Müşfiq XƏLİLOV- Bu gün Allah üçün nə etdin?

      Share

      Kainatın ən üstün varlığı olaraq yaradılan insanın qarşısında mənalı bir səfər vardır. Bu, insanı dünyadakı inancına və əməllərinə görə cənnətə və ya cəhənnəmə aparan bir səfərdir.

      İnsan bu çətin səfərdə başıboş buraxılmamışdır. Onun alıb verdiyi hər nəfəs, atdığı hər addım, söylədiyi hər kəlmə, bir sözlə, etdiyi hər bir əməl ona şah damarından da yaxın olan Uca Allahın bilgisi daxilindədir. Çünki O: hər yerdə, hər şeyi, hər zaman görəndir.

      İmanın ləzzətini dadan hər bir mömin bütün həyatı boyu – yatarkən, qalxarkən, oturarkən, ibadət edərkən, işləyərkən, hər zaman və hər məkanda onu yaradan Allah tərəfindən görüldüyünü və nəzarətdə olduğunu bilmək məcburiyyətindədir. Bu baxımdan, özünü müsəlman qəbul edən hər bir kəs öz-özünü vaxtaşırı hesaba çəkməlidir: Bugünkü hal və hərəkətlərim məni yaradan Allahı razı saldımı? Qəlbim nə qədər Allahla bərabərdir? Sözlərim və əməllərim Quran və Sünnəyə uyğundurmu? Ömrümü harada və necə keçirirəm? İslam gündəlik həyatımda nə qədər yer alır? İş yerimdə, evdə və ya ticarətdə dinimi nə dərəcədə yaşayıram? Ticarətdə hər axşam haqq-hesab apardığım kimi, “Bu gün Allah üçün nə etdim?” deyərək özümü hesaba çəkirəmmi?

      Hər birimiz gündə dəfələrlə “Lə iləhə illallah – Allahdan başqa heç bir ilah yoxdur”  kəlməsini söyləyir və onu təsdiq edirik. Elə isə gəlin görək bu kəlməni nə dərəcədə dərk edir və onu həyatımızda tətbiq edirik.  Həqiqətən, həyatımızda yalnız bir ilah var, yoxsa ilahlar? Uca Rəbbimiz Qurani-Kərimdə: “Nəfsini - həva və həvəsini özünə ilah edəni gördünmü? (əl-Furqan, 25/43)  buyurur. Yoxsa biz də nəfsimizə uyaraq onu özümüzə ilah etmiş olmayaq?! Heç düşündükmü?! 

      Məsələn, bir ayədə Allah-Təala belə buyurur: “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!”  (əl-Hucurat, 49/10)

      Elə isə gəlin bir düşünək: heç mübahisə edən iki qardaşımızın arasını düzəltməyə çalışırıqmı? Yoxsa “mənə nə, hər kəs öz ayağından asılacaqdır” deyib kənardan seyr edirik? Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin! Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat, 49/12)

      O halda bir düşünək: yaşadığımız bu müddət ərzində sui-zənn etdiyimiz kimsələrdən halallıq aldıqmı? İndiyə qədər qeybətini etdiyimiz qardaşlarımızla halallaşdıqmı?

      Allahın Rəsulu (s.ə.s) dediqodu etməyi, fitnə-fəsad çıxarmağı, zülm etməyi və zülm edən zalımlara yardım etməyi qadağan etmişdir. Bütün bu qadağalardan çəkinirikmi?

      Uca Allah Qurani-Kərimdə: yaxşı və pis – bütün əməllərimizin mələklər tərəfindən yazıldığını  xəbər verməkdədir. Elə isə düşünək; mənim əməl dəftərimdə xeyirli əməllər nə qədərdir və bu əməllərimlə mən cəhənnəmdən qurtulub cənnətə girməyi haqq edirəmmi?

      Bəli, hər bir ağıllı insan Əzrayıl (ə.s) gəlmədən, nəfəslər tükənmədən əvvəl bu və bunun kimi sualları soruşaraq özünü hesaba çəkməli və cavabını hazırlamalıdır.

      Uca Allahın bu qədər sayı-hesabı bilinməyən nemətləri içində üzdüyü halda, Ona qulluq etməyənlər,  Qurana və onun içindəki həqiqətlərə arxa çevirənlər bu haqda düşünməlidir.

      Alınlarında səcdə izi olmayanlar, qəlblərinə İslamın möhrünü vurmayanlar bu haqda düşünməlidir.

      İnsanların haqq və hüquqlarına riayət etməyənlər, halal və haramı bir-birindən ayırmayanlar, haram qazancla övladlarını bəsləyənlər bu haqda düşünməlidir.

      Bəli, imanı, vicdanı və ağlı olan hər kəs düşünməlidir ki, bizə şah damarından daha yaxın olan, Peyğəmbərlər və kitablar vasitəsi ilə həqiqəti göstərən Uca Allahın hüzurunda əməllərimizə görə haqq-hesab verəcəyik. Bu hesabdan qaçmaq mümkün deyildir.

      O zaman  gəlin haqq-hesab gününün hazırlığının elə bu gündən başladığını unutmayaq. Həyatımızı saleh əməllərlə bəzəyək. Allah və qul haqqına riayət edək. Halal və harama diqqət edək. Övladlarımıza Allahın əmr və qadağalarını öyrədək. Onları dini və milli dəyərlərimizlə yetişdirək. Yaşayışımızla onlara yaxşı nümunə olaq. Nəfsin və şeytanın oyuncağı olmayaq.  Qurani-Kərimin ifadə etdiyi bu həqiqəti heç vaxt unutmayaq:

      “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs  sabah  nə  etdiyinə  (axirət  üçün  özünə nə hazırladığına)  nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır”.  (əl-Həşr, 18)

      • Hits: 199 clicks

      Tecox component by www.teglo.info