Zaur ORUCOV- ƏHMƏD BİN MUSA

      Share

      İbn Musa adı ilə məşhurlaşan İslam alimi Əhməd bin Musa (803-878) Bağdadda dünyaya gəlmişdir. Əsl adı Əbülqasım Əhməd bin Musa bin Şakirdir.

       Münəccim (astronom) atanın oğlu idi. Xəlifənin münəccimi Yəhya bin Əbu Mənsurdan dərs almışdır. İslam aləmində bilinən elmləri mənimsədi, ancaq bununla kifayətlənmədi. Qədim dövrlərə aid elmləri də araşdırdı. Qardaşı Həsən ilə bərabər Misir, İran və Asiya ölkələrinə səyahət etdi. Qədim Yunan əsərlərini toplayıb tərcümə etdi. Astronomiya və fizika sahəsində çox mötəbər çalışmalara imza atdı. Bu nailiyyətlər onun  xəlifə Məmunun sarayına gəlməsinə və dostluğunu qazanmasına səbəb oldu.

      Əhməd bin Musa elm tarixinə “sistem mühəndisliyi”nin banisi kimi keçmişdir. Astronomiya, fizika (mexaniki fizika) və tərcümə sahələrində ad qazanmışdır. Qardaşı Məhəmməd ilə birlikdə rəsədxana inşa etmiş, bəzi önəmli ulduzların doğmasını və batmasını müəyyən etmişdir. Qarışıq hesabları düzgün şəkildə işləyərək göstərən və bunu hesablayan bir cihaz kəşf etdi. Beləliklə, dünyada bənzəri olmayan bir alət hazırlamış oldu. Dövrünün insanlarını heyrətə salan bu cihazı Əli ibn Rəbban ət-Təbəri görmüş, heyranlıqla tamaşa etdiyi bu cihaz haqqında belə demişdir: “Samaradakı rəsədxananın önündə astronom və mexanik olan Musa oğullarının  hazırladığı cihazı gördüm. Bu cihaz kürə şəklində idi. Bürclər qurşağının meydana gətirdiyi nişanə vasitəsi ilə ulduzların yerini təyin edir və rəsmlərini təsbit edirdilər”. Bu cihaz su ilə işləyirdi. Göydən bir ulduzun düşməsi ilə eyni anda həmin ulduzu təmsil edən bir rəsm cihazın içindəki üfüq xəttini göstərən dairənin altından yox olub gedirdi. Həmin ulduz təkrar çıxanda onun rəsmi üfüq xəttində görünürdü.

      Əldə etdiyi nailiyyətlər Əhmədin çəkdiyi cədvəldə öz əksini tapmışdır. O dövrə qədər göy qübbəsinin doqquz kürə tərəfindən əhatə olunduğuna inanırdılar. Onun ən böyük nailiyyətlərindən biri də bu fikri çürütmək oldu. Fizika sahəsindəki bacarığı və nailiyyəti İsgəndəriyyəli Ktesibios (e.ə.285), Heron (e.ə.I) və Bizanslı Filyonu (e.ə.I) ötüb keçmişdir. Avtomatik idarə olunan mühərriklər hazırladı və işləmə prinsiplərini izah edən əsərini yazdı. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitabəl-xiyəl).

      Hazırladığı mexanik qurğular bunlardır:

      1. Böyük baş heyvanları narahat etmədən kiçik heyvanları suvaran ləyənlər. Bu qab içində iki litrə yaxın su tutur. 20 baş kiçik heyvan bu qablardan eyni anda su içir, amma qablardakı su əskilmirdi.

      2. Hər dəfə müəyyən olunmuş miqdarda vaxtaşırı içərisindən sular axan hamam qabları və bu prinsiplə işləyən kuzə və aftafalar.

      3. Mayenin izafi ağırlığını hesablayan qablar.

      4. Boşalan kimi təkrar içinə su dolan qablar.

      5. İstəyə və ehtiyaca görə birgə və ya ayrıca su axıdan şüşələr.

      6. Fitili yandıqca öz-özünə çıxan, içinə avtomatik yağ axıdan və küləkdə sönməyən lampa.

      7. Suyun müəyyən bir səviyyəyə çatması ilə suvarmanın başa çatdığını xəbər verən düdüklü alətlər.

      8. Daima müxtəlif formalarda su fışqırdan çeşmələr.

      Əhməd bin Musa "Texniki qurğular kitabı"nda bəhs etdiyi qurğuların bəzilərini özü hazırlamışdı. Bəzilərinin isə həmin adı keçən əsərdə geniş izahını vermişdi. Bu əsərdə 100 ədəd qurğunun izahı verilir. Bunlardan 25 ədədi praktikada tətbiqi mümkün olan və təcrübə edilmiş qurğulardır. Geridə qalanlar isə sadəcə nəzəriyyə xarakterlidir. İbn Musanın əsərləri Topqapı, Berlin və Vatikan muzeylərində saxlanır. Topqapı nüsxəsi ən qədim olanıdır. "Texniki qurğular kitabı"nın xaricində adları bəzi tarixi sənədlərdə qeyd edilən bir neçə əsəri də var:

      1. Sabit ulduzların xaricində IX bir kürənin olmadığının geometrik üsulla isbatı.

      2. Sənəd bin Əliyə verilən suallar.

      3. Öz-özünə musiqi çalan alət.

      Çox təəssüf ki, Əhməd bin Musanın Kitabəl-xiyəl (Texniki qurğular kitabı) əsərindən başqa digər əlyazma nüsxələri bu günə gəlib çatmamışdır.

      • Hits: 104 clicks

      Tecox component by www.teglo.info