Nurlan MƏMMƏDZADƏ- İKİ NEMƏT

      Share

      Allah Rəsulu qiyamətədək öz təsirini qoruyub saxlayan mübarək kəlamlarından birində belə buyurur: “İki nemət vardır ki, insanların çoxu onlardan istifadə etməkdə aldanmışdır: sağlamlıq və boş vaxt”. 

      Bilirik ki, Hz. Peyğəmbər zaman-zaman ondan tövsiyə istəyən fərqli adamlara, verilən sualın zaman və şərtinə görə müxtəlif cavablar vermişdir. Məsələn, bir hədisi-şərifdə “ən yaxşı əməl nədir” sualına “vaxtında qılınan namaz”, başqa bir hədisdə eyni suala “Allah yolunda cihad”, yaxud da “valideynə ehtiram” cavabını vermişdir. Ümumilikdə bu əməllərin hər biri fəzilətlidir, lakin sualı verənin haləti-ruhiyyəsi və həmin an ehtiyac duyulan məqam bu öncəliyi labüd etmişdir. Biz də misilsiz örnək Hz. Muhamməd (s.ə.s)-in bu metodunu nəzərə alaraq, mübarək ağzından çıxan hədislər içərisindən məhz bu kəlamını seçdik. Məqaləmizin ana sütunlarını onunla atmaq qərarına gəldik.

      Vaxt və sağlamlıq insan oğlu üçün hər zaman vacib amillərdəndir. Belə ki, doğulduğumuz andan etibarən Allahın bizə verdiyi bir ömürlük vaxtımızı və sağlamlığımızı tükətməyə başlayırıq. Ömrümüzün hansı çağını yaşamağımızdan asılı olmayaraq sağlamlıq və vaxt neməti hər zaman aktualdır və öz dəyərini qoruyub saxlayır. Lakin gəlin görək, biz bunun fərqinə nə qədər varırıq? Yaxud da həqiqətlərin fərqinə vardığımız ahıl yaşımızda bu dərketmənin bir faydası olurmu? Klassik ərəb şeirində deyildiyi kimi “Kaş gəncliyim geri gələydi, qocalığın mənə nə etdiyini ona deyəydim” peşmançılığı boşa gedən zamanı, bihudə işlər ardınca düşərək tükənən ömrü, həmçinin sağlam və gümrah vaxtlarımızda əldən qaçırdıqlarımızı geri gətirirmi?

      Gənclik çağı insanın öz gələcəyi ilə bağlı ən mühüm qərarları verəcəyi və həyatını alınan qərarlar istiqamətində dizayn edəcəyi zaman kəsiyidir. Çünki onun ən sağlam və gümrah dövrü məhz gənclik illərinə təvafüq edir. Əqli və fiziki sağlığından istifadə edəcəyi ən çox zamanı da yenə həmin illərlə məhduddur. Artıq müəyyən yaş həddinə gələn insan bir sıra məişət problemləri və ailə qayğıları ilə üzləşməli olur. Vaxtının böyük hissəsini bu problemlərin həllinə həsr edərkən zamanın necə keçdiyinin fərqinə varmadan əvvəlki gümrahlıq və sağlığı ilə vidalaşmalı olur. Deməli, bir gəncin sahib olduğu ən gözəl nemətlərin sıralanmasında sağlamlıq və boş vaxt ilk sətirlərə yazılmalıdır. Gənclərin gələcəyi böyük ölçüdə bu iki nemətdən necə istifadə etmələrindən asılıdır. Elə xalqların, dövlətlərin və ümmətin də gələcəyi bu prinsipə söykənir.

      Tarixin hər dövründə oyun-əyləncə, kef-keyfiyyət, eyş-işrət kimi insanın zamanını və sağlığını boş yerə hədər edən vasitələr olmuşdur. Hər əsrin tələblərinə görə icra tərzi dəyişsə də, əsas mahiyyət dəyişməz olaraq qalır. Əgər bu gün gəncliyin zamanını dəyirman kimi üyüdən vasitələrin başında televiziya və internet gəlirsə, onun sağlamlığına zərbə vuran vasitələrin başında da gündən-günə rəngarəng reklamlarla bəzədilən zərərli vərdişlər yer alır. Bəli, bu günün gənclərinin ən böyük problemi vaxtdan səmərəli istifadə etməmək və insan sağlığına zərər vuran qidaların qəbulu, anlıq yaşanan həzz naminə əl atılan vasitələrdir. Gözünü “ağıllı” telefonlardan çəkməyən, başı internet-şəbəkə oyunlarından açılmayan, canlı ünsiyyəti virtual dostluqlara dəyişən gənclik heç də sağlam gələcək vəd etmir. Virtual yaşamağı həyat tərzi kimi mənimsəməkdən süfrə başında ədəb-ərkanla oturub yemək yeməyə vaxtı qalmayan, bu səbəblə tələsik və ayaqüstü yeyilən qidalarla qarnını doyurub vücudunu ac qoyan gənclik bizə hansı sağlam gələcəyi vəd edə bilər? Mənşəyi bəlli olmayan enerji içkilərini udumlayaraq hələ mədəsinə çatmadan üzərindəki adın psixoloji təsirinə qapılaraq “əjdaha”ya dönən gənclik gələcək adına nəsillərimizə “cəhənnəm”i vəd etmirmi? Unutmayaq ki, gəncliyimizin hədər olması gələcəyimizin də məhvi deməkdir.

      Haqlı olaraq belə bir sual yarana bilər: “Bəs gənclər nə etsin? Zamanla ayaqlaşmasınlarmı?”. Əlbəttə, ayaqlaşsınlar. Lakin gəlin görək, bizim “zamanla ayaqlaşma” anlayışımız nədən ibarətdir? Bu anlayışımız əgər dövrün tələblərinə cavab vermək adına önümüzə qoyulan vasitələrə qapılaraq əsas qayəmizi unutmaqdırsa, keçirdiyimiz zaman ərzində məhsuldarlıqdan uzaq qalmaqdırsa, gəlin adını “zamanla ayaqlaşmaq” yox, “zamanı ayaqlamaq” qoyaq. Bir az əvvəl verdiyimiz misalda olduğu kimi qarını doldurmaqla vücudu bəsləmək başqa şeydir. Zamanı tükətməklə zamanla tükənmək bir-birindən fərqlənən məfhumlardır. Əylənmək adına kimlərinsə əyləncəsinin qurbanı olmaq başqa bir şeydir. Gənclər nə etsin? Gənclər hər şeydən əvvəl nə qədər böyük bir nemətə sahib olduqlarını fərq etsinlər. Bir şeyin qədrini bilmək ondan düzgün istifadə üçün ən zəruri nüansdır. İnsan əlində olanların bir gün tükənəcəyini bildiyi təqdirdə ondan üsuluna uyğun istifadə edər. Unutmamalıyıq ki, yaşa dolduqdan sonra istifadə etdiklərimiz gənc ikən qazandıqlarımızdan ibarətdir.

      Əslində, bu çətin prosesdə bütün məsuliyyəti gənclərə atmaq da bir o qədər doğru deyil. Əlbəttə ki, ömür yolunda yaşa dolanlar da gənclərə yol göstərməlidirlər. Çünki bəzi şeylər yaşanmadan və tükənmədən dərk edilmir. Elə isə onların da əllərindəkini tükətməsini gözləmədən öz tükətdiklərimizi xatırlatmalıyıq. Keçən günlərin həsrəti ilə təəssüflənərək  “Kaş gəncliyim geri qayıdaydı...” beytini dillər əzbəri edənlər öz halları ilə gəncliyə güzgü tutmağı bacarmalıdırlar.  Keçdikləri həyat yolunda yaşadıqları yaxşı və pis təcrübələrin nəticəsini əyani şəkildə yeni nəsillərə göstərməyin yollarını axtarmalıdırlar. Beləliklə, əldən qaçırdıqları nailiyyətlərin başqaları tərəfindən yaşanması ilə xoşbəxt olmağı bacarmalıdırlar.

      • Hits: 113 clicks

      Tecox component by www.teglo.info