Tehran ABDURRAHİMOV- QƏRBİN DƏYİŞMƏYƏN METODLARI: AF(Ə)RİN!

      Share

      Bu günlərdə bütün dünyanın diqqəti qardaş ölkə Türkiyənin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və bölgəni terror bəlasından təmizləmək üçün haqlı olaraq həyata keçirdiyi Afrin hərbi əməliyyatlarındadır.

       Təbii ki, bu əməliyyatlar bütün dünyada birmənalı qarşılanmır, ikili standartlar burada da Türkiyə əleyhinə işləyir. Yaxşı, Afrin əməliyyatları haqqında sadə bir araşdırma apararaq doğru məlumatı necə əldə etmək olar, kimə inanaq? Axı Qərbin tanınmış bir çox mətbuat orqanı və siyasi xadimləri ilə Türkiyə mətbuatının hər yazdığı, hər dediyi üst-üstə düşmür.

      Məsələni az da olsa, aydınlaşdırmaq üçün keçmişə qısa bir səyahətin kifayət edəcəyini düşünürük. Axı tarix təkrardan ibarətdir. Mövzu bu dəfə Afrin olsa da, problem eynidir – Qərbin dəyişməyən metodları və bunu dünya ictimaiyyətinə təqdim etmə şəkli. Deyəsən, biz bu cür filmlərə daha əvvəl də tamaşa etmişik. Addım-addım gedək. Əslində keçmişin dərinliklərinə də getmək olar, amma o qədər əziyyətə ehtiyac yoxdur. Son 30-40 ilə baxmaq kifayət edəcək.

      Afrində bir terror bölgəsi yaradıldı və bu terrorçular açıq şəkildə Qərb tərəfindən dəstəkləndi. Qərb dünyası bu terror qruplaşmalarını hamının gözü qarşısında guya terrorla mübarizə adı altında ən müasir silahlarla təchiz etdi. Bu cür “fərqli don geydirmə” üsulu Qərb üçün heç də yeni deyil. Eyni metodun Əfqanıstanda 1970-80-ci illərdə istifadə edildiyini görürük. Hətta o dövrdə mətbuatın ABŞ prezidenti Ronald Reyqanla bir qrup “mücahid”in görüşünü işıqlandırması, Böyük Britaniya baş naziri “Dəmir Ledi” ləqəbli Marqaret Tetçerin Əfqanıstanda “mücahid”lərə xitabı və təkbir sədaları altında sərf etdiyi “Bütün azad dünyanın qəlbi sizinlədir” cümləsi, ABŞ xarici siyasətinin əsas memarlarından biri olan Zbiqnev Brzejinskinin Əfqanıstanda Taliban döyüşçülərinə “Biz Allaha inanırıq və O sizin tərəfinizdədir” deyərək hər cür dəstək vəd etməsi kimi bir çox məşhur tarixi faktı yaxşı xatırlayırıq. Son olaraq ABŞ Xarici İşlər nazirlərindən Hillari Klinton açıq-aydın Pakistan və Əfqanıstanda Əl-Qaidəni yaradıb hər cür dəstəyi verdiklərini etiraf etdi. Bəlli bir zaman sonra bu “mücahid”lər, bu “azadlıq döyüşçüləri”öz funksiyalarını başa vurduqdan sonra terror qrupları adlandırılmağa, beləliklə, yeni rollarını ifa etməyə başladılar.

      Bu gün də Afrin əməliyyatları haqqında qara propaqanda aparan və Qərbi dəstəkləyən mətbuat var-gücü ilə həqiqəti görməyimizə mane olmağa çalışır. Qərb mətbuatı bunu çox peşəkarlıqla həyata keçirir və təəssüf ki, yerli mətbuat da çox zaman (bilərək və ya bilməyərək) bu mətbuatı təqlid edir, onlardan hərfi tərcümələrlə kifayətlənir. Təbii ki, xəbər oxuyarkən onun içində Qərbdən çox mötəbər, marka olan bir mətbuat orqanının adını görən oxucu verilən məlumatları həqiqət kimi qəbul edir. Azərbaycanda daha çox “Qızıl gülün adı” əsəri ilə tanınan Umberto Eko bu aldadıcılığı “Beş əxlaq yazısı” kitabında çox gözəl ifadə edir. O, deyir: “Bu mətbuat orqanının adı qarşısına bir də “etibarlı”, “məşhur”, “tanınmış” kimi sözlər də əlavə edilir ki, şübhə yeri qalmasın”.

      Keçmişdən sadəcə bir nümunə ilə Qərb mətbuatının işlətdiyi dilə diqqət edək. BBC 1974-cü ildə Türkiyənin, demək olar ki, sahillərindən görünən Şimali Kiprə göndərdiyi hərbi qüvvələrə “işğal qüvvələri”, amma 1982-ci ildə Böyük Britaniyanın 12 min km uzaqlıqda yerləşən Folklend adalarına göndərdiyi hərbi qüvvələrə isə “tapşırıq qüvvəsi” deyirdi. Eyni mətbuat orqanı, iki fərqli yanaşma.

      Qərb mətbuatının necə çirkin metodlar istifadə etdiyini və həqiqətləri öz xalqları daxil olmaqla bütün dünya xalqlarından gizlətməsini ən yaxşı izah edən mənbələrdən biri də bu mövzularda Qərbi ən çox tənqid edənlərin ilk sırasında gələn Noam Xomskinin “Qərb terrorizmi” kitabıdır. Əfqanıstandan tutmuş Vyetnama qədər dünyanın bir çox nöqtəsindən Qərb mətbuatının necə yalan, yanlış və sadəcə Avropa siyasətinə xidmət edən, insan haqlarını görməzdən gələn xəbərlər yaydığını müşahidə edirik.

      Bu cür nümunələri çox sıralamaq mümkündür. Amma bir film ilə bu siyahını yekunlaşdıraq. Robin Uilyamsın baş rolda oynadığı “Sabahın xeyir, Vyetnam” filmi bu ölkələrin həqiqətləri öz xalqlarından belə necə gizlətdiyinə gözəl bir nümunə ola bilər.

      Nəticə olaraq qeyd etmək lazımdır ki, adları nə qədər məşhur, özləri nə qədər marka olsa da, Qərb mətbuatı əsasən Qərb ölkələrinin maraqlarına xidmət edir və bir çox məsələni bu paradiqmadan təqdim edir. Ona görə də əldə etdiyimiz və marka sayılan mətbuat orqanlarına istinad edilmiş xəbərləri belə əvvəlcə süzgəcdən keçirməyə çalışaq. Ən azından belə bir tələnin varlığından xəbərdar olaq. Axı gözəl dinimiz İslam da bizi əldə etdiyimiz məlumatın həqiqət olub-olmadığını araşdırmaqdan məsul tutur.

      • Hits: 301 clicks

      Tecox component by www.teglo.info