Kamran MƏMMƏDOV- AXİRƏTƏ İMAN

      Share

               Ərəb dilində “son olan” mənasına gələn “axirət” kəlməsi “axir” sözünün müənnəs (qadın cinsi) şəklidir. İslam ədəbiyyatında bu söz “o biri dünya” mənasında istifadə edilmişdir. Dünya həyatı canlıların yaşadığı ilkin aləm, axirət isə son aləmdir.

      Ölüm: Ölüm axirətə gedən bir yoldur. Hər canlı bu yoldan keçəcəkdir. Dünya axirət yolçularını daşıyan “sürət qatarı” kimidir. Bu qatarın yolçuları  istər-istəməz bir gün mindikləri qatardan enmək məcburiyyətindədir. Bu yolçular müxtəlifdir. Bəziləri yola hazırlıqlı çıxar ki, bunlar möminlərdir; bəziləri isə hazırlıqsız olarlar ki, bunlar da inanmayanlardır.

      Qəbir: Dünya həyatından sonra, axirət həyatından isə əvvəl başqa həyat da var ki, o da qəbir həyatı və ya “aləmi-bərzəx” deyilən həyatdır. Bərzəx sözünün mənası iki şey arasında olan maneə, ayırıcı sərhəd deməkdir. Bu söz Qurani-Kərimdə Muminun surəsinin 100; Rəhman surəsinin 20 və Furqan surəsinin 53-cü ayələrində “iki şey arasındakı maneə” mənasında işlənmişdir.

      Rağib əl-İsfahani “əl-Müfrədat” adlı əsərində bərzəx barəsində belə deyir: “Bərzəx axirətdə insan ilə yüksək mənzillərə çatması arasındakı maneədir”. Qurandakı “əl-əqabə” sözü də bunu bildirir: “Lakin o, əqabəni (Rəbbi ilə arasındakı maneəni) keçə bilmədi”. (əl-Bələd, 90/11) Ayədə bildirilən maneəni ancaq əməlisalehlər aşa bilər.

      Bərzəxin ölüm ilə qiyamət arasındakı maneə olduğu da deyilir.

      İnsan üçün üç həyat vardır:

      1. Dünya həyatı: Ruhun cəsədlə birlikdə yaşadığı indiki həyat.

      2. Bərzəx həyatı: Bu mərhələdə ruh dünyada ikən içində olduğu cəsəddən ayrılmış; əzab, yaxud da nemət içində müstəqil hala gəlmişdir.

      3. Axirət həyatı: Ruhların cəsədlərə dönmələri ilə meydana gələn son həyat. Görüldüyü kimi, bərzəx həyatı birinci həyat ilə ikinci həyat arasındadır. Dünya həyatı davranışlar, axirət həyatı isə bu davranışların əvəzini görmə mərhələsidir. Bu ikisi arasındakı həyat da gözləməkdən ibarət olan bərzəx həyatıdır.

      Ölüm anında, ruhlar cəsəddən ayrılarkən rəhmət və ya əzab mələkləri vasitəsi ilə onlara hallarına uyğun aqibətləri göstərilir:

      “Mələklər o kafirlərin üzlərinə və arxalarına vura-vura: Dadın cəhənnəm əzabını, - deyərək canlarını alarkən görəydin...” (əl-Ənfal 8/50, əl-Ənam 6/93-94). Bu ayələrdə bildirilən əzab ölüm anında kafir və günahkarlara edilən əzabdır.

      Əhməd ibn Hənbəlin Müsnədində olan rəvayətlərə görə, Hz. Peyğəmbər belə buyurmuşdur: “Mömin qul dünyadan ayrılmaq üzrə axirətə yönəldiyi anda ona səmadan ağ üzlü mələklər enər. Üzləri sanki günəş kimidir. Yanlarında cənnət kəfənlərindən və qoxularından vardır. Onun görə biləcəyi yerə oturarlar. Ölüm mələyi gələr, baş tərəfinə oturar və belə deyər: “Ey gözəl ruh, çıx və Rəbbinin razılığına və bağışlamasına gəl”. O da ağızdan damlayan bir damla kimi çıxar. Kafir qul dünyadan ayrılmaq və axirətə yönəlmək üzrə olunca yanında sərt bir paltar olan qara üzlü bir mələk gələr, onun görə biləcəyi bir yerdə oturub belə deyər: “Ey çirkin ruh, çıx, Rəbbinin hirsinə və qəzəbinə gəl”. Ruh cəsəddən qorxaraq və çətinliklə ayrılar”.

      Ölümdən sonra ikinci həyat olan qəbir həyatı başlayar. Qəbirdə əvvəlcə ruh cəsədlə birlikdə olar, birlikdə əzab və mükafat görərlər. Sonra ruh cəsəddən ayrılar və sərbəst olar. Peyğəmbərimizin (s.ə.s) bildirdiyinə görə: “Qəbir ya cənnət bağçalarından bir bağça, yaxud cəhənnəm çuxurlarından bir çuxurdur”. (Tirmizi, Qiyamə, 26) Ruhun cəsədlə birlikdə qəbirdə əzab və mükafat görməsinin bir bənzəri, bəzən gördüyümüz acı (pis) və ya şirin (yaxşı) yuxulardır. Adam özünü əzab və ya sonsuz nemətlər içində görər. Bunlar ancaq oyanmaqla sona çatar.

      Qəbir həyatı haqqında Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Ölüm mələyi mömin bəndənin ruhunu aldığı zaman mələklər onu göz açıb yumacaq qədər ölüm mələyinin əlində buraxmazlar. Onu götürər, kəfənə qoyarlar. Ondan yer üzündə olan müşk qoxusu kimi bir qoxu çıxar. Onu mələklər arasından keçirərkən: “Bu gözəl ruh kimindir?” deyərlər. Dünyada ikən deyilən ən gözəl adını söyləyərək: “Filan oğlu filanındır” deyərlər. Dünya səmasına çatana qədər yüksəldərlər. Nəhayət, Allah: “Bəndəmi  illiyyunə yazın” buyurar. Bu, cənnətin ən yüksək dərəcəsidir. “Mən onu yer üzündəki cəsədinə qaytaracağam”.

      İki mələk yanına gələr və: “Rəbbin kimdir?” deyərlər. Ruh:

      “Rəbbim Allahdır”, - deyər. Onlar:

      “Dinin nədir?” - deyərlər. Mömin ruh:

      “Dinim İslamdır”, - deyər. Onlar:

      “Bunları necə bildin?” - deyərlər. O da:

      “Allahın kitabını oxudum, ona inandım və təsdiq etdim”, - deyər. Səmadan bir səs gələr:

      “Bəndəm doğru söylədi. Cənnətdə yerini hazırlayın. Onun üçün Cənnətdən bir qapı açacağıq”, -  deyər”. (Əbu Yəla əl-Mavsili, Müsnəd, 4/288, 397; ət-Tərğib vət-Tərhib, 3/369; Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, 2/1229)

      • Hits: 167 clicks

      Tecox component by www.teglo.info