxoz dövrünə aparır, elə başınız qarışsın, bir anlıq elə bilərsiniz ki, hələ o dövrdə yaşayırsınız. Xəyalınıza gəlməyən əşyaları belə burada tapmaq mümkündür.  

      Şəhərin ən görməli yerləri, təbii ki, qədim abidələr və  məscidlərdir. Böyük bir ərazidə yerləşən iri kompleks halında tikilmiş həm tarixi, həm də zamanəvi məscidlər göz qamaşdırır. Bədii tərtibatları çox nəfis işlənmişdir. Məscid qapılarının bəzəklərindəki ağac sütunlarda yer alan oyma işçilik insanda çox xoş təəssürat yaradır. Bu dəst-xətt həm qədim məscidlərdə, həm də müasir tikililərdə öz əksini tapır. Ən maraqlı məqam isə dəstəmazxanalarda (tahorotxona) əl və ayaqları qurulamaq üçün dəsmal qoyulmasıdır. Bu mənzərəni bütün məscidlərdə görə bilərsiniz. Müasir dəstəmazxanalar işıqlı, gözəl və səliqəlidir. Böyük sahəsi ilə yanaşı, çox tutumlu maşın dayanacağı və parkları olan məscidlər üstünlük təşkil edir. Vaxt namazlarına axın-axın insanların gəlişi insanda sevinc hissi oyadır. Məscidlərdə oxunan vəzlər yeni nəsil gənclərin İmam Buxari, Uluğ Bəy və o bölgənin digər alimləri timsalında böyüdülüb boya-başa çatdırılması təbliği ilə zəngindir. Əlbəttə, danılmaz həqiqətdir ki, o torpaqlarda şeyx Nəqşbənd həzrətləri kimi böyük mürşidlər yetişib. Onun məzarını ziyarətə gələn insan selinin çoxluğu bölgə insanının bu ruhu daha yaxşı anladığını göstərir.  Tarixdə yetiştirdikləri alimlərini  bilir və onlardan çox bəhs edirlər. Ancaq bir şeyi gördüm ki, alimlərindən və tarixi nailiyyətlərindən danışarkən əsla təkəbbürlük etmirlər. İnsanları çox islahdır.  İçi boşaldılmış, yalançı qərb mədəniyyəti hələ oralara çatmayıb, onun üçün də əxlaq dəyərləri çox zədə almayıb. Burada əxlaq deməklə mənəvi saflığın, yəni xilqətin, ümumi mənada insanlığın zədə almadığını nəzərdə tuturam.

      Tarixdə Buxara, Xivə və Xarəzm kimi xanlıqlara ev sahibliyi edən bu diyar bir-birindən gözəl tarixi abidələri ilə insanı heyran qoyur. İslam mədəniyyətini, memarlığını və incəsənətini siz orada canlı müşahidə edə  bilərsiniz. Əmir Teymur zamanında dünyanın bir çox yerindən Səmərqəndə gətirilmiş məşhur sənətkarlar öz ustalıq və bacarığını məharətlə sərgiləmişlər. Bildiyimiz kimi, İslam tarixində sənətkarlıq nöqteyi-nəzərindən  Səmərqənd çox əhəmiyyətli yerə malikdir. Miladi 756-cı ildə Səmərqənddə kağız emalatxanası qurulur. Talas müharibəsində əsir götürülən Uyğur və Çinli sənətkarlar orada tut ağacının liflərindən “əl işi” kağızları emal edirlər. Beləliklə, tarixdə “Səmərqənd kağızı” adı ilə məşhur olmuş bir kağız növü hazırlanır.

       Məscid və mədrəsə binaları öz ehtişamı ilə göz qamaşdırır. Abidələrdəki bədii tərtibat o qədər ehtişamlıdır ki, bura canlı muzey desək yeridir. Burada məbədlər külliyə formasında inşa olunub. İkimərtəbəli tikililərin aşağı bölməsi sinif otaqları, kitabxana, yeməkxana və məscid kimi fəaliyyət göstərib. Üst mərtəbədə isə yataqxana yerləşir. Hal-hazırda həmin qədim tikililərdən olan bir neçə mədrəsə fəaliyyətə davam etməkdədir. Mədrəslərin böyüklüyünü, tələbə tutumunu və  bir-birinə olan yaxınlığını nəzərə alsaq, görərik ki, burada on minlərlə insan təhsil alıb elm-irfana yiyələnmişlər.

      (ardı var)

      • Hits: 167 clicks

      Tecox component by www.teglo.info