Eldar KƏRİMOV- ÖZÜ(NÜ) İTİRMƏ!

      Share

      Yaşamaq üçün alınan nəfəsin yenə yaşamaq üçün verilərkən itdiyini, yaşanılan illərin, unudulmağa başladıqca itməyə məruz qaldığını, qocaldıqca insanın gözəlliyini, təravətini, gücünü, ağlını, fikrini itirdiyini iddia edənlər var.

       Yəni insan doğumundan ölümünə qədər bir şeyləri itirməyə davam edir.  Sonda sağlığını itirdiyi üçün bu dünyada yaşama haqqını da itirir.

      Başqa bir iddia isə belədir ki, əslində biz maddi olaraq heç nəyi itirmirik. Sadəcə yaşamağımız üçün sahib olduqlarımız həyatımızda yer dəyişir. Bir qabın dolması üçün digər qabın boşalması və ya bir qələmin mürəkkəbi bitsə də, varlığını əsərində göstərməsi kimi.   

      İtirmək demək itirdiyin şeydən sənə heç bir fayda gələ bilməyəcək deməkdir. Dəyərli bir əşyanızı itirdiyinizi düşünün. Həmin əşyanın tapılmasından tam ümidinizi kəsmisinizsə, deməli, o əşyanı da həyatınızdan çıxartmağa razılaşmısınız. Bir müddət sonra onsuz yaşamağa da alışacaqsınız. Eyni əşyaya ehtiyacınız varsa, yenisini alacaq və həyatınıza qaldığınız yerdən davam edəcəksiniz.

      Bu itirmə hadisəsində sizin qazancınız sahib olduğunuz əşyaların mühafizəsində daha diqqətli olmaq şüuruna yiyələnməyinizdir.  Nəticə etibarı ilə siz bir əşyanın itirilməsi hadisəsi ilə əşyalarınızı daha yaxşı mühafizə etməli olduğunuz şüurunu qazanırsınız.

      Odur ki, insanın həyatda bir şeyləri itirməsi yeni bir şeyləri qazanması deməkdir. Yeni bir şeyi öyrənmək isə əvvəl öyrəndiklərini tamamilə unutmaq demək deyil, əvvəl öyrəndiklərini daha da kamilləşdirməkdir. Uşaqlığını itirməyən gəncliyin, gəncliyini itirməyən isə qocalığın dadını bilməz. Həyat davam etdikcə oğullar atalara, atalar babalara çevrilər... Çox vaxt itirilənlər qədir-qiyməti bilinmədiyi üçün itirilməz; insan yaradılışındakı mexanizmaya uyğun olaraq itirilmə hadisəsi baş verər.  Təbiətdə hər solan çiçək yox olmaq üçün deyil, daha gözəl açmaq üçün solar.

       İnsanın itirdiyi hər şeydə məna yüklü bir mesaj olduğu kimi, onun həyatını olduğundan daha yaxşıya istiqamətləndirən bir üfüq də var. İtirilənlərin ardından alınan bu mesajları düzgün dəyərləndirmək üçün isə insanın bir cövhərə ehtiyacı var.  İnsan bu dünyada hər şeyini itirsə də o cövhəri itirməmək məcburiyyətindədir. Bütün itirilənlərin ayrılığına insan məhz o cövhərin hesabına dözə bilir. İtirilməməsi lazım olan, itirildiyi zaman da bir daha geri qayıtmayan, onu itirdiyi zaman insanın bir daha tapa  bilmədiyi cövhər isə insanın özüdür.     

      Özünü itirən, üzünü, gözünü, sözünü, düzünü də itirər. Kökü məhv olan bir ağac nə qədər böyük və canlı olsa da, ayaqda durmağa çətinlik çəkər. Amma kökü sağlam olarsa, onun qol-budaqlarını nə qədər kəsib doğrasalar da, sağlam kökünün hesabına yenidən daha güclü budaqlara sahib olma şansını davam etdirər.

      Ona görə də hər şeyə sahib olmaq üçün bir şeyə sahib olmaq şərtdir. Əgər o bir şeyə sahib deyilsənsə, əldə etdiyin, qazandığın hər şey nöqsandan pay alacaq.  O bir şey - bir çox dəyərləri özündə birləşdirən özünsən. Sənin özünün özü də özündə var olan insanlığın, şəxsiyyətin, şərəfin, ləyaqətin, iffətin, mərhəmətin və ədalətindir. Sənin özünü təşkil edən bu dəyərlər bütün təhlükələr qarşısında səni mühafizə edər. Onun varlığında dəyişən fəsillər, əsən küləklər sənin vüqarını qıra bilməz. Özünün  sahib olduğu bu dəyərlər yerindən, məkanından, mövqeyindən, vəzifəndən asılı olmayaraq öz dəyərini itirməməsi lazım olan dəyərlərdir. Onlardan birinin yox olması sənin zahirən varlığında belə mənəvi yoxluğundan xəbər verir.

      Bir şeyi də unutmamaq lazımdır ki, maddi bir əşyanın itirilməsi insan həyatında köklü dəyişikliklərə səbəb olmaz.  Özümüzdə var olan mənəvi bir dəyərin itirilməsi isə həyatımızı alt-üst edər. Belə demək mümkündürsə, ömrümüz bir fincana qoyulmuş bir neçə udumluq çaydır. Bu çayın içərisinə atılan şəkər həmin çayın dadını dəyişsə də, rəngini dəyişməz. Çayın miqdarından artıq suyun əlavə edilməsi isə həmin çayın rəngini və mahiyyətini dəyişər. Bizim vəzifəmiz bizə verilən bir fincan çayın dadını dəyişsək də, mahiyyətini dəyişmədən saxlaya bilməkdir.

      Son olaraq, “özü”nüzü itirib uğur qazanmaq üçün yox, özünüzü itirmədən dəyərli olmaq üçün çalışın!..

      • Hits: 318 clicks

      Tecox component by www.teglo.info