Home Arxiv 2017 № 131 Oktyabr Əziz SULTANOV- Mərhəmət olmasaydı...


    Əziz SULTANOV- Mərhəmət olmasaydı...

      Share

      Günəş hər gün doğub dünyamızı aydınladır, qaranlıq hər gecə gəlib yorğan kimi üstümüzü örtür. Küləklər vaxtaşırı əsir, bərəkət yüklü buludları gah üstümüzə yığır, gah da dünyanın dörd bir tərəfinə səpələyir.

       Biz isə bir rahatlıq tapanda böyük bir fərəh içində şükür edir (!), bir az çətinliyə düşəndə isə dərhal içimizdə baş qaldıran ümidsizlik və bədbinliklə mübarizə aparmağa başlayırıq.

      Qlobal istiləşmə, yaşıl sahələrin azalması, dənizlərin və digər suların kirlənməsi kimi insan əli ilə meydana gələn ekoloji pozulmalar bizi narahat etsə də, öz yaratdığımız maneələri aşmaq üçün xüsusi yollar da hazırlamışıq: kondisionerlər, su təmizləyici qurğular, süni yaşıllaşdırmalar və s. Nəticədə inkişaf etdirdiyimiz yeni vasitələrlə birtəhər həyatımızı davam etdiririk. Bəs yaxşı, bu dünyada təkcə biz yaşayırıq? Günəşin altında təkcə biz qovruluruq? Yaşıl sahələrdən, təmiz sulardan təkcə biz istifadə edirik?

      Allah Yer kürəsinə həyat bəxş edən qüdrəti ilə elə təcəlli edib ki, dənizin qaranlıq dərinliklərindən ən yüksək dağların zirvəsindəki qar yığınlarına qədər, ağacların qabığının altından insanın dərisindəki qırışlara qədər hər nöqtədə bir canlı, həyat sahibi bir varlıq yerləşmiş, Rəbbinin rəhmət əsərini, görə bilənlərə, nümayiş etdirməkdədir.

      Böyük bir ekosistem, tarazlıq üzrə qurulmuş bir xilqət səltənəti bütün ehtişamı ilə öz çarxlarını döndərir, bir-birini tamamlayaraq, nizamla dəstəkləyərək ayaqda durur. Hər bir canlının öz qidası, öz həyat sahəsi var. Bütün canlılar eyni qida ilə qidalansaydı, yer üzündə qida mənbələri çoxdan tükənmiş, həyat bitmiş olardı. Onların hər birinə ayrı-ayrılıqda xüsusiyyətlər bəxş edən və rəhmətini heç birindən əsirgəməyən Rəbbimizin mərhəməti necə də böyükdür!..

      Bu böyük həyat sisteminin içinə bizi də əlavə edən Rəbbimiz insanı “yer üzünün xəlifəsi” olaraq göndərdi. Görəsən, hazırda “yer üzünün xəlifəsi” onu buraya göndərən Rəbbinin əmrlərini nə dərəcədə təsdiq və təmsil edir? Əmanət olaraq onun ixtiyarına verilən yer kürəsindəki nizamı qorumaq üçün nə dərəcədə səy göstərib əmək sərf edir?

      İnsan bəzən öz əməllərinə, törətdiyi cinayətlərə və batdığı günahlara baxaraq fikirləşir: Niyə məni heç bir qüvvə durdurmur? Əgər mənim qarşımı heç kim kəsə bilmirsə, ən güclü mənəm! Ən güclü mənəmsə, deməli, hər istədiyimi edə bilərəm!

      Bu xəstə düşüncələr insanı “ilahlıq iddiası” daxil bir çox fəsadlara düçar edir. O zaman səbəb olduğu fəsadları görməməyə başlayır və bu pozulmanı təbii bir seyr kimi qiymətləndirir. Hətta sahib çıxdığı bir-iki küçə pişiyi, quru çörək verdiyi bir-iki yiyəsiz it, yaxud yem tökdüyü bir-iki köçəri quş onun üçün böyük bir fədakarlıq nümunəsi kimi görünür. Halbuki zövq və lüks üçün ovlanmalar, meşə yanğınları, qazıntılar, yol çəkmələr, kütləvi qırğın silahı sınaqları və s. kimi fəaliyyətləri nəticəsində məhv etdiyi, ac qoyduğu canlıları hesaba qatsa, nə dərəcədə dəhşətli bir zülmə imza atdığı ortaya çıxar.

      İnsanın şükrü və haqq etdiyi nemətlər tərəziyə qoyulsa, bəlkə də, bir damcı yağışı belə haqq etmir. Amma insan qədər güclü olmayan minlərlə canlı var. İnsan layiqli şəkildə şükrünü etməsə belə, onlar hələ də öz vəzifələrini xəlq edildikləri məqsəd üzrə davam etdirirlər. Özünü “yer üzünün ağası” zənn edən insan da onlara bəxş edilən nemətlərdən, fərqində olmadan, istifadə etməyə davam edir. Bu həqiqət hədis kitablarında belə ifadə edilir:

      Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

      “Beli bükülmüş qocalar, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, bəlalar sel kimi üstünüzə tökülərdi”.

      Bu mərhəmət olmasaydı halımız necə olardı?! Bəlalar üstümüzə sel kimi gəlmir, çox şükür, amma bu o demək deyil ki, törətdiyimiz fəsadlar tamamilə təsirsiz qalır. Sel kimi olmasa da, yavaş-yavaş bu ekosistemi dəyişməyə, öz əlimizlə oturduğumuz budağı kəsməyə davam edirik. Quranın ifadəsi ilə:

      “İnsanların əlləri ilə törətdikləri səbəbi ilə quruda və dənizdə fəsad meydana gəldi”. (Rum, 30/41)

      Törətdiyimiz günahlar fəsad qaynağı; çarəsizlərə şəfqət və mərhəmət isə bu fəsadı önləmə səbəbi ikən biz şəfqət və mərhəməti nə dərəcədə ətrafımıza yayırıq?

      Bir ana ceyran və balasını incitməmək üçün bütün ordunun istiqamətini dəyişən Peyğəmbərin ümməti olaraq, susuzluq səbəbi ilə taqəti kəsilmiş bir köpəyə su verdiyi üçün bir günahkarın bütün günahlarını əfv edən Rəbbimizin kəlamına iman etmiş kimsələr olaraq o rəhmət dəryasına nə dərəcədə can atırıq?!..

      • Hits: 46 clicks

      Tecox component by www.teglo.info