i.f.d Ələddin SULTANOV- BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

      “Ey insanlar! Yer üzündəki (qidaların) halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o (şeytan), sizin açıq-aşkar düşməninizdir”. (əl-Bəqərə, 168)

       

      Uca Allah bu imtahan dünyasında insan oğlunu haram və halallarla sınağa çəkməkdədir. Allahın göndərdiyi digər şəriətlərdə olduğu kimi, İslam dinində də müəyyən halallar və haramlar vardır. Halal və harama diqqət çəkən bu ayeyi-kərimə “Ey insanlar!” xitabı ilə başlayır və ayədəki əmr və tövsiyələr bütün insanlara şamildir. Uca Allah insanlara bəxş etdiyi nemətlərin içindən yalnız halal olanları yeməyimizi buyurmuş, bunun ardınca da şeytanın yolundan getməməyimiz gərəkdiyini bildirmişdir. Halalın ziddi isə haramdır. Yəni, halal qazancı tərk etsək və şeytanın vəsvəsəsinə uysaq, o, bizi harama sövq edər ki, ayənin sonunda da onun insan oğlu üçün açıq bir düşmən olduğu bildirilmişdir. Düşmənlərimiz heç vaxt bizim doğru yolda getməyimizi istəməz. Şeytan da Hz. Adəmdən (ə.s) bəri düşmənimiz olduğu üçün halal əvəzinə harama yönəlməyimizi istəyər.

      İslam dinində bir şeyin haram olduğu barəsində hökm yoxdursa, o, mübah və halal sayılır. Buna görə də bir müsəlman ilk növbədə nələrin halal olduğunu yox, haram olduğunu bilməlidir. Peyğəmbərimiz (s.ə.s) də halal qazanca diqqət çəkmək üçün belə buyurmuşdur: “Heç kəs öz qazancından daha xeyirli bir ruzi əsla yeməmişdir”. (Buxari, Büyu, 15) Çünki haram qazancın nə xeyri, nə də bərəkəti olar. Digər tərəfdən, etdiyimiz ibadətlərin Allah dərgahında məqbul olması üçün yediyimizin və qazandığımızın halal olması da son dərəcə labüddür. Həzrət Peyğəmbər (s.ə.s) bu barədə belə demişdir: “Bir nəfər uzun bir səfərə çıxar. Saçları dağınıq bir halda və toz-torpağa batmış şəkildə qəlbindən: “Ya Rəbbi! Ya Rəbbi!” – deyərək əllərini göyə açar. Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, qazandığı ruzi haramdır. Belə bir insanın duası necə qəbul olunar?!” (Müslim, Zəkat, 65)

      Quran-Kərim və hədisi-şəriflərdə yeyilməsi qadağan olan şeylər açıq şəkildə bildirilməkdədir. Bununla yanaşı, sosial həyatımızda yer alan başqa haramlar da var. Məsələn, müştərini aldatmaq, fürsətdən istifadə edib malın qiymətini hədsiz yüksəltmək, satılıq malın qüsurunu gizlətmək, işçiyə haqsızlıq etmək, yalan danışmaq, insanların haqqını yemək, dövlətin malını mənimsəmək, rüşvət alıb-vermək, möhtəkirlik, sələmçilik, oğurluq, fal, fırıldaqçılıq... Bunları xüsusilə sadalamağımızdakı məqsəd odur ki, bəzilərimiz halal və haramın sadəcə yeyib-içmə ilə əlaqəli olduğunu zənn edir və yuxarıda qeyd etdiyimiz bu haramlara diqqət etmirlər. Həqiqi bir mömin həyatın hər bir sahəsində haramlardan uzaq durmalıdır.

      • Hits: 344 clicks

      Tecox component by www.teglo.info