Mərhəmət Mədəniyyəti / Əhməd Sadiqov

      Share

      Yaradandan ötrü yaradılana şəfqət və mərhəmət nəticəsində tariximizdə böyük bir Vəqf mədəniyyəti olmuşdur. Vəqf müəssisələri geniş mərhəmət hisslərinin təzahürüdür. 

      Bu günün özündə də varlığını davam etdirən bu xeyirxah işlərə saysız misal vermək mümkündür.

      Mərhəmət başqalarının acınacaqlı halı qarşısında duyulan acıma və şəfqət hissidir. Mərhəmət qəlbin zərafət və incəliyidir. Bir mütəfəkkirin dediyinə görə mərhəmət “Cahanşümul ruh halı və sonsuz sevgidir.”

      Şərq mədəniyyətlərində mərhəmətin özünəməxsus mühüm yeri vardır. Tarixi dərinliklərə sahib olan mərhəmət duyğularının kökləri Türk kültürü və Islam qaynağından bəslənməkədədir. Bizdə mərhəmət hissi sadəcə insanlara qarşı duyulan bir acıma deyil, bütün məxluqatı və hətta əşyanı da əhatə edən ruh halının təzahürüdür.   

      Karvansaraylar, su kanalları, kitabxanalar, bulaqlar, aşxanalar, uşaq evləri, məscidlər, məktəblər inşa etmək, əsir və kölələri azad etmək, yoxsullara, möhtaclara yardın etmək, kimsəsizlərin cənazəsini götürmək, yaşlıları və tənhaları mühafizə etmək, bayramlarda uşaqları sevindirmək, yetim qızlara cehiz hazırlamaq üçün qurulan vəqf və dərnəklər bu baxımdan çox mühümdür.

       Türk və İslam tarixində şəfqət dolu bəzi hadisələri müşahidə etməklə sahib olduğumuz mərhəmət hisslərinin hüdudlarını görmək mümkündür.  

      Istanbulun Aksaray bölgəsində Validə camesini inşa etdirən Pertevniyal Validə sultan vəfat etdikdən sonra saleh bir zatın yuxusuna girir. Yuxuda onu yüksək məqamda görən saleh zat soruşur:

      -         Tikdirdiyin məbədə görəmi Allah səni bu məqama yüksəltdi?

      Pertevniyal Validə sultan:

      -         Xeyr, deyir.

      Saleh zat çaşaraq:

      -         Bəs hansı əməlinlə bu mərtəbəyə ucaldın? deyə soruşduqda Validə sultan bu ibrətli cavabı verir:

      -   Yağışlı bir hava idi. Eyyub Sultan camesinə ziyarətə gedirdik. Yol üstündə bir kənarda meydana gəlmiş su hövzəsində cılız bir pişik balasının çırpındığını gördüm. Faytonu saxlatdım və yanımdakı xidmətçiyə:

      -         Bu zavallı pişik balasını sudan çıxar gətir, yoxsa boğulacaq, - dedim.

      Xidmətçi isə:

      -         Aman, sultanım! Üst-başımızı batıracaq -deyib gətirmək istəmədi.

      Mən də onu incitməmək üçün özüm arabadan düşdüm, palçığın içinə girib zavallı pişiyi xilas etdim. Soyuqdan tir-tir titrəyən heyvancığazı acıyaraq qucağıma aldım və isitdim. Çox keçmədən zavallı heyvan özünə gəlməyə başladı. Allah təala bu uca məqamı mənə o pişiyə göstərdiyim kiçik xidmət və mərhəmətim səbəbilə bəxş etdi.

       

      Cahiliyyət dövrünün insanları heyvanlara qarşı da çox insafsız və mərhəmətsiz davranardılar. Canlı heyvanlara acımadan onların ət və quyruğunu kəsib yeyər, heyvan döyüşdürmə yarışları keçirərdilər. Hz. Peyğəmbər (s.ə.s) ürəkdağlayıcı bu mənzərələrə son vermişdir. Bu günkü xoruz, qoç və dəvə döyüşləri kimi adətlər cahiliyyət dövrünün qalıqlarındandır.

      Peyğəmbər (s.ə.s) bir gün yolda üzü dağlanmış bir eşşək gördü. Buna üzülərək:

      “Allahın lənəti onu dağlayanların üzərinə olsun!” buyurdu. Sonra da heyvanları tanımaq üçün onlara basılan dağların ağrı verməyən yerlərə basılmasını tövsiyə etdi.

      Quş yuvasından yumurtalarını götürən səhabəyə “ Yumurtaları yerinə qoy, ondan bala çıxacaq!” –buyurmuşdur. Dərisi sümüyünə yapışmış bir dəvəninin sahibinə “Dilsiz-ağızsız bu heyvan üçün Allahdan qorx!” –buyurmuşdu.

      Abdullah b. Cəfər (r.a) belə nəql edir:

      Rəsulullah (s.ə.s) bir gün ənsardan birinin bağçasına gəlmişdi. Bağçadakı bir dəvə Rəsulullahı görən kimi inlədi və gözlərindən yaşlar axmağa başladı. Hz. Peyğəmbər yanına gedib başını oxşadıqdan sonra dəvə sakitləşdi. Sonra Rəsulullah bağçanın sahibinə:

      “Sənə bu heyvanı mülk olaraq verən Allahdan qorxmursanmı? Dəvən mənə səndən şikayət etdi.” buyurdu.

      Bir hədisi-şərifində də:

      Sizə kimin cəhənnəmdən, cəhənnəmin də ondan uzaq olduğunu söyləyimmi?” deyə soruşduqdan sonra:

      “Onlar nəzakətli, müşfiq, mərhəmətli və yumşaqxasiyyətli insanlardır.” -buyurdu.

           Hz. Peyğəmbər mərhəmətli və mərhəmətsiz olan iki nəfərin hekayəsini hədisi-şəriflərində belə anladır:

            “Günahkar bir qadın səhrada susuzluqdan dili ilə qumları yalayan bir köpək görmüş və heyvana acıyaraq ayaqqabısı ilə quyudan su çıxarıb ona vermişdi. Allah təala da qadının bu hərəkətindən sonra onun günahlarını əfv etdi. Başqa bir qadın da pişiyinə laqeyd davranaraq onu ac qoymuşdu. Nəhayət, pişik aclıqdan öldü. O qadın da bu mərhəmətsizliyinin nəticəsində cəhənnəmlik oldu.”

            Bu hədislərin ortaya qoyduğu həqiqət budur ki, kamil bir möminin mərhəməti vəhşi heyvanlara belə şamil olacaq dərəcədə geniş olmalıdır. Hətta İslamda ilan və əqrəb kimi zərərli heyvan və həşəratları öldürərkən belə çox əziyyət çəkməmələri üçün bir zərbəylə öldürülmələri əmr olunur. İki zərbəyə öldürən daha az, üç vuruşla öldürənsə, ondan da az savab alır. Hətta zərərli heyvanların öldürülməsində belə mərhəmət tövsiyə edilməsi misli görünməmiş şəfqət nümunəsi deyilmi?! Bu xüsusda olan hədislər İslamdakı mərhəmət üfüqlərinin sonsuzluğunu ifadə edir.

            Müsəlmanın digər insanlardan fərqi mərhəmətli olmasındadır. Hər zaman bir işə başlarkən çəkdiyimiz bəsmələdə Allah bizə özünün mərhəmət sahibi olduğunu təlqin edir. Mərhəmət bir müsəlmanın ən seçkin vəsfidir.

            Həzrət Peyğəmbər:

                  “Yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin!” buyurmuşdur.

       

      • Hits: 931 clicks

      Tecox component by www.teglo.info