Alpay AZƏR- "ZEYTUN BUDAĞI" ƏMƏLİYYATINA ÜMUMİ BAXIŞ

      Share

      Türkiyə silahlı qüvvələrinin bu ilin yanvarın 20-dən başlayan və iki ay ərzində, demək olar ki, uğurla başa çatan “Zeytun budağı” əməliyyatı bir neçə aspektdə təhlil oluna bilər. Sözsüz ki, bu əməliyyat ilk növbədə geosiyasi reallıqların diqtəsindən doğmuşdu.

      Türkiyə uzun müddət idi dəfələrlə bəyanatlar və rəsmi danışıqlarda istər Obama, istərsə də hal-hazırkı Tramp administrasiyasının nəzərinə çatdırırdı ki, Suriyada rəsmi Ankaranın öz milli təhlükəsizliyinə ciddi təhdid hesab etdiyi PKK-ya bağlı PYD qruplaşmasına dəstək göstərmək olmaz. Üstəlik, ən acınacaqlısı odur ki, ABŞ NATO üzrə müttəfiqinin maraqlarını nəzərə almadan, Türkiyənin terrorçu saydığı bu qüvvələrə hərbi dəstək göstərirdi.

         “Zeytun budağı” əməliyyatı Türkiyənin məcburiyyət qarşısında həyata keçirdiyi bir əməliyyat idi. Yəni, məlum bir həqiqət var ki, vaxtında görülməyən iş sonda gözlənilməz və pis nəticələrə gətirib çıxarır.

         Afrin şəhərinin alınması ilə bitən bu əməliyyatın gedişatına diqqət yetirəndə görürük ki, Türkiyə maksimum imkanları daxilində mülki əhalinin az ziyan görməsi üçün əlindən gələni etdi. Məsələn, biz əgər Rusiyanın hal-hazırda Şərqi Quta və İdlib ərazisində Təhrir-Əş-Şam birliyinin mövqelərinə hava hücumları endirmək adı altında həyata keçirdiyi əməliyyatlara diqqət etsək, tamam başqa bir mənzərənin şahidi olarıq. Demək olar, hər gün bombardmançı qırıcı təyyarələrin Suriyanın bu ərazilərində endirdiyi hava zərbələri onlarla mülki adamın, xüsusilə uşaq və qadınların ölümünə səbəb olur. Biz, əlbəttə, “Zeytun budağı” əməliyyatını ideallaşdırmaqdan uzağıq, zatən, indiki silahların istifadə edildiyi istənilən müharibədə dinc əhali arasında itkilərin heç olmaması mümkün deyil və bu baxımdan, Afrin və ona aid olan kəndlərin azad olmasında da bu cür halların baş verməsi ehtimalını istisna etmək olmaz. Sadəcə, bir həqiqət var, - Türkiyə ordusu əməliyyat zamanı məqsədli şəkildə dinc insanları hədəfə almadı. Yeri gəlmişkən, eyni mənzərəyə türkiyəli əsgərlərin əsir düşən döyüşçülərə olan münasibətində də şahid olduq.

      Bu zəfərin şanlı Çanaqqala zəfərinin ildönümü ilə üst-üstə düşməsi də bütün Türkiyədə böyük bir ruh yüksəkliyi və mənəvi həyəcan yaratdı.

         Geniş geosiyasi kontekstdə “Zeytun budağı” əməliyyatı məlum vəkalət müharibəsinin yeni formada davam etdiyini göstərdi. Belə ki, Afrin şəhərinin alınmasında Türkiyə silahlı qüvvələri Azad Suriya Ordusuna havadan dəstək verməklə yanaşı, quru qoşunları səviyyəsində birbaşa döyüşlərdə iştirak etdi. Qeyd etmək lazımdır ki, Türkiyə ordusunun iki ay ərzində elə də böyük itkilərlə üzləşməməsi bu ordunun peşəkarlığı haqda deyilən fikirlərin doğruluğunu sübut etmiş oldu. Yeri gəlmişkən, artıq 3 ilə yaxındır Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə apardıqları əməliyyatlara baxmayaraq, həlledici uğura nail ola bilməməsi fonunda Türkiyənin qısa müddətdə uğur əldə etməsi ciddi uğur sayıla bilər.

         Hal-hazırda bəlli olduğu kimi, Türkiyə hökumətinin növbəti hədəfi Suriya ərazisində yerləşən Mənbic şəhərinin PYD qüvvələrindən azad edilməsidir. Bununla bağlı, Tramp administrasiyası ilə ciddi danışıqlar gedir. Sözsüz ki, rəsmi Vaşinqtonla əldə ediləcək razılıq Ərdoğan hökumətini qane etsə, biz Türkiyənin növbəti strateji uğurunun şahidi olacağıq.

      • Hits: 164 clicks

      Tecox component by www.teglo.info