Home Arxiv 2017 № 132 Noyabr Akif HÜSEYNOV- VAXTAŞIRI HESABAT


    Akif HÜSEYNOV- VAXTAŞIRI HESABAT

      Share

      Allah Rəsulunun mübarək hədislərində belə buyurulur: “Ölmədən əvvəl ölün (Ölüm gəlib çatmadan əvvəl, nəfsani və şəhvani hisslərinizi tərk etmək surəti ilə ölün)”[1] Bu hədisi vaxtaşırı hesabat olaraq anlamaq da olar.

       Belə ki, hər gün öldüyünü və hesaba çəkildiyini səmimi qəlbdən düşünən bir insan özünü hesaba hazırlamağa çalışar. Bu hesab hər gün olarsa, insan qəflət yuxusuna dalaraq məsuliyyətsiz davranmaz. Amma insanın unutqanlığı, onu ölənə qədər imansız qoymağa çalışan düşməni, ən önəmlisi də o hiyləgər düşmənin daxildəki xəfiyyəsi kimi fəaliyyət göstərən və düşməndən də hiyləgər olan nəfsi nəinki ölümü, hətta Allahı belə unutduraraq günaha sövq edər.

      Bir Allah dostunun belə bir sözü var: “İnsan Allah deyərək günah işləməz”. İnsanın günah işləməsi yaradıcısını və hesaba çəkiləcəyini bir anlıq unutması səbəbi ilədir. Həzrət Ömərin (r.a) hər kəs tərəfindən bilinən “Bu gün Allah üçün nə etdin?” kəlamı da özünü gündəlik hesaba çəkmək ifadəsidir. Biz insanların bir çoxu burada yazılanların əksəriyyətini fərqli-fərqli başlıq altında oxumuş və bir çox dini söhbətlərdə eşitmişik. Amma bizim əsas problemimiz yuxarıda qeyd etdiyimiz unutqanlıq və nəfsin tükənməz arzularına aldanmaqdır. Elə bu səbəblədir ki, ilk insan və ilk peyğəmbər olan həzrət Adəm əleyhissalamdan bəri yüz iyirmi dörd və ya digər bir rəvayətə əsasən iki yüz iyirmi dörd min peyğəmbər gəlmişdir. Uca Allahın bu qədər elçi göndərməsinin səbəbi yaratdıqlarını qəflət yuxusundan ayıldıb özlərini hesaba çəkmələrinə köməklik etməkdir ki, cəhənnəm alovundan qorunsunlar. Son peyğəmbər isə bütün insanlığa göndərildi, bundan sonra nə başqa bir peyğəmbər, nə də kitab göndəriləcək. Ona görə də müqəddəs kitabımız Qurani-Kərimin hökmü qiyamətə qədər keçərlidir. Peyğəmbərimiz o qədər mərhəmətli idi ki, kimliyindən asılı olmayaraq heç kəsin imansız olaraq ölməsini arzu etmirdi. Hətta əshabına da vaxtaşırı xəbərdarlıq edərək, sanki travma almış xəstənin oyaq qalmasını istəyən bir həkim kimi, fərqli-fərqli söz və fikirlərlə ümmətinin qəflət yuxusuna getməyinə mane olurdu. Onun bu halını anladan hədislərdən biri belədir:  

      Cabir ibn Abdullahın (r.a) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

      “Mənim və sizin vəziyyətiniz; alov yandırıb, həmin alova həşəratlar və pərvanələr düşməyə başlayan kimi, onlara mane olmağa çalışan insanın halına bənzəyir. Mən sizi atəşdən qorumaq üçün qurşaqlarınızdan tuturam, siz isə mənim əlimdən çıxmağa, atəşə girməyə çalışırsınız”.[2]

         Peyğəmbərimizdən sonra səhabələr və haqq dostları da bu müqəddəs vəzifəni öz üzərinə borc bilərək pərvanələr misalı alova uçuşan cəmiyyətin qurşağından tutmağa çalışsa da, təəssüf ki, əllərindən çıxanlar hədsiz dərəcədə çoxdur.

      Ümmətin günaha meyilliliyi qəlb qatılığına səbəb oldu, ona görə də bir-birinə olan düşkünlüyü və şəfqəti ortadan qalxdı. İstər sosial şəbəkələrə, istərsə də mətbuata baxanda, dünyanın hər yerində qətliamlara məruz qalanların müsəlman olmasına baxmayaraq, günahkar yenə də müsəlman olaraq qələmə verilir. Aldanmalar, radikallıq, fanatiklik və aşırı mövhumat səbəbi ilə müxtəlif qruplara parçalanan müsəlmanlar bir-birinə nəinki şəfqət və mərhəmət edir, hətta düşmən gözü ilə baxır. Elə bu səbəblədir ki, islam düşmənləri dünyanın hər yerində bu qruplaşmaları əsas göstərərək müqəddəs dinimizə dil uzadırlar. Müsəlmanlar da “mənə dəyməyən ilan min yaşasın” məntiqi ilə olanlara göz yumaraq özlərini qorumağa can atırlar.

      Bir Allah dostunun İslam və müsəlmanların bugünkü halını xülasə edən belə bir ifadəsi var: “Dövrümüzdəki İslamı təhrif hərəkətləri “Məzhəblərə nə ehtiyac var?” deyilərək başladı. Ardından müctəhid imamlara və əhlullaha tənqidlər başladı. Daha sonra “Quran bizə yetər!” deyilərək sünneyi-səniyyəni gözdən düşürmə hücumları başladı. Son olaraq da bir neçə əhkam ayələrinə, “Bunlar nazil olduğu zamana aid hökmlərdir!” deyərək, adətən, bu ayələri rəfə qoymaq təşəbbüsləri edildi. Bütün bunlar İslamı xristianlıq kimi mühərrəf din halına gətirmək layihəsinin qərəzli addımlarıdır. Bu gün bu təhrif hərəkətlərinə qarşı oyaq olmaq və meydanı islam təhrifçilərinə tərk etməmək mühüm bir iman məsuliyyətidir”.[3]

       


      [1] Əl- Acluni, Kəşful –Xafa, 2;29.

      [2] Müslim, Fəzail 19; Riqaq 26; Tirmizi

      [3]  Altınoluk jurnalı Sentyabr sayı Osman Nuri Topbaş yazıları.

       

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info