Rövşən QƏNİYEV- ÜLVİ MƏKAN

      Share

               Bu gün Bakı şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs məkan hesab olunur. Çünki burada uyuyanlar vətənimizin müstəqilliyi uğrunda öz şirin canlarından keçiblər.

       Onlar fiziki yüksəkliyi olan bu məkanı mənəvi bir zirvə halına gətiriblər. Paytaxtın ən gözəl, ən mənzərəli məkanı onların əbədiyyət məskəni olmuşdur. Bu müqəddəs məkanın da maraqlı bir taleyi var: yüz ildə adını və simasını bir neçə dəfə dəyişmişdir.  

               Tarixən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çənbərlər hazırlanan yer olduğuna görə Çəmbərəkənd  adı verilən bu ərazi, Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən "Şəhidlər xiyabanı"na qədər olan ərazini əhatə etmişdir. Məşhur Çəmbərəkənd qəbiristanlığı da bu ərazidə yerləşirdi. Burada nə vaxt qəbiristanlıq salındığı barədə mənbə azdır. Ancaq dəqiq olan odur ki, bu məkan həmişə Azərbaycanın istiqlalı və azadlığı uğrunda mübarizə aparan müqəddəs adamların müqəddəs məkanı olub. Çəmbərəkənd qəbiristanlığında o vaxt kimlər dəfn olunmuşdu: Əlirza Rasizadə, Səməd bəy MehmandarovCəlil MəmmədquluzadəMidhət MəmmədquluzadəƏbdürrəhim bəy HaqverdiyevHəsən bəy ZərdabiNəcəf bəy VəzirovHüseyn ƏrəblinskiAğa Musa NağıyevSüleyman Sani AxundovCabbar QaryağdıoğluRüstəm Mustafayev kimi Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri. Eləcə də 1918-ci ilin mart qırğınında erməni daşnakları tərəfindən şəhid edilmiş soydaşlarımız.

               Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq altıbucaqlı türbə görünüşündə olan abidə kompleksinin layihəsini hazırlamışdı. Lakin reallaşdırmaq mümkün olmamışdı.

               Azərbaycanın sovet işğalçıları tərəfindən zəbt edilməsindən sonra, milli-tarixi yaddaşın silinməsi təşəbbüsü kimi, bu məkanın adı Dağüstü Park olaraq dəyişdirildi və təyinatının dəyişdirilməsi istiqamətində işlər görülüdü. Nəhayət, qəbiristanlıq və xiyabanın ləğvinin əhali arasında yaradacağı narazılıq nəzərə alınmadan, 1939-cu ildə Sergey Mironoviç Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edildi, yerində istirahət parkı (Kirov parkı) salındı. İmkanı olanlar öz əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürdülər. Burada qalan məzarların üzərində isə mənfur bolşeviklər əyləncə kompleksləri tikdirdilər. Qanlı Yanvar faciəsinə qədər məkan bu istiqamətdə fəaliyyət göstərmişdi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı: Evlər gülləbaran edilir, küçələr dağıdılırdı; məsum körpələrin şirin yuxuları atəş səsləri ilə pozulurdu... 

               Bu məlum gecədə Bakının küçə və prospektlərində neçə-neçə qəhrəman oğul və qızlarımız şəhadət şərbətini içdi. Onlar tariximizin şanlı səhifələrindən birini öz qanları ilə yazırdılar. Xalqımız matəmə büründü. Müstəqilliyimiz uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyətin təşkil etdiyi dəfn komissiyasının adından elmlər doktoru Azər Nəbiyevin Respublika və eləcə də Bakı şəhər rəhbərliyinə müraciəti müsbət cavablanmadıqda, ovaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət edir. İkisi birlikdə Dağüstü parka gələrək, oradakı insanların iştirakı ilə bir sıra yerə baxış keçirirlər. Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri də nəzərə alınaraq, sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilir və dəfn üçün icazə verilir.

               İnsanlar şəhidlərin tabutlarını çiyinlərinə alaraq Dağüstü parka doğru axışdılar; şəhərin ən mənzərəli yerində onları dəfn etmək üçün. Dəfn mərasimi 5 saat çəkir. Yanvarın 22-də dəfn olunan 51 nəfərdən 3-ü 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edilir. Hər üç məzarın üstündə “1918-ci il şəhidləri” sözləri yazılır. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazılacaqdı.

               Beləliklə, Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı tarixi təyinatına qovuşmuş və yenidən Şəhidlər Xiyabanı olmuşdur. Burada 20 Yanvar şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi şəhidləri də dəfn olunmuşdur. 

               Hazırda Şəhidlər xiyabanında əbədi məşəl yanır. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsinin təşəbbüskarı, hələ 1990-cı ildə imperiyanın təzyiqlərindən qorxmadan bu cinayəti törədənlərin adlarını ifşa edən ulu öndər Heydər Əliyev Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında 5 avqust 1998-ci il tarixində sərəncam verir. Abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olur. Bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarət idi. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənmişdir. Bu məşəl canını vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın ruhuna əbədi xatirədir. 

      • Hits: 577 clicks

      Tecox component by www.teglo.info