Nicat QƏRİBOV- Muaz bin Cəbəl

      Share

      Muaz bin Cəbəl 18 yaşında müsəlman olub. Mədinədəki Həzrəc qəbiləsindən idi. İkinci Əqabədə Hz. Peyğəmbərə (s.ə.s) beyət edənlər arasında yer almışdı.

       Rəsulullahla (s.ə.s) bərabər bütün döyüşlərdə iştirak etmişdir. Hz. Muhamməd (s.ə.s) İslam dinini və Qurani-Kərimi öyrətməsi üçün onu Yəmənə göndərmişdi. Onun haqqında belə buyurmuşdu: “Ümmətimin halal və haramı ən yaxşı biləni Muaz bin Cəbəldir”.  O, Peyğəmbərimiz (s.ə.s) zamanında Quranı əzbərləyən və Onun: “Quranı bu dörd nəfərdən öyrənin: Muaz bin Cəbəl, Übey bin Kəb, Abdullah bin Məsud və Salim Mevla əbu Hüzeyfə (r.anhum)” iltifatına nail olan ən yaxşı Quran oxucularından idi.

      Muaz gözəl danışar, hikmətli sözlər söyləyərdi. Hər zaman gözəl geyinərdi. Gənc, ucaboy və yaraşıqlı olması ilə diqqəti cəlb edərdi. Rəsuli-Əkrəm (s.ə.s) onu bir iman əri və İslam təbliğçisi olaraq yetişdirmək istəyirdi. Bir gün Muazı yanına çağırdı və ona bu nəsihətləri verdi:

      “Ey Muaz! Sənə Allahdan qorxmağı, Ona sığınmağı, doğru danışmağı, verdiyin sözün üstündə durmağı, hər kəsə salam verməyi, yaxşı işlər görməyi, yetimlərə mərhəmət etməyi və şirin dilli olmağı tövsiyə edirəm.

      Ey Muaz! Allahı görürmüş kimi ibadət et və özünü ölmüş kimi bil! Çox mühüm bir şeyi də söyləyim: Dilini tut!”

      İslamın digər ölkələrdə yayılmasında Muaz bin Cəbəlin (r.a) xidməti böyükdür. O, Peyğəmbər (s.ə.s) məktəbində yetişmiş bir müəllim olaraq Məkkə, Mədinə, Şam, Yəmən və Fələstinə qədər getmiş, oradakı insanlara Quranı, İslamı öyrətmişdir.

      İslama girdiklərini bildirmək üçün Mədinəyə elçilər göndərən Yəmən hökmdarı, eyni zamanda yəmənlilərə İslamı öyrədəcək müəllim istəmişdi. Elm, ədəb, nəzakət və hər cür gözəlliyin qaynağı olan Rəsuli-Əkrəm (s.ə.s) əshabına: “İçinizdən kim Yəmənə gedər?”- deyə buyurdu. Hz. Əbu Bəkr (r.a): “Mən gedərəm, ya Rəsulallah”, - dedi. Sevimli Peyğəmbərimiz təkrar soruşdu: “Hansınız Yəmənə gedər?”. Bu dəfə Hz. Ömər (r.a) cavab verdi: “Mən gedərəm, ya Rəsulallah”. Bir müddət sonra üçüncü dəfə sualını təkrar edəndə Muaz bin Cəbəl (r.a) ayağa qalxdı və: “Ya Rəsulallah! Mən gedərəm”, - dedi. Rəsuli-Əkrəm (s.ə.s) buyurdu: “Ey Muaz! Bu vəzifə sənindir!”. Peyğəmbərimiz (s.ə.s) vidalaşarkən belə soruşdu:

      - Səndən bir məsələ haqqında soruşularsa, nə ilə hökm edərsən?

      -Allahın kitabı ilə.

      -Kitabda cavabı açıq şəkildə tapmasan, onda necə?

      -Peyğəmbərin sünnəsi ilə.

      -Əgər cavabı orada da tapmasan?

      -İctihad edər, dərk etdiyimlə hökm verərəm, - dedi Muaz.

      Sevimli Peyğəmbərimiz (s.ə.s):

      - Əlhəmdülillah! Allah Rəsulunun elçisi Rəsulunun rizasına uyğun cavab verdi, - deyərək məmnunluğunu bildirdi və Muaza (r.a) belə dua etdi: “Allah səni müsibətlərdən, insanların və cinlərin şərindən mühafizə etsin”.

      Muaz bin Cəbəl Rəsulullahın (s.ə.s) vəfatına qədər Yəməndəki qazilik vəzifəsinə davam etdi. Bu müddətin sonuna qədər Yəməndə peyğəmbərlik iddiasında olan və bölgədə bir çox nəfəri ətrafına toplayan Əsvəd əl-Anisin məğlub edilməsində və bölgədə müsəlmanların yenidən hakimiyyət qurmasında şəxsən iştirak etdi.

      Muaz bin Cəbəl Hz. Muhammədin vəfatından qısa bir müddət sonra Yəməndən Mədinəyə geri qayıtdı.  Hz. Əbu Bəkrdən Şam fəthlərinə qatılmaq üçün icazə istədi. Xalid bin Vəlid, sonra isə Əbu Ubeydə bin Cərrahın əmrində gerçəkləşən fəthlərdə iştirak etməyə başladı. Müsəlmanlarla Bizans ordularının Şam bölgəsi torpaqlarında qarşı-qarşıya gəldikləri iki böyük müharibə olan Əcnadeyn və Yərmuq savaşlarına bölük başçısı olaraq qatıldı. Bundan əlavə, Bizansın Şərqi Aralıq dənizindəki ən önəmli mərkəzi olan Dəməşq (Şam) şəhərinin fəthində iştirak etdi.

      Muaz özü İbn Abbas və İbn Ömərdən 157 hədis rəvayət etmişdir. Ənəs bin Malik ilə Məsruk da Muazdan hədis rəvayət etmişdir. Həmçinin müəllim olması səbəbilə hədis və fiqh sahəsində çoxlu məşhur tələbələr yetişdirmişdir. Bunlar arasında ilk ağıla gələnlər: Abdullah bin Ömər, Abdullah bin Abbas, Abdullah bin Amr bin As kimi alimlərdir. Hz. Ömər xəlifəliyi dövründə fiqhi mövzularda Muaz bin Cəbəl ilə tez-tez görüşmüş, məsləhətləşmişdir.

      Miladi 638-ci ildə yayılan və 25 mindən artıq müsəlman əsgərin ölümünə səbəb olan vəba xəstəliyi Suriya ordularının baş komandanı Əbu Ubeydə bin Cərrahın da ölümünə səbəb olmuşdu. Bunun üzərinə Xəlifə Hz. Ömər onun yerinə ordunun rəhbərliyinə Muaz bin Cəbəli göndərdi. Ancaq Muazın da rəhbərliyi çox uzun çəkmədi. Qısa bir müddətdən sonra eyni xəstəliyə tutularaq 33-35 yaşlarında indiki İordaniya ərazisində vəfat etdi. Allah hər birindən razı olsun.

      • Hits: 130 clicks

      Tecox component by www.teglo.info