Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb

       

      Azərbaycan prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb.

      Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılan Fondun Nizamnaməsi təsdiq edilib.

      Fərmanda bildirilir ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.

      Nizamnamə kapitalı 100 min manat olan və dövlət büdcəsinin vəsaiti hesabına formalaşan Fondun fəaliyyətinə ümumi nəzarəti beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir. Fondun fəaliyyətinə cari rəhbərliyi onun icraçı direktoru həyata keçirir.

       

      "Pakistan Azərbaycanla dini-mənəvi sahədə əməkdaşlığa hər zaman hazırdır"

       

      Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.

      Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr, xeyriyyə tədbirləri, ölkəmizdə tikilən və bərpa olunan məscidlər, dini abidələr haqqında məlumat verən səfir, İslam dininin mərhəmət, sülh, dostluq və əmin-amanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də mütəmadi olaraq müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

      Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə, eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

      Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir İslam dininin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini, dini işlər sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

       

      Avropanın ən böyük məscidi Strasburqda tikilir

       

      Fransanın Strasburq şəhərində olan və Avropanın ən böyük müsəlman məbədi hesab edilən "Eyyub Sultan" məscidi yenidən tikiləcək. İslam İcması Milli Görüş Təşkilatı (IGMG) tərəfindən 1996-cı ildə tikdirilən və 21 ildir məscid kimi fəaliyyət göstərən məbədin yerində 44 metr hündürlüyündə cüt minarəli və 28 gümbəzli Osmanlı memari üslubuna uyğun yeni tikilinin təməli oktyabrda atılıb.

      Eyni anda 3 min möminin ibadət edə biləcəyi məscidin ərazisində konfrans zalı, məktəb, kitabxana, müəllimlər otağı, yeməkxana və dükanlar olacaq. Bundan başqa, həmin ərazidə 600 yerlik avtomobil dayanacağı və 260 yerlik velosiped dayanacağı olacaq.

       

      Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib

       

      Oktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib.

      Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyində nümayəndə heyəti təmsil edib.

      Müqəddəs Quran qiraəti ilə başlayan tədbirdə Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov dövlət başçısı Şavkat Mirziyayevin konfrans iştirakçılarına müraciətini oxuyub.

      Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

      Konfransın yekununda kommunike qəbul edilib.

      Xxxxxx

      Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda İslam abidələri ilə və məscidlərə tanış olub

       

      “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu ölkədəki İslam abidələri ilə və məscidlərə tanış olub.

       

      Nümayəndə heyətinin üzvləri bu çərçivədə Daşkənddə; “Barak xan” mədrəsəsində, İmam Buxari adına Daşkənd İslam İnstitutunada, Daşkənd İslam Universitetində, Səmərqənddə; İmam Buxari məqbərəsində, Həzrəti Xızır qəbiristanlığında Özbəkistanın birinci Prezidenti İslam Kərimovun dəfn edildiyi kompleksdə, Xoca Daniyar məqbərəsində, Uluqbəy rəsədxanasında, Reqistan meydanında, Qur Əmir məqbərəsində, Buxarada; Bahauddin Naqşibəndi məqbərəsində, Mir Ərəb Mədrəsəsində, İsmayıl Samani məqbərəsində olublar.

       

      Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.

       

      Xatırladaq ki, nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanda səfərdə idi.

       

      Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və digərləri daxildir.

      • Hits: 96 clicks

      Tecox component by www.teglo.info