Ələddin SULTANOV- BİR AYƏ

      Share

      كَانُوا قَلِيلًا مِنَ الَّيْلِ مَا يَهْجَعُونَ ﴿17﴾ وَبِالْاَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ﴿18﴾

      “Onlar gecələr (ibadət edib) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər”. (əz-Zəriyat surəsi, 17-18)

      Bu ayələrdə Allah-Təala əsil möminin necə bir ibadət həyatına sahib olması gərəkdiyinə işarə etmişdir. Ayədə gecə vaxtı onların az yatdıqları və gecənin bir bölümünü ibadətə ayırdıqları ifadə edilməkdədir. Ancaq buradan yola çıxaraq ümumiyyətlə yatmağın tənqid edildiyini söyləyə bilmərik. Sadəcə olaraq burada, Allaha qulluq şüuruna sahib olan və gecə vaxtını ibadət və təfəkkürlə keçirən möminlər təriflənməkdədir. İbn Əbi Şeybədən nəql edildiyinə görə, bu ayələr nazil olduqdan sonra səhabələr bütün gecəni ibadətlə keçirməyə başladılar. Ancaq bəziləri bunu çətinliklə əda edirdilər. Hətta Əbu Zərr (r.a) gecə vaxtı ibadət edərkən əsasına söykənmək məcburiyyətində qalırdı. Səhabələr bu şəkildə iki ay gecə ibadətinə davam etdikdən sonra: “Ondan (Qurandan) sizə asan gələni oxuyun!” (əl-Müzzəmmil, 73/20) ayəsi nazil oldu və gecə ibadətlərini xəfiflətdilər. Bu mövzu ilə bağlı olaraq Əbud-Dərda (r.a) belə demişdir: “Hz. Peyğəmbərdən (s.ə.s) hansı gecə namazının daha fəzilətli olduğunu soruşduğum zaman mənə: “Gecə yarısı qılınan namazdır. Lakin bu namazı çox az insan qılır”, - deyə cavab verdi” (İbn Macə, İqamə, 182).  Eyni zamanda Qurani-Kərimdə məhz Hz. Peyğəmbərə (s.ə.s) fərz olan təhəccüd namazına da işarə edilərək belə buyurulmuşdur: “(Ey Peyğəmbər!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl”. (əl-İsra, 17/79) Bu ayədən də gecə ibadətinin nə qədər mühüm olduğu görülür. Gecə ibadəti və təhəccüd namazı peyğəmbərimizə fərz olmaqla bərabər onun yolundan gedən möminlər üçün də bir sünnədir.

      Digər ayədə isə həqiqi möminlərin gecə vaxtı ibadətdən uzaq qalmamaları ilə yanaşı, səhər namazının vaxtı olan sübh çağında da istiğfar edərək Allahı zikr etdiklərinə işarə edilməkdədir. Fəxrəddin Raziyə görə, bu ayədəki istiğfar etməyin üç mənası vardır: Birinci mənası, möminin zikr edərək: “Əstəğfirullah” (Ey Allahım, məni bağışlamağını istəyirəm!) – deməsidir. İkinci mənası, Namaz qılması və digər ibadətləri etməsidir. Üçüncü mənası isə odur ki, səhər vaxtı gecə mələkləri və gündüz mələkləri bir yerə toplaşarlar. Bu zaman Uca Allah onlara belə deyər: “Mən qulumu bağışladım”. Bir möminin daim etməsi gərəkən bir ibadət olan istiğfarla bağlı Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Tövbə edin! Mən də gündə yüz dəfə Allaha tövbə edirəm”. (Müslim, Zikr, 42) Buna görə də, əgər bir mömin yuxarıdakı ayələrdə işarə olunan: gecə ibadəti dediyimiz təhəccüd namazı və səhər istiğfarı dediyimiz zikrləri əda edərsə, Allah dərgahındakı mükafatının çox böyük olduğuna şübhə yoxdur.

      • Hits: 149 clicks

      Tecox component by www.teglo.info