Səfa MURADOV- BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: {لَا تَجْعَلُوا بُيُوتَكُمْ مَقَابِرَ، إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِي تُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ}

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Evlərinizi qəbiristanlığa çevirməyin. Şübhəsiz ki, şeytan Bəqərə surəsinin oxunduğu evdən qaçar”. (Müslim, Müsafirin, 29; Tirmizi, Fəzailul-quran, 2)

                  Quran insanları zəlalətdən hidayətə, zülmətdən aydınlığa çıxaran önəmli bir yol rəhbəridir. Quran ölmüş qəlblərə həyat verərək insanları nura qərq edən Allah kəlamıdır. Bu səbəblədir ki, həm Qurani-Kərimdə, həm də hədislərdə Quranın bir həyat kitabı olduğuna diqqət çəkilmişdir. İstər müxtəlif surələrin, istərsə də surələrin içində keçən müəyyən ayələrin oxunmasının fəzilətinə dair Rəsulullahdan (s.ə.s) bir çox hədis nəql olunmuşdur. Belə hədislərdən biri də Bəqərə surəsinin oxunmasına dair yuxarıda qeyd olunan hədisdir. Bəqərə surəsi Quranın ən böyük surəsidir. İçində ibadət, əxlaq, fərdi və ictimai münasibətlər, peyğəmbər qissələri və s. ilə bağlı bir çox mövzular keçən bu surə bir mənada Qurani-Kərimin xülasəsidir. Ona görə də, Rəsulullah (s.ə.s) bu surənin oxunduğu evlərin ehya olunacağını və qəbiristanlığa bənzəməyəcəyini vurğulamışdır. Çünki qəbiristanlıq, içində insanlar olsa da, kənardan baxılanda heç bir həyat izi daşımayan məkandır. Oradakı insanların həyat ilə bağı qopmuşdur.

                  Rəsulullah (s.ə.s) hədisi-şərifdə inanan insanları "evlərinizi qəbiristanlığa çevirməyin" deyərək xəbərdar etməkdədir. Çünki içində Quran oxunmayan, namaz qılınmayan, Allahın adı zikr edilməyən evlər zahirən canlı olaraq görünsə də, həqiqətdə qəbiristanlıqdan heç bir fərqi yoxdur. Belə evlərin sakinlərinin qəbiristanlıqdakı ölülərdən tək fərqləri ayaq üstə gəzib nəfəs almalarıdır. Rəsulullah (s.ə.s) bir çox hədislərində bu məsələyə işarə edərək Quranın insana həyat bəxş etdiyini buyurmuşdur. Bir hədisində, hafizəsində Qurandan heç bir şey olmayanı xaraba qalmış evə (Tirmizi, Fəzailul-quran, 18) bənzədən Allah Rəsulu (s.ə.s) insanların mənəvi baxımdan canlanmaları üçün Quranın əsas rol oynadığına diqqət çəkmişdir. Quran həm şəxslərə, həm də məkanlara həyat bəxş etməkdədir. Quranın nuru insanın mənəviyyatını zənginləşdirdiyi kimi, içində oxunan evin hər bir daşına da hoparaq o evi nurlandırar. Demək ki, hüzurun, xoşbəxtliyin yolu Qurana bağlı bir həyat yaşamaqdan keçir.

                  Quranın insanı mənəvi olaraq canlı tutması onu oxumaqla yanaşı, əməl etməyə də bağlıdır. Çünki Quran yaşanmadıqca həyatı aydınlatmaz. Yaşanan Quran şeytana və nəfsə qarşı bir qalxandır. Qalxanı sağlam olanın şeytana müqavimət göstərməsi də asan olar. Bu baxımdan insan gözünü açandan qapayana qədər Quranla bütünləşmiş bir ömür yaşamalıdır. Quran üzərinə inşa olunan bir ömür Allahın axirətdə vəd etdiklərini qazanmağa ən layiq olandır.

      • Hits: 153 clicks

      Tecox component by www.teglo.info