Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Amerikada "Halal" festivalı keçirilib

       

      ABŞ İllinoys ştatının Çikaqo şəhərində "Halal" festivalı keçirilib. "I Heart Halal" adlı tədbirin məqsədi amerikalıları İslam mədəniyyəti, müsəlmanların yemək və geyim ənənələri ilə tanış etməkdir. Tədbirdə aşpazlar, aktyorlar, geyim dizaynerləri və s. sənət sahələrinin nümayəndələri iştirak edir. Festivalda müsəlman millətlərin yemək ənənələrini əks etdirən yeməklər ziyarətçilərə təqdim edilir.

      Tədbirdə hicab və islami geyim stendləri isə ziyarətçilərin xüsusi rəğbəti ilə qarşılanıb. Burada müsəlman olmayanlara hicab barədə ətraflı məlumat verilib, bəzi ziyarətçilər isə burada ilk dəfə hicab geyinmək təcrübəsi yaşayıblar.

      Festivalın təşkilatçılarından olan Nura Afia Çikaqoda ilk dəfə keçirilən bu tədbirin təşkilatçılarından biri olmanın qürur verici olduğunu deyib. "Başqa dinlərdən olan insanlar bu festivalda İslam dinini yaxından tanımaq imkanı əldə etdilər. Bu sayədə ictimaiyyətlə gözəl münasibət yarandı".

       

      Küçədən tapdığı ölüm elanlarının sahiblərinə Yasin oxuyur

      Bosniya və Hersoqovinanın şimal-qərbindəki Buzim şəhərində yaşayan 76 yaşlı Ömər Mujo Bacrik küçədən tapdığı ölüm elanlarını toplayaraq onlara Yasin surəsini oxuyur. Bacrik hər şeyin 4 il əvvəl küçədən qoşusunun ölüm elanını tapması ilə başladığını deyib. Yaşlı boşnak həmin tarixdən bəri küçədən, məscidin həyətindən tapdığı bütün ölüm elanlarını topladığını və evə aparıb onların ruhu üçün Yasin oxuduğunu bildirib. İndiyə qədər 300-dən çox ölüm elanı topladığını deyən Bacrik hər ay onlar üçün Yasin oxuduğunu qeyd edib.

      Qeyd edək ki, Bosniyada ölüm elanı vermək ənənəsi var. Müsəlman, xristian və musəvi əhalinin birlikdə yaşadığı Bosniya və Hersoqovinada küçə, mağaza, ev, məscid və kilsə divarlarına asılan rəngli ölüm elanları turistlərin də diqqətini cəlb edir. Elanda ölən şəxsin fotosu, təvəllüdü, ölüm tarixi və cənazə mərasiminin keçiriləcəyi yer göstərilir. Müsəlmanların ölüm elanı yaşıl, xristian və yəhudilərin elanı qara, dini inancı olmayanların ölüm elanı mavi çərçivə ilə hazırlanır. Həmçinin müsəlmanların elanında aypara və ulduz, xristianlarda xaç, yəhudilərdə holokost, dinsizlərin elanında isə dəfnə yarpağı olur.

       

      Qüds "2018 Ərəb turizminin paytaxtı" seçildi

      Ərəb Dövlətləri Liqasının tərkibində fəaliyyət göstərən "Ərəb Turizm Təşkilatı" Qüds şəhərini "2018 Ərəb Turizm Paytaxtı" seçib. Ərəb Turizm Təşkilatının sədri Bandar bin Fəhd Əl-Fuhaid bu addımın ötən il Misirin paytaxtı Qahirədə keçirilən 20-ci Ərəb Turizm Nazirləri Şurasının iclasında təklif edilən layihə istiqamətində atıldığını deyib. Sədr Fuhaid bildirib ki, Ərəb Turizm Şurasının hədəfi Qüdsün ərəblərin yaddaşındakı yerinin möhkəmlənməsi, həmçinin bu şəhərin dini və tarixi mövqeyinin əsas plana çıxarılmasıdır.  

      Ərəb Turizm Şurasının hər il Ərəb dünyasından bir şəhəri "Turizm Paytaxtı" seçdiyini deyən Fuhayd bu çərçivədə həmin şəhərin tarixi, mədəni və turistik dəyərlərini ön plana çıxaran tədbirlər keçirildiyini bildirib.

       

      İslam əleyhdarlığı əks effekt verir

      Dünyada İslam dininin əleyhinə aparılan təbliğatlara baxmayaraq insanlar bu dinlə maraqlanır, oxuyur və ətraflı məlumat üçün İslamı təhqiq edirlər.

      Bu sözləri ABŞ "Dyuk" universiteti İslami Təhqiqatlar kafedrasının müdiri professor Bryüs Lorens deyib.

      Lorens bildirib ki, dünyada ateizmin və islam dininə qarşı dözümsüzlüyün çoxalmasına baxmayaraq, ABŞ-da və Avropada İslama yönəlmə çoxalıb.

      "İslam dininin yayılması sadəcə Avropa ilə məhdud deyil. Şimali Amerikada da yayıldığını müşahidə edirik. İslam yayılır deyəndə bunu heç də insanların müsəlman olması kimi başa düşməməliyik. Demək istədiyim budur ki, İslam dini barədə yayılan mənfi rəylərə baxmayaraq, insanlar bu dinlə maraqlanır, daha çox məlumat əldə etmək üçün oxuyur və araşdırır. Əks effektlə mənfiliklər müsbətə çevrilir", - deyə professor Lorens bildirib.  

       

      İslam peyğəmbərini dünyaya tanıdan rejissorun həyatı film oldu

       

      İslam peyğəmbəri Hz. Muhammədin (sav) həyatı barədə "Çağırış" filmini çəkərək dünya şöhrəti qazanan suriyalı rejissor Mustafa Aqqad barədə film çəkilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən qısametrajlı filmin rejissoru türkiyəli rejissor Muhamməd Benekdir. Filmdə Mustafa Aqqadın Amerikaya getmək üçün atasından razılıq alması hədisi-şərifin (Bir atanın övladına verə biləcəyi ən yaxşı irs gözəl əxlaqdır) işığında təsvir edilib. Benek, belə bir filmi ərsəyə gətirməsinin qürur verici olduğunu deyib.

      "Mustafa Aqqad mənim üçün çox dəyərlidir. Çünki yetişdiyi coğrafiyanın mədəniyyətindən, dəyərlərindən uzaqlaşmadan beynəlmiləl bir imic yaxalamış, bütün dünya tərəfindən qəbul edilmiş və işində də uğur qazanmış bir rejissordur. Aqqad bu coğrafiyada yaşayan müsəlman rejissorlar üçün örnəkdir."

      • Hits: 144 clicks

      Tecox component by www.teglo.info