Nurlan MƏMMƏDZADƏ- TORPAĞI VƏTƏNƏ ÇEVİRƏNLƏR

      Share

      Hər bir milləti və xalqı təmsil edən onun fərdləridir. Fərdlər ailələrdə yetişir, cəmiyyətə açılır və zamanla sahib olduğu millətin, yaşadığı vətənin mənafeyinə uyğun həyat sürür, yaxud onu doğub, boya-başa çatdıran xalqa yük olur.

       Bir-birini əvəz edən nəsillər əsrlərin sınağından çıxmış gerçəkləri, dədə-baba mirasını, milli-mənəvi dəyərləri bir-birinə ötürərək bütöv bir millətin yaşamasına, o millətə xas keyfiyyətlərin gələcəyə işıq tutmasına zəmin hazırlayır. Bir dövlətin güclü və ya zəif olması, yaxud şanlı tarix yolu keçib-keçməməsi fərdlərinin meydana gətirdiyi cəmiyyətdən, yəni millətdən asılıdır.

      Hər bir fərdin ən ümdə borclarından biri içindən çıxdığı ailə və yaşadığı cəmiyyət üçün faydalı işlər ortaya qoymaq, onun adını ucaltmaqdır. Millətini təmsil xüsusunda torpağı əkib-becərən kəndli, hansısa fabrikdə işləyən fəhlə, yaxud hansısa vəzifədə oturan məmur arasında heç bir fərq yoxdur və olmamalıdır. Hətta ölkənin və dövlətin gələcəyinə hansının nə qədər töhfə verdiyi də məchuldur. Əgər bir mıx bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, o da bütöv bir ordunu saxlayırsa, deməli, heç bir şeyi kiçik görməmək lazımdır. Elə isə hər kəs olduğu yerdə vətəni, xalqı və dövləti üçün, milli-mənəvi dəyərləri naminə eyni hisslərlə əlindən gələni etmək məcburiyyətindədir. Məsələ vətən, bayraq, millət və dövlət olduqdan sonra şəxsi mənafelər öz hökmünü itirərək yerini daha ülvi amala verməlidir. Bu, hər bir insanın qarşısında duran ən vacib məsələdir. 

      Əgər bir cəmiyyətin fərdləri və gəncləri bu şüurdadırsa, o cəmiyyət təqdirəlayiqdir. Əgər millət olaraq dünyada öz sözünü demiş öndərləriniz varsa, müqəddəs qayə uğrunda, haqq-ədalət naminə, vətən torpaqlarının bütövlüyü üçün özünü fəda edən, yeri gəldikdə canından keçən şəhidləriniz varsa, yeni yetişən gənclərinizə nümunə göstərəcəyiniz örnək nəslə sahibsinizsə, deməli, böyük millətsiniz. Fəxrlə qeyd etməliyik ki, bir millət olaraq bu sadaladıqlarımızın hər birinə sahibik. Bu xalqın bağrından ulu öndərlər də, dahi insanlar da, igid övladlar da çıxıb. Biz xalq olaraq beynəlxalq milli çalarların sərgiləndiyi dünya tablosuna öz rəngimizi qatmağı da bacarmışıq, yeri gəldikdə haqsızlıq qarşısında mübarizə aparmağı da, məzlumun göz yaşını silməyi də. Millət olaraq keçdiyimiz həyat yolumuza boylananda bir-birindən əlamətdar tarixi günlərə şahid oluruq. Tarixin yaddaşına qızıl hərflərlə həkk olunan bu kimi şanlı səhifələr bizim varlıq səbəbimizdir. Bu kimi şanlı günlərdən biri də, şübhəsiz ki, 20 Yanvar günüdür.

      Hər ilin başında qeyd etdiyimiz 20 Yanvar günü birlik, bərabərlik və müstəqlliyimizin bir simvoluna çevrilib. Biz 20 Yanvarı ona görə ümumxalq hüzn günü adlandırırıq ki, məhz həmin gün bu vətən üçün lazım olan müəllimlərimizi, mühəndislərimizi, sənətkarlarımızı itirmişik. Millətin gələcəyinə nə kimi faydası olacağını bilmədiyimiz məktəbli yeniyetmələrimizin cansız cəsədləri məhz həmin gün düşüb vətən torpağına. Bu gün bizim üçün ona görə hüzn günüdür ki, məsum və əliyalın vətən övladlarını məhz həmin gün itirmişik. O insanlar gələcək xəyallarını gerçəkləşdirməyə macal tapmadan, sevdiklərinə doymadan yumdular gözlərini.

      Lakin 20 Yanvar günü eyni zamanda bizim üçün bir qəhrəmanlıq salnaməsidir. Bu millətin əsla zalıma, nahaqqa boyun əyməməsinin simvoludur. Bu gün istiqlala uzanan məlum əlləri kəsmək üçün, üçrəngli bayrağı mavi səmada dalğalandırmaq naminə hər şeydən şirin olan candan keçmə cəsarətinin abidəyə çevrildiyi gündür. Vətənin bütövlüyünü qorumağın, gələcək nəsillərin keşiyində durmağın nə tankla nə də topla mümkün olduğunu, əksinə, ürəklə mümkünlüyünü göstərən bir gündür. Bu gün yalın əllə istibdada meydan oxuma günüdür. Bu gün bir yumruğa dönüb zalımı əzdiyimiz gündür.

      20 Yanvar eyni zamanda bizim üçün bir yoldur. Əsrlərin o tayından bu günümüzə gələn qeyrət, mübarizə, igidlik yoludur. Biz bu yolda fədakar vətən oğullarının, igid qızlarımızın mətin duruşunu görürük. Əgər bu gün sağlam addımlarımızı büdrəmədən ata biliriksə, bunun məhz onların açdığı yol sayəsində mümkün olduğunu dərk edirik. Həmçinin bizdən öncəkilərin bizə açdığı cığırla irəliləyərkən gələcək nəsillərə yol açmalı olduğumuzun fərqinə varırıq. Bu yol bizə vətən və millət qarşısında öhdəliklərimizi xatırladır. Babalarımızdan aldığımız mirası gələcək nəsillərə nöqsansız ötürmək üçün layiqli varis olmağın yollarını göstərir bizə.

      Zahirən baxdıqda 20 Yanvar təqvimdə bir gün kimi görünsə də, əslində özlüyündə bizə torpağı vətənə çevirənləri xatırladan əlamətdar bir andır. 20 Yanvar sadəcə 1990-cı il qurbanlarının anım günü deyil, eyni zamanda o günə qədər və ondan sonra bu vətən uğrunda qan tökən, can verən qəhrəmanlarımızın da anım günüdür. 20 Yanvar 1905-dir, 1918-dir, Xocalıdır, Şuşadır, Qarabağdır… 20 Yanvar İlhamdır, İlqardır, Larisadır, Mübariz İbrahimovdur, Əlif Hacıyevdir, torpaq altında yatan yüz minlər, milyonlardır, bütöv Azərbaycandır.   

      Unutmamaq lazımdır ki, tarix millətlərin yaddaşıdır. Milli təcrübələrin, yaşanan acı və şirin xatirələrin, ağır, qanlı-qadalı günlərin toplandığı yaddaş mənzuməsidir. Bu səbəblə də keçmişin unudulduğu yerdə millətin sonu görünər. Çünki millət bir mənada tarixdən ibarətdir. Onu mənəvi dəyərlərindən və tarix şüurundan uzaqlaşdırsanız geriyə insan sürüsü qalar. O zaman ülvi amallar uğruna verilən şəhidlərin qanı boşuna axmış olar. Onu da unutmamalıyıq ki, gənc nəsillərin gücü, canlılığı və davamı keçmişdən miras aldığı ünsürlərin zənginliyi nisbətindədir. Millətlərin istiqbalı bu şüurdakı qəlbə sahib olan fədakar nəsillər yetişdirməklə mümkündür. Uşaqlarına laylasında şəhidlik eşqini təlqin edən anaların yetişdirdiyi bir nəsil dininə, dilinə, tarixinə, bayrağına, vətəninə və millətinə, bir sözlə, bütün maddi-mənəvi dəyərlərinə sahib çıxacaqdır.

      • Hits: 350 clicks

      Tecox component by www.teglo.info